Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-10 12:40:00
Müəllimlər istədikləri maaşa uyğun keyfiyyətli tədris aparırlarmı? - REAKSİYA

Prezident İlham Əliyevin sərəncamı ilə diaqnostik qiymətləndirmədən keçən müəllimlərin maaşı fevralın 1-dən 10 faiz artırılıb.

Buna baxmayaraq, sosial şəbəkələrdəki təhsil qruplarında müəllimlər maaşların yenə də az olmağından şikayətlənirlər. Maaşların hər müəllim üçün dərs saatlarına əsasən tənzimləndiyi məlumdur. Əlbəttə, bu faktor onların iş stajından asılı olaraq dəyişir. Bəs müəllimlərin dərsi tədris etmə keyfiyyəti tələb etdikləri yüksək maaşla uyğunlaşırmı? 

 

AzEdu.az-a açıqlama verən Bakı Dövlət Universitetinin dosenti Əlimusa İbrahimov bildirib ki, müəllimlər istədikləri maaşa uyğun olaraq keyfiyyətli tədris həyata keçirməlidirlər.

 

“Həqiqətən son zamanlar orta ümumtəhsil müəssisələrində dərs deyən müəllimlərin maaşının artırılması barədə tez-tez məlumatlar verilir. Diqqət yetirdikdə görmək olar ki, bu sahədə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən ciddi işlər görülür. Biz bir neçə il bundan əvvəlki vəziyyətlə bu gün yaradılan şəraiti müqayisə etsək, yerlə-göy arasındakı məsafə qədər fərq olduğunu görərik.

 

Müəllimlərimiz həqiqətən daha yüksək maaş və gözəl təminata layiqdirlər. Çünki xalqımızın, millətimizin və dövlətimizin gələcəyi onların əlindədir. Onlar bizim gələcəyimiz olan nəslin yetişdirilməsində mühüm rola malikdirlər. Amma təbii ki, onlar üçün yaradılan şəraitdən narazı qalmaq və daha artığını tələb etməyi düzgün hesab etmirəm. Bugünkü məvacibdən narazı olan müəllimlərə 5 il bundan əvvələ dönüb baxmağı məsləhət görərdim. Ondan sonra bəlkə bu gündən razı qalardılar.

 

Digər tərəfdən, hay-küy salan müəllimlərə öz fəaliyyətlərini də nəzərdən keçirməyi məsləhət görərdim. Bu gün bütün müəllimlərimiz aldıqları məvacib müqabilində xidmət edə bilirlərmi? Yaxud üzərlərinə düşən vəzifənin öhdəsindən dövlətimizin, xalqımızın tələb etdiyi səviyyədə gələ bilirlərmi? Mən bir müəllim kimi bu suala müsbət cavab verə bilmirəm. Sözsüz ki, öz işlərini vicdanla yerinə yetirən zəhmətkeş müəllimlərimizə hər zaman dəyər verilir. Ancaq bugünkü tələblərə cavab verməyən, keyfiyyətli tədris aparmağa cəhd göstərməyən və yüksək maaş tələb edən müəllimlər də var.

 

Bu gün təhsil sahəsində rast gəldiyimiz nöqsanların aradan qaldırılması sadəcə Elm və Təhsil Nazirliyinin ödəsində deyil. Bu sahədə bütün təhsillə bağlı insanlarımız öz yardımını göstərməlidir. Tələb və tənqid etməkdən daha çox fəaliyyətə keçməyin vaxtıdır”.