Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-05 13:51:00
Valideyn komitələrinin işi pul yığmaqdır? 

Müəllimlər günündə və ya digər özəl günlərdə valideynlərin əksəriyyəti xüsusi “canfəşanlıq”la övladına dərs deyən müəllimlərinin əməyini “qiymətləndirmək” üçün onlara dəyərli hədiyyələr alırlar. Bu işdə əsas da valideyn komitələri fəallıq göstərir.

 

Maraqlıdır, hər il müəllimlərin belə hədiyyələrlə təbrik olunması tendensiyasının ortaya çıxması birbaşa valideynlərin fəallıq göstərməsi ilə əlaqəli ola bilər?

 

Mövzuya aydınlıq gətirən Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova deyir ki, hamımız müəllimlər üçün ən böyük hədiyyənin şagirdlərin bilik səviyyəsinin olduğuna inanırıq.

 

 

“Müəllimlik sənəti çox çətin və öyrədici sənətdir. Ailə üzvlərimin müəllimlik fəaliyyətinə baxdıqda şagirdlərindən bir gözləntilərinin olmadığını görürdüm. Ona görə də fikrimcə, müəllimlik peşəsi də məhz belə olmalıdır. Müşahidələrim göstərir ki, onlar üçün ən vacib məsələ şagirdlərinin bilik və bacarıqları, səriştələridir.

 

Valideynlərdə belə məsələlərin olduğunu ictimai şura olaraq müşahidə edirik. Onların xüsusi şəbəkələşmə ilə hədiyyə alma cəhdləri, hədiyyə almaq məsələsində rəqabət və s. yaşanan situasiyalardır. Düşünürəm ki, valideyn bununla övladına yaxşılıq etmir. Öz uşağının gələcək həyatında hansısa pozitiv dəyişikliyə nail olmur”.

 

"Müəllimliyi hədiyyəyə möhtac olacaq səviyyəyə salınmasını istəməzdim.

Mənim üçün müəllimlik ideal sənətdir. Babam müəllim idi və mənim üçün ən ideal müəllimlik sənəti onun icra etdiyi şəkildədir. Məcburi köçkün olduqda ondan bura nəyi gətirmədiyi üçün peşman olduğunu soruşduqda maddi heç bir şeyin adını çəkmirdi. Şagirdlərinin dəftərlərini gətirmədiyi üçün çox heyfsilənirdi. Mənim gördüyüm, dərs keçən müəllimlər də şəxsiyyət kimi formalaşmağımda fövqəladə rol oynamışdır.

 

Çox təssüf ki, valideynlərdə yalnız hədiyyə məsələsində deyil, dərs prosesinə, təlim-tərbiyə məsələsinə də fərqli yanaşma var. 2023-cü ildə hələ də övladını ön sıralarda oturtmaq, sevimli şagird olması, xüsusi qayğı və diqqət tələb etmək məsələsi müzakirə edilir”.

 

Müsahibimiz hesab edir ki, valideynlərin düşüncə keyfiyyətinin artırılmasına daha çox ehtiyac var: “Bu yaxınlarda regionların birində şagirdlərlə görüş keçirdik. Şagirlərdən biri mənə bu söhbətləri onlarla deyil, valideynləri ilə keçirməyimi xahiş etdi. Düşünürəm ki, valideynlərimizin səriştə və bacarıqlarının, düşüncə keyfiyyətinin artırılmasına daha çox ehtiyac var. Bu valideynləri də yetirən toplum olmuşdur”.

 

G.Səfərova keçirilən sorğulara əsasən hazırkı valideynlərlə, övladları arasında düşüncə fərqlərinin olduğu faktını irəli sürür: “Mənim təhsil aldığım dönəm təhsilin bir qədər “axsadığı” zamana tuş gəlmişdi. Hüquq fakültəsinə 50 nəfər qəbul olub 280 nəfər məzun olmuşdu. İndi bu mümkün deyil, elektron yerdəyişmə bilik və bacarıqlara əsaslanan məsələlərdir. Bu baxımdan ümid edirəm ki, gələcək nəsillərin dünyagörüşü belə olmayacaq. Keçirilən sorğulara əsasən hazırki valideynlərlə övladları arasında düşüncə fərqlərinin olduğunu görürük. Bu valideynlərin hər bayramda bu formada canfəşanlıq etməsi nə övladlarına, nə də özlərinə xeyir gətirməyəcək. Onlar hədiyyə almaağ xərclədikləri pulu övladları ilə daha səmərəli vaxt keçirməyə sərf edə bilər”.