Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-06 11:05:00
Danışır “İstedad” : Xaricdə təhsilin bir neçə mənfi cəhətləri var

AzEdu.az saytı “İstedad” rubrikasını davam etdirir. 

 

 

Budəfəki müsahibimiz Kənan Mehdiyevdir.

 

 

Belə ki, o, bakalavr təhsilini Azərbaycanda bitirərək, magistratura təhsilini xaricdə oxumaq qərarına gəlib. Beləliklə, Böyük Britaniyanın ən nüfuzlu universitetlərdindən biri olan “University of Manchester”a qəbul dəvəti alaraq, hazırda təhsilini orada davam etdirir.

 

Müsahibəni təqdim edirik:

 

 

- Kənan bəy, ilk olaraq istəyərdim ki, təhsiliniz barədə məlumat verəsiniz….

 

- Mən, 2002-ci ildə Bərdə şəhərində anadan olmuşam. Orta məktəbi bitirdikdən sonra 605 balla Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə ixtisasına qəbul olmuşam. 1-ci kursu bitirdikdən sonra "SABAH" qruplarına qəbul üçün keçirilən imtahan və müsahibədə iştirak edib "SABAH" tələbəsi adı qazandım. Təhsil aldığım müddətdə bir çox bilik və bacarıqlara yiyələndim. Bakalavr təhsilimi 2023-cü ildə bitirdim. Həmin il Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında yerləşən Mançester Universitetində Maliyyə ixtisası üzrə magistr təhsili almaq hüququ qazandım.

 

 

- Mançester Universitetinə öz hesabınıza gedəcəksiniz, yoxsa dövlət xətti ilə?

 

-  Öz hesabıma getməyəcəm. "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı"na müraciət edib, təqaüd qazanmışam. Təhsil haqqımı dövlət ödəyəcək.

 

- Təhsilinizi xaricdə davam etdirməyi nə zaman qərarlaşdırmısınız ?

 

- Uşaqlıqdan xaricdə təhsil almaq arzum var idi. Dövlət təqaüd proqramının açılması mənim xaricdə təhsil almaq həvəsimi daha da gücləndirdi. Artıq 3-cü kursun sonundan başlayaraq bu istiqamətdə çalışmağa başladım. İxtisas və xarici dil biliklərimi daha da möhkəmləndirdim. 4-cü kursun ortalarından artıq xarici universitetlərə müraciət etməyə başladım. Bir neçə İngiltərə və İtaliya universitetlərindən qəbul aldım, və seçimimi Mançester Universiteti olaraq etdim.

 

- Bəs niyə məhz Mançester Universiteti ?

 

- Seçimimin əsas səbəbləri arasında universitetin beynəlxalq reytinqi, həmçinin maliyyə ixtisası üzrə ixtisaslaşmış bir təhsil ocağı olması var idi. Bundan başqa, İngiltərədə ingilis dili bacarıqlarımı daha yaxşı inkişaf etdirə bilərəm deyə düşünürəm. Bu səbəblərdən mənim üçün Mançester Universiteti ən ideal seçimdir.

 

-  Böyük Britaniyaya uyğunlaşma prosesi sizin üçün necə keçir?

 

- Düşünürəm ki, xaricdə təhsilin bir neçə mənfi cəhətləri var. İnsanlara, ətraf mühitə uyğunlaşmaq kimi və s. Ancaq ümumi götürsək biz burada öyrəndiyimiz bilik və bacarıqları ölkəmizdə tətbiq edərək vətənimizin inkişafına töhfələr verə bilərik. Dövlət proqramının da əsas məqsədlərindən biri məhz budur.

 

 

- Xaricdə təhsil almaq istəyən həmyaşıdlarınıza nə kimi tövsiyələriniz var?

 

- Xaricdə təhsil almaq məqsədi olan gənclər üçün bir neçə tövsiyəm var. İlk növbədə oxumaq istədikləri ixtisas üzrə müəyyən bilik və bacarıqlara malik olmaqları lazımdır. İxtisas üzrə müəyyən təcrübələri olması yaxşı olardı, çünki bu halda özlərini hansı sahədə gördüklərini daha yaxşı müəyyən edə bilərlər. Həmçinin təhsil almaq istədikləri ixtisas üzrə ən yaxşı təhsil ocaqlarını araşdırmağa zaman ayırmaları onların düzgün seçimi etmələrinə kömək olacaq.