Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-17 14:53:25
“Müəllimlər yüksək maaş alırlar, bu repetitorlar isə Allahlarını itiriblər” – Milli qəhrəman olan direktorun təhsil resepti

“I sinif şagirdinin belinə 5 kitab  yükləyirlər. Artıq bütün uşaqların onurğası əyri bitib. Valideyn hər gün  məktəbə çanta gətirməsə, qamətləri əyri qalacaq. Nə bir əsgərimiz olacaq, nə də yaxşı mütəxəssisimiz!”

AzEdu.az “Təhsil resepti” rubrikası çərçivəsində məşhurların Azərbaycan təhsili ilə bağlı fikirlərini yayımlamaqda davam edir.

Budəfəki  həmsöhbətimiz isə Azərbaycanın Milli Qəhrəmanı,  Goranboy  şəhər Asif Məmmədov adına 3 saylı tam orta məktəbin direktoru Məhəmməd Həsənovdur.

Dosye:

1959-cu ildə Goranboy rayonunun Qarasüleymanlı kəndində anadan olub. 1966-1976-cı illərdə buradakı 3 saylı məktəbdə təhsil alıb. Hərbi xidməti başa vurduqdan sonra 1980-ci ildə Kiyev Radioelektronika Texnikumuna qəbul olub. 1987-ci ildə Vətənə qayıdıb və təhsil aldığı 3 saylı məktəbdə  Hərbi hazırlıq fənnindən  dərs deyib.

Qarabağ müharibəsi zamanı könüllülərdən ibarət dəstəyə komandir təyin olunub. 1993-cü ildə Baki Ali Komandirlər Məktəbini bitirən Məhəmməd Həsənov polkovnik-leytenant rütbəsinəcən yüksəlib. Hazırda bir vaxtlar şagirdi olduğu 3 saylı tam orta məktəbin direktorudur.

“Məktəblərdə bir dənə də hərbi vəsait yoxdur. Şagird  “Koloşnikov” avtomat silahının adını eşitsə də, özünü görmür”.

Rubrika çərçivəsində Azərbaycan orta məktəb sistemində yeniliklərə ehtiyac olan məqamları dilə gətirən Milli Qəhrəman qəribə də olsa, dərsliklərin çox olmasından gileylənib. Qəribə də olsa, bəzi fənlər üzrə ümumiyyətlə, dərsliyə ehtiyac görmədiyini bildirib:

“Bu dəqiqə hamı kurikuluma görə başını itirib. Uşaqlara o qədər çətindir ki… Keçirilənləri dərk edə bilmirlər.

I sinif şagirdinin belinə 5 kitab  yükləyirlər. Artıq bütün uşaqların onurğası əyri bitib. Valideyn  hər gün  məktəbə çanta gətirməsə, qamətləri əyri qalacaq. Nə bir əsgərimiz olacaq, nə də yaxşı mütəxəssisimiz!

Əvvəl Əmək təlimi dərsi var idi. İndi adını dəyişib “Texnologiya” qoyublar. Hətta onun belə kitabı var. Axı, Texnologiya fənnindən kitab uşağın nəyinə lazımdır? Nəğmə dərsindən ötrü şagird belində kitab gətirir. Onun nəyinə lazımdır ki, uvertüraları kim yazıb?!  Uşağa lazım olan əsas fənlərdir.

Nəğmə, Texnologiyaya ayrılan 1 saat dərs Riyaziyyat, Ana dili, Tarix kimi fənlərə verilsin. Uşaqların qaməti düz olsun”.

Direktor təklif edir ki, şagird üçün o qədər də mühüm olmayan dərslərin saatları Fiziki tərbiyə fənni üçün ayrılsın. Şagird bu dərsdə normativlərə əməl etsə, qaməti də düzələr. Bundan əlavə, yuxarı siniflərdə hərbi dərslərin saatları artırılmalıdır.

Onu narahat edən digər məqam isə məktəblərdə hərbi vəsaitlərin yoxluğudur:

 

“Məktəblərdə bir dənə də hərbi vəsait yoxdur. Şagird avtomatın adını eşitsə də, özünü görmür. Axı, bu, şifahi şəkildə mümkün deyil. Mənim  Hərbi hazırlıqdan dərs dediyim müəllimlər indi bu məktəbdə çalışırlar. Onlara praktiki sual verəndə cavabını əzbər deyirlər. Çünki onlar bununla təcrübi olaraq tanışdırlar. Bilirlər ki, filan silah nədən ibarətdir, onu necə istifadə  etmək olar və s. Bu vəsaitləri şagirdlərə əyani göstərmək lazımdır.

Ümumiyyətlə, bizdə hərbini təmiz məhv ediblər.

Mən indiki Aqrar Universitetdə dərs demişəm. Ovaxtkı tələbələrim indi mayor, polkovnik –leytenant  rütbələrindəndirlər,  “zampalitdirlər” ( şəxsi heyətin mənəvi-psixoloji təminatına cavabdeh olan zabit). Onlara bu dərsləri birbəbir praktiki keçərək göstərmişdi.  İndi universitetlərdə bu yoxdur. Tələbələr  də heç nə bilmirlər”.

Şagirdləri intellektuallıqdan uzaq salan oxu tərzi…

Milli Qəhrəman orta məktəblərdə vətənpərvərlik mövzularına nə dərəcədə yer verilməsindən də danışıb:

“İbtidai sinifdən vətənpərvərliyə az miqdarda yer ayrılır. Bu ruh, əsasən, Tarix dərsliklərində çoxdur.

Vətənpərvərliyi özümüz keçirik. Mən Milli Qəhrəmanam, hazırda  təşkilatçı işlər üzrə müavinim o vaxt yanımda qərargah rəisi idi. Məktəbdəki  Hərbi hazırlıq müəllimi də vaxtilə mənim əsgərim olub.  Birlikdə şagirdlərlə vətənpərvərlik mövzusunda söhbətlər aparırıq. Vətənpərvərlik çoxdur, amma uşaqların proqramı, oxuma tərzi onları intellektuallığa apara bilmir”.

“Bir fənnə görə 70-100 manat pul alan repetitorlar var. Belə şey olar? Allahlarını itiriblər!”

Direktor məktəb şagirdlərinin kütləvi surətdə repetitorlara üz tutmasından narahatdır. O, şagirdlərin məktəbə qaytarılması üçün önəmli təklif irəli sürüb:

“Yuxarı siniflər günortadan sonra repetitorların yanına o qədər qaçırlar ki, heç  nəyə vaxtları olmur. Çünki orta məktəbdə keçirilən dərslə repetitorunku uyğun gəlmir. Şagird onlara müraciət etməyə məcburdur. Keçən il bizim məktəbi elə  sıxışdırmışdılar ki, yenə də universitetə qəbul olunanlar arasında rayon üzrə I yerə çıxdıq.

Şagirdin biliyi repetitordan deyil, məktəbdə öz müəllimindən alması üçün ona orta təhsil müəssisəsində  günortadan sonra əlavə dərslər verilməlidir. Yaxşı olardı ki, hər fənn üzrə həftədə 2 saat əlavə hazırlıqlar keçirilsin. Hazırlığı keçən müəllimlərin maaşı isə dövlət tərəfindən verilsin. Şagird o dərsləri öz müəllimindən alsa, repetitora müraciət etməz. Bu gün bir fənnə görə 70-100 manat pul alan repetitorlar var. Belə şey olar? Allahlarını itiriblər!”

Təhsildən yayınma məsələsinə gəldikdə isə direktor bildirib ki, yalnız öz məktəbinə cavabdehdir və burada təhsildən yayınma halları yoxdur. Bütün neqativlər isə valideyn iclaslarında müzakirə olunur:

“Valideyn iclasları normal  keçir. Amma  meşə çaqqalsız olmur. Hər məktəbdə özünü apara bilməyən uşaqlar var. İclaslarda onları valideynləri ilə birlikdə yola gətiririk. Çalışırıq, görək axırı necə olacaq”.

Məktəbin Goranboydakı yeganə rusdilli orta təhsil müəssisəsi olduğunu deyən Məhəmməd müəllim bildirib ki, təhsil almaq üçün bütün kəndlərdən şagirdlər bura üz tuturlar. Azərbaycanlı şagirdin rus məktəbində təhsil alması ilə nələri qazanıb nələri itirməsi məsələsinə gəldikdə isə direktor başqa mövqe tutub. Onun sözlərinə görə, burada şagirdin öz dilini öyrənməsi də mütləqdir:

“Rus məktəbi şagirdə qazandırmır. Bu məktəbdə Azərbaycan dili də ana dili kimi tədris olunur. Əsas xarici dil ingilis dili, ikinci dil isə fransızcadır. İstəyirik ki, şagirdlərimiz 4 dil bilsin.

Rusca bilmədən bu məktəbə gəlib çətinlik çəkənlər də olur. Belə şagirdləri I sinfə hazırlığa qəbul edirik. Hazırlıqdan sonra məktəbə götürmək üçün imtahan keçiririk. Şagird cavab verə bilməsə, valideyni başa salırıq ki, bu uşağı kor etmək olmaz. O, rus dilini qavramır. Qoy, Azərbaycan məktəbində elə öz dilimizdə də oxusun”.

“Rusdilli şagird burada Azərbaycan dilini öyrənmədən  məktəbi bitirə də bilmir”.

Onun sözlərinə görə, rus və Azərbaycan məktəblərinin idarəçiliyində heç bir fərq yoxdur. Kənd şagirdlərinin hansı səbəbdən rus məktəbinə üz tutmasını isə direktor belə cavablandırıb:

“Prezident 2010-cu ildə bu məktəbin açılışında bir Milli Qəhrəman kimi mənimlə söhbət etdi. O vaxt məktəbdə 302 şagird vardı. İndi isə bu say 400-ə yaxındır. Prezident soruşdu ki, nə yaxşı rus məktəbinə bu qədər adam gəlir. Eynilə bu məsələni onda da izah etdim. Bəziləri Rusiya, Ukraynada yaşayır, sonradan bura köçürlər. Buna görə də övladlarını bu məktəbə qoyurlar. Amma bunun da bir özəlliyi var. Bu adam 8 il Rusiyada yaşasa da, burada Azərbaycan dilini öyrənmədən  məktəbi bitirə də bilmir. Çünki sonda dövlət dilindən imtahan verir. Beləcə o öz dilini də bildiyini sübut etmiş olur”.

Milli Qəhrəman orta məktəb dərsliklərinin şagirdin uğur qazanmasına nə dərəcədə təsir etməsindən danışıb:

“Dərsliklərdəki dəyişikliklərin nə dərəcədə uğurlu olması onda nəzərə çarpacaq ki, şagirdin topladığı 300 bal sırf məktəbin hesabına olacaq. Göstəricilər yaxşı olsa, deməli burada dərs keçilib. Repetitorun yanına gedib 400 bal toplasa da, bu, məktəbin uğuru deyil. Məktəbin göstəricisini əsas götürsələr yaxşı olar. Onda bilinəcək ki, bu uşaqlar dərsə gəlir.

Məktəbin səviyyəsini qaldıran da, endirən də müəllimdir. Valideyn və uşaqdan da çox şey asılıdır. Şagirdlərə həmişə nəzarət etmək üçün valideyn-məktəb sistemi düzgün qurulmalıdır. Bəlkə müəllim şagirdi buraxır özü də çıxıb gedir? Bunlara nəzarət etmək lazımdır”.

Müəllimlərin maddi təminat məsələsinə gəldikdə isə direktor bildirib ki, bir qadının 400 manat maaş alması belə böyük şeydir:

“Müəllimlərin hansısa ciddi çətinliyini görmürəm. Onlar yüksək səviyyədə maaş alırlar. Çox dərsi olanın əməkhaqqısı çox, az dərsi olanınkı isə azdır. Bu da təbii ki, saatlardan asılıdır. Məsələn, kimya məktəb üzrə 9 saatdır. Amma 17-19 saat dərsi olan müəllimlər var. Bir stavka  dərs və sinif rəhbərliyi ilə maaş 500 manata çıxır. Bir qadının 400 manat maaş alması belə böyük şeydir”.

“Heç gənc kadr var? Elə gözləyirik ki, görək hansı turla kim gələcək...”

“Balları o qədər qaldırıblar ki, məktəbə qəbul oluna bilmirlər.44 bal toplayıb III, IV turdan gəlirlər. Fransız dili müəllimimiz bir həftədir ki, gəlib. Bu səbəbdən 15-20 gün şagirdlərə bu fənn keçirilməyib. Elə gözləyirik ki, görək hansı turla kim gələcək.

Fziika müəllimi onsuz da dünya fiziklərinin kəşflərini keçir. Onlara ədəbiyyatdan deyil, Azərbaycan tarixindən suallar vermək lazımdır. Azərbaycanımızın müstəqilliyindən başlayaraq ta indiyə kimi… Qədim dünya tarixindən ona sual veriləndə əlbəttə, bilməyəcəklər. Çünki bu adam fizikdir”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları