Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-26 15:44:30
BMU-da “Statistik Olimpiada”nın II mərhələsi təşkil olunub

Bakı Mühəndislik Universitetində (BMU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Statistik Olimpiada”nın ikinci mərhələsi baş tutub.

 

AzEdu.az xəbər verir ki, Elm və Təhsil Nazirliyi və Dövlət Statistika Komitəsinin (DSK) birgə təşkilatçılığı ilə ali məktəb tələbələri və ümumtəhsil müəssisələrinin yuxarı sinif şagirdləri arasında keçirilən olimpiada statistikaya marağın artırılması, statistik savadlılığın yüksəldilməsi, eyni zamanda bu sahə üzrə kadr hazırlığı potensialını gücləndirmək məqsədi daşıyır.

 

İkinci mərhələdə Abşeron rayon ümumtəhsil məktəblərinin növbəti mərhələyə keçmək şansı qazanan şagirdləri, eyni zamanda BMU-nun bu mərhələdə iştirak hüququ əldə edən dörd tələbəsi (İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələri - Aysu Fətullayeva (Biznesin idarəedilməsi ixtisası, ingilis bölməsi III kurs), İsrafil İslamov (Maliyyə ixtisası, ingilis bölməsi IV kurs), Zərifə Vəliyeva (Maliyyə ixtisası, ingilis bölməsi IV kurs) və Pedaqoji fakültənin tələbəsi Zəhra Quliyeva (Riyaziyyat və informatika ixtisası, ingilis bölməsi  V kurs) iştirak ediblər.

 

Üç mərhələdən ibarət olan olimpiadanın tələbələr üçün nəzərdə tutulan ikinci mərhələsində iştirakçılar 1 saat müddətində 50 sualdan ibarət test tapşırığını cavablandırıblar.

 

Qeyd edək ki, DSK-da gerçəkləşdiriləcək sonuncu mərhələdə ölkə üzrə seçilmiş 10 tələbə arasında test sualları əsasında müsabiqə təşkil olunacaq və iştirakçılar arasından ən yüksək nəticə göstərmiş (I, II, III yerlər olmaqla) 3 nəfər qalib elan ediləcək. Qaliblərin mükafatlandırılması ilə yanaşı, onlara maraq göstərdikləri təqdirdə gələcək iş həyatlarını DSK-da qurmaq şansı yaradılacaq.