Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-12 17:23:54
Qəbul imtahanına Azərbaycanın antiterror tədbirləri məzmununda tapşırıqlar salına bilər

Oktyabrın 12-də Dövlət İmtahan Mərkəzində (DİM) tarix və biologiya fənləri üzrə işçi qruplarının növbəti iclasları keçirilib

 

DİM-dən AzEdu.az-a bildirilib ki, tarix fənni üzrə iclasda Azərbaycan Silahlı Qüvvələrinin düşmən təxribatının qarşısını almaq, ərazi bütövlüyümüzü bərpa etmək və suverenliyimizi qorumaq məqsədilə Qarabağda keçirdiyi antiterror tədbirlərinə həsr olunmuş məqalə müzakirə edilib. Müzakirə zamanı Ermənistanın himayəsi altında fəaliyyət göstərən qanunsuz silahlı birləşmələrin Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə 24 saat ərzində ordumuz tərəfindən məhv edilməsi və cinayətkar xunta rejiminin təslim olmağa məcbur edilməsi, həmçinin bu tədbirlərin dünya tarixində misli görünməmiş antiterror tədbirləri olması diqqətə çatdırılıb. İşçi qrupunun üzvləri tariximizdə olduqca mühüm əhəmiyyətə malik bu şanlı qələbəmiz haqqında elmi metodiki məqalənin hazırlanması və qəbul imtahanlarında bu məzmunda tapşırıqların təqdim edilməsinin təqdirəlayiq iş olduğunu vurğuladılar.

 

Biologiya fənni üzrə iclasda isə sınaq imtahanı üçün təqdim edilmiş, 6-11-ci sinif dərslikləri əsasında hazırlanmış tapşırıqların müzakirəsi başa çatdırılıb. Ekspertlər tərəfindən bir daha yoxlandıqdan sonra sınaq üçün hazırlanmış tapşırıqların “otk.az” onlayn test portalında yerləşdirilməsi nəzərdə tutulur.

 

İşçi qruplarının növbəti iclasları oktyabrın 19-da keçiriləcək.