Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-10 09:18:00
Sülh və İnkişaf Naminə Dünya Elm Günüdür

Hər il noyabrın 10-da Sülh və İnkişaf Naminə Dünya Elm Günü qeyd olunur. Bu əlamətdar gün 2001-ci ildə UNESCO-nun Baş Konfransında təsis edilib. Məqsəd elmin cəmiyyətdəki rolunu və geniş ictimaiyyətin elmi məsələlərin müzakirəsində iştirakının vacibliyini, eyni zamanda, elmin gündəlik həyatda əhəmiyyətini və aktuallığını vurğulamaq, vətəndaşların elm sahəsindəki inkişafdan məlumatlı olmasını təmin etməkdir. Bununla yanaşı, insanların planetimiz haqqında anlayışını genişləndirmək və dayanıqlı inkişafda alimlərin rolunu vurğulamaqdır.

 

AzEdu.az xəbər verir ki,  Sülh və İnkişaf Naminə Dünya Elm Gününün builki mövzusu elmə inam yaratmaq devizi altında keçirilir.

 

Dünya elminə böyük töhfələr bəxş edən dövlətlər sırasında olan Azərbaycan elm və təhsil sahəsində mühüm nailiyyətlər qazanıb. Ölkəmizdə elmi fəaliyyətlə bağlı qanunvericilik bazası bu sahənin inkişafına geniş imkanlar yaradır. Bu baxımdan “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya” və bunun həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı, 2016-cı ildə qəbul edilmiş “Elm haqqında” Azərbaycan Respublikasının Qanunu, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” və digər proqram və strategiyalar nümunə göstərilə bilər.

 

Xatırladaq ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2022-ci il 28 iyul tarixli Fərmanı yeni islahatlara yol açıb. Bu Fərman elmimizin idarəedilməsinin təşkilinin səmərəli qurulmasına geniş imkanlar yaradır.

 

Dövlətimizin başçısının 2022-ci il 15 oktyabr tarixli Fərmanı ilə “Azərbaycan Elm Fondu” publik hüquqi şəxs yaradılıb.

 

Azərbaycan elminin dünya elminə inteqrasiyası istiqamətində mühüm tədbirlər həyata keçirilir. Alimlərə, xüsusən gənclərə dünyanın aparıcı ölkələrinin elmi müəssisələrində ixtisasartırma kursları keçmək və araşdırma aparmaq üçün imkanlar yaradılır, onların beynəlxalq elmi layihələrdə iştirakı təmin edilir. Eyni zamanda, ölkəmizdə elmi-texniki infrastrukturun modernləşdirilməsi, tədqiqat müəssisələrinin statusuna və vəzifələrinə uyğun olaraq onların maddi-texniki bazasının möhkəmləndirilməsində mühüm addımlar atılır. Həmçinin elm və təhsilin inteqrasiyasının təmin edilməsi, yüksəkixtisaslı elmi kadrların hazırlanması sisteminin təkmilləşdirilməsi Azərbaycan elminin qarşısında duran əsas vəzifələrdəndir. Doktorantura, dissertantura və magistratura yolu ilə elmi kadr hazırlığı keyfiyyətcə yeni səviyyəyə qaldırılır.