Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-04 12:41:36
Ticarətdə məktəbliləri hədəf götürənlər sərt cəzalandırılsın!

Ötən gün məktəbyanı ərazidə şagirdlərin narkotik vasitədən istifadə etməsilə bağlı xəbər yayıldı.

Bu gün isə ümumi təhsil müəssisəsinin ətrafında narkotik vasitə satan şəxs saxlanılıb. Məsələ insanlar, xüsusilə valideynlər arasında ciddi ajiotaja səbəb oldu.

 

 

AzEdu.az-a açıqlama verən Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü İlqar Orucov deyir ki, məktəbyanı ərazilərdə tütün məhsullarının əlverişli qiymətə satılması şagirdlər üçün olduqca böyük təhlükə təşkil edir:

 No description available.

“Bu kifayət qədər düşündürücü bir haldır. Məktəb ərazisinə yaxın yerlərdə dənə ilə tütün məhsulu satan kiçik iaşə obyektlərinin olduğu məlumdur. Tütünlərin dənə ilə satılması şagirdlərə hədəflənmiş bir satışdır. Məktəbətrafı ərazilərdə kompüter oyunları ilə məşğul olan sahibkarlar “PlayStation” dediyimiz klublar açıblar. Bunların da müştəriləri, təbii ki, məktəb şagirdləridir.

Düşünürəm ki, məktəb yaxınlığında bu kimi hallar yolverilməz olmalıdır. Bu gün tütün məhsulunun aludəçisinə çevrilən məktəbli, sabah daha ziyanlı maddələrin qurbanı olar”.

 

Ekspertə görə məktəbyanı ərazilərdə ət kəsim məntəqələrinin mövcudluğu da xoşagəlməz məqamdır: “Hər səhər tezdən uşaqların görə biləcəyi bir yerdə heyvan kəsimləri həyata keçirilir. Uşaqların gözü qarşısında belə vəhşiliyin baş verməsi yolverilməzdir. Buna yetkin insan baxdıqda belə pis olur”.

 

Şura üzvü xüsusilə qeyd edir ki, məsələ ilə bağlı yalnız Elm və Təhsil Nazirliyi tədbir görə bilməz: “Biz hər zaman qeyd etmişik ki, bu kimi hallarla sistemli mübarizə aparmaq lazımdır. Hesab edirəm ki, sözügedən hadisələrlə bağlı kompleks tədbirlər görülməlidir.

 

 

Övladını məktəbə göndərən valideyn onun təhlükəsizliyindən əmin olmalıdır. Bunu xüsusilə vurğulamaq istəyirəm ki, belə məsələlər tək nazirliyin görəcəyi işlər deyil. Aidiyyatı qurumlar bu işdə sistemli olaraq mübarizə aparmalıdır. Məktəbyanı ərazilərdə narkotik vasitələrin satışını da istisna etmirəm və birmənalı şəkildə qınayıram. Daha əvvəl də insanların bu kimi mövzu ilə bağlı narahatlığını mediada izləmişik. Məktəbətrafı ərazilərdə belə məhsulların satılması Azərbaycan genefonduna vurulan ən böyük zərbədir”.

 

Ekspert bu işlərlə məşğul olan insanlara qarşı cəza mexanizmi çox sərt qurulmasını təklif edir: “İşlərində hədəf olaraq uşaqları görən insanlar ən qatı cinayətkarlardır. Onlara qarşı ən sərt tədbirlər görülməlidir. Aidiyyatı qurumlar övladlarımızın gələcəyini təhlükəyə atan məsələlərlə bağlı amansız olmalıdır. Bu kiçik xoşagəlməz hal deyil, böyük bir cinayətdir”.

 

Müsahibimiz bu kimi məsələlərin qarşısını almaq üçün öz təkliflərini də irəli sürdü: “Belə halların qarşısını almaq məqsədilə məktəblərdə şagirdlərimizlə daim işləməliyik. Maarifləndirmə işi gücləndirilməlidir. Məktəb rəhbərliyi, müəllimlər, valideynlər və şagirdlərlə işlər aparılmalıdır. Hüquq-mühafizə orqanları ilə əməkdaşlıq genişləndirilməlidir”.