Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-13 09:04:18
“Gənc İstedadlar Proqramı”nın təqdimatı keçirilib

Oktyabrın 12-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində SOCAR-ın “Gənc İstedadlar Proqramı”nın təqdimatı keçirilib. 

 

Bu barədə universitetdən AzEdu.az-a məlumat verilib.

 


Bildirilib ki, tədbirdə açılış nitqi ilə çıxış edən ADNSU-nun Elm işlər üzrə prorektoru, professor Lətafət Qardaşova tələbələri nəzəri bilikləri mənimsəməklə yanaşı, təcrübə prosesində də aktiv iştirak etməyə və belə təcrübə proqramlarından yararlanmağa çağırıb. SOCAR-ın Baş ofisinin işə Qəbul və yerləşdirmə şöbəsinin rəisi Cavid Umbayev iştirakçıları salamlayaraq SOCAR-ın fəaliyyəti, gənclərlə bağlı həyata keçirilən layihə və proqramlar haqqında məlumat verib. Artıq 3-cü dəfə keçirilən proqrama ötən il ADNSU-dan 15 nəfər tələbənin seçildiyini və SOCAR-da işlə təmin olunduğunu deyib.

 

SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidentinin müşaviri Şöhrət İsazadə ADNSU məzunu olaraq təqaüd proqramlarından və bu prqramların gənclər üçün əhəmiyyətindən danışıb və öz təcrübəsini bölüşüb. SOCAR-ın Baş ofisinin işə qəbul və yerləşdirmə şöbəsinin rəis müavini Həmid İsrafilov “Gənc İstedadlar Proqramı” haqqında təqdimatla çıxış edərək proqramın üstünlükləri, müraciət qayadaları, şərtlər, həmçinin perspektivləri barədə tələbələrə ətraflı məlumat verib.

 


Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb. 

 


Qeyd edək ki, SOCAR tərəfindən istedadlı gənclərin potensialının aşkar edilməsi, onların əmək bazarına inteqrasiyasının sürətləndirilməsi məqsədilə 2022-2023-cü tədris ilindən başlayaraq ali təhsil müəssisələrinin 3-cü və 4-cü kurslarında, həmçinin magistratura pilləsi üzrə təhsil alan gənclərə təqaüd verilməsi, onların inkişafının təmin olunması və yüksək potensiallı gənclərin SOCAR-da işlə təmin edilməsi üçün “Gənc İstedadlar Proqramı”na start verilib. Təcrübə müddətini və yekun seçim mərhələsini də uğurla keçən namizədlərə Birlik tərəfindən iş təklifi olunur.