Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-05 16:24:00
İşdən çıxarılan müəllimlər ictimai işlərə cəlb oluna bilərmi? - AÇIQLAMA

Təkrar sertifikatlaşdırmadan keçməyən 743 müəllimin əmək müqaviləsinə xitam verilib. Sosial şəbəkələrdə müəllimlərin böyük bir qismi işdən çıxarılmaları səbəbilə maddi çətinliklə üzləşəcəklərindən şikayət edirlər. Əmək müqaviələrinə xitam verildiyi üçün daha pedaqoji fəaliyyətlə məşğul ola bilməyəcəkləri üçün onların məktəblərdə digər ictimai işlərə cəlb olunması təklifi meydana gəlir. İşdən çıxarılan müəllimlər çalışdıqları məktəblərdə digər qeyri-pedaqoji fəaliyyətlərə cəlb oluna bilərmi?

 

 

Sualımızı cavablandıran təhsil eksperti Elşən Qafarov AzEdu.az-a bildirib ki, peşəsi üzrə özünü doğrulda bilməyən müəllimin digər işləri yerinə yetirməsi çətindir:

 

“Əgər məktəblərimizdə belə bir imkan olarsa, məktəbin mühitinə bələd olduğu üçün həmin müəllimləri başqa işlərə cəlb etmək olar. Ancaq bir insan peşəsi üzrə özünü doğrultmayıbsa, mən düşünmürəm ki, tədris və ya qeyri-tədrislə bağlı və ya digər işləri yerinə yetirə bilsin”.

 

Ekspert sertifikasiya ilə bağlı müəllimlərə yaradılan şəraiti əsas göstərərək bu imkanlardan istifadə edə bilməyən müəllimlərin işdən çıxarılmasını haqlı hesab edir:

 

 

“Sertifikasiya ilə bağlı qanunvericiliyə 2018-ci ildə əlavə edildi və imtahan keçirilmədən ən azı 6 ay əvvəl məlumat verilməsi qaydası qoyuldu. Yəni müəllimlərin hazırlaşmaq üçün 6 ay vaxtı var idi. Üstəlik sertifikasiyadan birinci dəfə kəsilən müəllimlərə sonrakı 1 il hazırlaşmaq üçün vaxtı verildi. Bu 1 il ərzində də Elm və Təhsil Nazirliyi müxtəlif təlimlər təşkil etdi. Həmin müəllimlərin yenidən hazırlanaraq sertifikasiyadan keçməsi üçün şərait yardıldı. Təkrar imtahan verənlərin bir çox hissəsi yaradılan imkandan faydalandı və imtahan keçməyi bacardı. 2 dəfə sertifikasiyadan kəsilən müəllimlərin hazırlaşmaq üçün kifayət qədər vaxtı var idi. Ancaq onlar bundan istifadə edə bilməyib kəsildilər və düşünürəm ki, həmin şəxslər müəllim adına ləkədir. Düşünürəm ki, sertifikasiyanın keçirilməsi qaydaları yumşaldıldı. Bu yumşaldılmadan da istifadə edə bilmədilər. Ona görə də hazırki vəziyyətdə həmin müəllimlərin əmək müqaviləsinə xitam verilməsi həm tam qanunidir, həm də məntiqi cəhərdən dorğudur.

Əlavə olaraq belə bir xatırlatma da edildi ki, əgər işdən çıxarılmış müəllimlər pedaqoji fəaliyyətini davam etdirmək istəyirsə, yenidən hazırlaşıb Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanından keçə bilərlər”.

 

E.Qafarov da digər bir çox təhsil rəsmisi kimi bu məsələdə əsas prioritetin  təhsilalanlar olduğunu düşünür:

 

 

“Təhsil sektorunda olan bütün şəxslər birmənalı şəkidlə qəbul etməlidir ki, sertifikasiya təhsilverənlərin peşəkarlıq səviyyələrinin, yararlığının yoxlanılması, onların peşə inkişafına nail olunması baxımından olduqca əhəmiyyətlidir.

Təhsil sosial müdafiə sistemi deyil, şagird yönümlüdür. Ümumtəhsil məktəblərində minlərlə şagird təhsil alır. Biz şagirdlərimizin gələcəyini düşünməliyik”.