Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-13 10:34:00
Universitet ehtiyacı olan tələbələrinə iş imkanı yaratsın!

Hazırda müəyyən səbəblərdən bir çox tələbə həm oxuyub, həm də işləməyə çalışır. Ancaq dərs saatları ilə iş saatları və tapşırıqlar bəzən onlar üçün olduqca çətin olur. Tələbələrin həm işləyib, həm də öz xərclərini qarşılaya bilməsi üçün universitet və iş müəssisələri necə imkanlar yarada bilər?

 

Daha çox hansı sahələrdə çalışmaq onlar üçün hər iki tərəfdən faydalı ola bilər?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Qoşqar Məhərrəmov Amerika təcrübəsini əsas gətirərək universitetin əməkdaşlıq etdiyi şirkətlərin tələbələrimiz üçün təcrübə proqramları təşkil etməsini təklif edir:

 

 

“Amerikanın orta məktəblərində belə bir təcrübə var ki, şagird 100 saat könüllü işləməlidir. Bu onun məzun olmağı üçün zəruridir. Bu böyük bir müddətdir. Tam şəffaf şəkildə şagirdlər müxtəlif yerlərdəki təcrübə proqramlarına gedərək işləyirlər. Eynilə burada da universitetin əməkdaşlıq etdiyi şirkətlər tələbələrimiz üçün təcrübə proqramları təşkil etməlidir ki, I, II kurs tələbəsi əvvəlcə orada gedib öyrənsin və daha sonra iş şəraitində çalışa bilsin”.

 

 

 

Müsahibimizin fikrincə, ali təhsil müəssisələri imkan daxilində öz tələbəsini yarımştat işçi kimi işə götürə bilər:

 

“Kitabxanada, yeməkxanada və s. əgər bir tələbə universitetə işləmək istədiyi ilə bağlı müraciət edirsə, təhsil müəssisə buna şərait yarada bilər. Beləcə həm tələbə gəlir əldə edə bilər, həm də dərslərində problem yaranmamış olar”.

 

 

Ekspertin bir başqa təklifi də odur ki, universitetin əməkdaşlıq etdiyi şirkətlər tələbəyə iş baxımından yardım göstərsin:

 

“Bundan başqa tələbə tərəfindən belə bir müraciət olunarsa, universitetin əməkdaşlıq etdiyi hər hansı bir qurumla razılaşıb tələbəyə uyğun bir iş imkanı yaradıla bilər”.