Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-10 17:00:00
"Zəfərin uşaqları" adlı tədbir keçirilib

Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyi 44 günlük müharibədə qazanılan zəfərin üçüncü ildönümü münasibətilə “Zəfərin uşaqları” adlı bayram tədbiri təşkil edib.

 

Birlikdən AzEdu.az-a verilən məlumata görə, tədbir çərçivəsində şəhid ailələri ilə birlikdə Qubaya səfər edilib və "Quba Arena Hotel"də Zəfər Günü qeyd edilib.

 

Tədbir iştirakçıları əvvəlcə şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edib və Dövlət Himni səsləndirilib. Mərasimi açıq elan edən Birliyin sədri Sevinc Fədai üçüncü ildönümün ərazi bütövlüyümüzün tam bərpası ilə əlamətdar olduğunu və artıq qələbəmizi daha böyük qürur və sevinc hissi ilə qeyd etdiyimizi vurğulayıb.

 

Tədbirdə Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, yazıçı Qan Turalı, “TourAgentTravel”in direktoru Şəbnəm Əlizadə və şəhid xanımı Gülşən İmanzadə çıxış edərək 44 günlük Vətən müharibəsini, qazanılan zəfəri xalqımızın yenidən doğuluşu kimi dəyərləndirib, bu qələbə üçün şəhid və qazilərimizə, əsgərlərimizə bir ömür minnətdar olduqlarını bildiriblər.

 

Daha sonra şəhid qəhrəmanlarımızın adlarını əbədiləşdirmək üçün hazırlanan xatirə hədiyyələri ailələrinə təqdim edilib. Tədbir nahar fasiləsi, şəhid övladları üçün təşkil edilən əyləncə proqamı ilə davam edib. Sonda Birliyin komandası və şəhid ailələri birlikdə yallı gedərək birlik nümayiş etdiriblər.

 

Qeyd edək ki, Birlik “Zəfərin uşaqları” tədbirini “Unibank”ın sponsorluğu, “TourAgentTravel”in və Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin təşkilati dəstəyi ilə həyata keçirib.