Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-24 15:36:00
Kəlbəcərli “Örnək müəllim”lər AzEdu.az-a danışdı: “Artıq o gün bu gündür”

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib.

 

Sərəncama əsasən hər il 25 noyabr Kəlbəcər şəhəri günü kimi qeyd ediləcək.

 

AzEdu.az-a danışan Kəlbəcərli “Örnək müəllim”lər dünyaya gəldikləri doğma torpaqları ilə bağlı xoş təəssüratlarını və xatirələrini bölüşüb.

 

Əslən Kəlbəcərdən olan 126 nömrəli tam orta məktəbin İngilis dili müəllimi Əntiqə Hüseynova yenidən doğma yurduna qayıtmaq, fəaliyyətini orada davam etmək istədiyini söyləyib:

 

“O vaxt Kəlbəcərin ucqar bir kəndində təyinatla müəllim kimi fəaliyyət göstərirdim. Daha sonra torpaqların işğalı ilə əlaqədar köçkün həyatı yaşamağa başladıq. Bu dövrdə keçirdiyim hisləri ifadə etməkdə çətinlik çəkirəm. Çünki həmin hadisələr tab gətirə bilməyəcəyim qədər çox ağır idi. Atam, anam bir sözlə ailəmlə bir yerdə köçkün düşdük. Ömrümüzün ən gözəl, ən təravətli dövründə bunu yaşamaq, bizə çox böyük zərbə oldu. Xatırlayıram ki, həmin vaxt 34 yaşım və 2 övladım var idi.

 

Kəlbəcər dağlıq ərazidə yerləşir. Ancaq dağlıq olsa da, füsunkar təbiətə malikdir. İnsanları da çox qonaqvərpərdir. Düşünürəm ki, bir Kəlbəcərlinin qapısına gedən, peşman qayıtmaz. Ən böyük arzum Kəlbəcərdə müəllimlik fəaliyyətimə davam etməkdir”.

 

Şagirdlərə deyirəm ki, biz anamızı necə seviriksə, vətənimizi də elə sevməliyik”.

 Açıklama yok.

“Dərs dediyim şagirdlər üçün əlimdən gəlini edirəm ki, vətənimiz və gələcəyimiz üçün faydalı olsunlar. Əlbəttə ki, Vətən və ana ayrılmaz anlayışlardır. Onlara hər zaman söyləyirəm ki, anamızı necə seviriksə, eyni qaydada vətənimizi sevməliyik”.

 

Müsahibimiz işğal altında olan torpaqlarımızın azad olunduğu xəbərini eşidəndə, keçirdiyi hislərdən söz açıb:

 

“Torpaqlarımızın işğaldan azad edildiyini eşitdiyimiz an keçirdiyimiz hisləri sözlə ifadə etmək mümkün olmaz. Günlərlə biz bu sevincin təsirindən çıxa bilmədik. Nəinki Kəlbəcər, hər bir qarış torpağımızın işğaldan azad olunduğunu eşidən zaman böyük sevinc, qürur hissi yaşadıq. O sevinc hissini təsəvvür etmək qeyri-mümkündür.

 

O günlərdən sonra artıq 3 qat böyük həvəslə fəaliyyətimi davam etdirməyə başladım. Bu mənə böyük stimul, əzm verdi. Şagirdlərə hər zaman söyləyirəm ki, bizim 1 düşmənimiz var- erməni. Özümüz isə hər zaman bir-birmizi sevib əl-ələ olmalıyıq. Çox şükür ki, igid oğullarımız sayəsində Azərbaycan qalib gəldi. Biz müəllimlər də Azərbaycançılığın qorunması naminə bir növ dövlətimizin əsgəriyik”.  

 

28 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Rəşad Hümbətov söyləyib ki, Kəlbəcəri tərk edəndə 5 yaşı olsa da, olanları dünənki kimi xatırlayır:

 Açıklama yok.

“Müharibədən bir müddət əvvəl ermənilərin helekopteri Kəlbəcər tərəfə keçdi. Atam həmin illərdə qızıl mədəndə işləyirdi. Evimizin ətrafı düşmən tərəfindən bombalanmışdı. Yadımdadır ki, bacım və mən qəlpələrlə oynamaq istədik, lakin atam təhlükəli olduğu üçün icazə vermədi.

 

Kəlbəcərdən çıxdığımız günü də xatırlayıram. Evimiz kəndin yuxarı hissəsində yerləşdiyi üçün həyətimizdən baxanda hər yanı görə bilirdik. Hər kəs yığışıb, kənddən köçürdü. Atam bizi getməyə qoymadı. Elə bilirdi ki, gedənlər yenidən qayıdacaq. Lakin bir vaxt sonra kəndimizdə adam qalmamışdı. Ondan sonra Kəlbəcərdən köçməli olduq. Yadımdadır ki, qış ayları idi. Anam yorğan-döşək və bir qazan yağ götürmüşdü. Çörək tapdığımız zaman həmin yağı çörəyə yaxıb, yeyirdik. Getdiyimiz böyük bir maşın idi. Yolda bir neçə dəfə sürüşmə yaşanmışdı. Saysız çətinliklərlə Gəncəyə, daha sonra Goranboya getdik”.

 

Müəllim qeyd edib ki, 44 günlük müharibənin canlı şahidi olub:

 

“Hər dəfə dərslərimizdə Qarabağın işğal olduğu müddətdən danışanda  “inşallah gün o gün olsun ki, torpaqlarımza qayıdaq” ifadəsini könülsüz işlədirdim. Çünki 30 il az müddət deyildi. Artıq torpaqlarımıza geri qayıdacağına dair ümidim yavaş-yavaş azalmışdı. Hətta bəzən bu ifadəni şagirdlər şablon kimi qəbul edirdilər.

 

Artıq o gün bu gündür. Torpaqlarımız işğaldan azad olundu. Bu gün şagirdlərimizə danışacağımız sözlər çoxdur. Onlara çox rahatlıqla vətənpərvər xalqın nümayəndəsi olduğumuzu deyirəm. Şagirdlərə məğlub deyil, qalib ölkə olduğumuzu dilə gətirməyin ayrı bir yeri var. Hətta onu da deyim ki, 44 günlük müharibə dövründə bir neçə şagirdim döyüşüb, şəhidlik zirvəsinə ucalıb.

 

Hazırda mən Goranboyda, cəbhə bölgəsində yaşayırıq. Burada gedən müharibələrin canlı şahidi olmuşam. Hətta dəfələrlə əsgərlərimizə isti geyimlər aparırdıq. Bütün hadisələr gözlərimin önündə baş verirdi. Torpaqlarımızın işğaldan azad olunduğunu eşidən zaman keçirdiyim hisləri ifadə etməkdə çətinlik çəkirəm. Həmin vaxt hamımız bir nəfər kimi Cənab Prezident İlham Əliyevin “Twitter” hesabından paylaşdığı xəbərləri gözləyirdik. Kəlbəcərin işğaldan azad olunması xəbərini gecə eşitdim. Həmin gecə oyandım və oyanan kimi qələbə xəbərini qeyd edən insanlara qoşuldum. Hətta sevincimdən oynayırdım və bu anları şagirdlərim telefonla çəkmişdi. Bu günümüzə çox şükür ki, torpaqlarımız işğaldan azad olundu. Xalqımıza həqiqətən də qələbə yaraşır. Bu qələbəyə biz çoxdan layiq idik".

 

Həmsöhbətimiz gələn ilin 25 noyabr tarixini elə Kəlbəcərdə qeyd etməyi arzulayıb:

 

"Müəllim kimi fəaliyyətimi Kəlbəcərdə davam etmək istəyirəm. Burada böyük bir məktəbin tikilməsini istərdim. Daha çox şagirdə təhsil verib, onları vətənpərvər ruhda yetişdirmək, mənim ən böyük arzularımdan biridir.

 

Hazırda Kəlbəcərdə böyük abadlıq-quruculuq işləri gedir. Düşünürəm ki, gələcək üçün Kəlbəcər turizm mərkəzlərindən biri olacaq. Yurdumun təbiətinə heç bir rayonda rast gəlməmişəm. Kəlbəcərin hər daşı bir bulaqdır. Təbiəti, havası çox gözəldir. Qismət olsa, gələn il noyabrın 25-ni Kəlbəcərdə qeyd edəcəyik”.