Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-27 12:22:00
Məzunların iş problemi: “Kimisə diplom ilə işə götürmürlər”

İl ərzində universitetlərə 10 minlərlə tələbə qəbul olsa da,statistika onu deməyə əsas verir ki, onların bir qismi öz sahəsi üzrə işləyə bilmir. İş yerləri təcrübəli işçi axtarır, məzunlar isə iş. Nəticədə isə onların bir çoxu öz sahəsi üzrə fəaliyyət göstərə bilmir.

 

İşaxtaranlarla, işəgötürənlər arasındakı təzadı necə aradan qaldırmaq olar? Məzunlar öz ixtisasları üzrə işləyə bilsin deyə hansı addımlar atılmalıdır?

 

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi, təhsil eksperti  İlqar Orucov mövzu ilə bağlı fikirlərini AzEdu.az-a bölüşüb.

 

İ.Orucov bildirib ki, dövlət qurumlarında, xüsusən də dövlət qulluğunda təcrübə tələbi yoxdur: "Diplom ali təhsil haqqında sənəddir, lakin özəl sektorda işə qəbul zamanı təcrübə tələbinin qoyulması, anlaşılan haldır. Əslində təcrübə dedikdə mütləq şəkildə iş təcrübəsi nəzərdə tutulmur. Sadəcə peşəkar, xüsusi bacarıqların olması, dil və İT sahəsində biliklər və s. bu da işçi üçün lazımi xüsusiyyətlərdir. Dünyanın hər yerində bu tələblər var. Kimisə diplom təqdim etməklə işə götürmürlər. Düzdür, əmək bazarının tələbləri dəyişkən və kifayət qədər sərtdir. Hətta özəl qurumların bir çoxunda işə götürmə zamanı işçini müəyyən imtahanlardan keçirirlər".

 

Ekspert bildirib ki, təhsilin mahiyyətində əmək bazarının tələblərinə uyğun savadlı məzunlar hazırlamaq durur: "Amma bu o demək deyil ki, universitetdə sadalanan bacarıqların hər biri təmin ediləcək. "Ömür boyu təhsil" anlayışına əsaslanaraq deyə bilərik ki, hər bir tələbə universitet biliklərinin işə qəbul üçün yetərli olmadığını anlamalıdır. “Ali məktəbə gedib-gəlməklə iş əldə edəcəm” yanaşması düzgün deyil. Tələbə mütləq əmək bazarının tələblərimi izləməli, onlara bələd olmalı və bu tələblərin ödənməsi üçün öz üzərində işləməlidir. Bu səbəbdən də öz-özünü inkişaf etdirməlidir. Yumşaq bacarıqları, xarici dilləri, ixtisasla bağlı əlavə bilikləri əldə etmək üçün səy göstərməlidir. Bu səbəbdən də düşünürəm ki, işə götürənlərin tələbləri olmağı normal haldır. Bir çox gənc məzun universiteti bitirdiyi ildən etibarən iş tapırlar. Çünki onların xüsusi bacarığı, savadı var. Bu savad universtietdə əldə etdiklərindəm əlavə öz səyləri nəticəsində əldə edilib".

 

“Universitetlər məzunlarla maraqlanmırlar” deyə İlqar Orucov bildirib: "Ali təhsil müəssisələri işə götürənlərlə daim təmasda olmalıdır. Universitetlər onların tələblərini bilir buna görə də onları təhsil alanlarla da bölüşməlidir. Universitetlərin üzərinə bu sahədə böyük öhdəlik düşür. Təəssüf ki, ali məktəblərdə bu sahədə böyük çatışmazlıqlar var. Tələbəyə “ödənişi etdi, bəlli bir dönəmdə proqramı bitirdi və məzun oldu” gözüylə baxmaq düzgün yanaşma deyil. Ali təhsil müəssisələri bu mövzu üzərində mütləq çalışmalı, əmək bazarları ilə mütəmadi əlaqədə olmalıdır. Təkcə ixtisas biliklərini deyil, eyni zamanda yumşaq bacarıqları, peşəkar vərdişləri öyrətməlidirlər. Universitetin verdiyi biliyin həyatda yetərli olmadığını və bunun üçün də özlərinin öyrənməyini öyrətməlidirlər. Bütün bu işlər tələbələr məzun olmadan öncə edilməlidir".