Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-05 22:09:00
Bu il 91  gənc müəllim Bərdə rayon məktəblərində pedaqoji fəaliyyətə başlayıb

Bərdə rayonunun təhsil müəssisələrində gənc nəslin təlim-tərbiyəsi ilə 1964 müəllim məşğul olur. Bu il Təhsil Nazirliyi tərəfindən mərkəzləşmiş qaydada aparılan müsabiqədən keçən 91 nəfər gənc müəllim rayonun məktəblərində pedaqoji fəaliyyətə başlayıb. Modern.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə Bərdə rayonunda Beynəlxalq Müəllimlər Günü münasibətilə keçirilən tədbirdə məlumat verilib. Rayonun təhsil işçiləri əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər gül-çiçək dəstələri qoyaraq, dahi rəhbərin xatirəsini ehtiramla yad ediblər.

 

Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Fəqət Şadlinskaya, Təhsil Şöbəsinin müdiri Rzaqulu Şərifov və başqaları çıxış edərək, Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsil işçilərini təbrik edib, onlara çətin və eyni zamanda şərəfli işlərində uğurlar arzulayıblar. Çıxışlarda Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan dövlət təhsil siyasətinin uğurlarından, Heydər Əliyev Fondu tərəfindən təhsillə bağlı həyata keçirilən çoxsaylı layihələrdən, həmçinin müəllim əməyinə dövlət səviyyəsində verilən qiymətdən və rayon müəllimlərinin qazandığı uğurlardan danışılıb.

 

Bildirilib ki, Azərbaycan Prezidentinin 2018-ci il 4 oktyabr tarixli Sərəncamı ilə Bərdə şəhər 8 nömrəli tam orta məktəbin müəllimi Rüxsarə Mirzəyeva “Tərəqqi” medalı ilə təltif edilib. Bu isə rayon müəllimlərinin əməyinə verilən qiymətin göstəricisidir.

 

Sonra Bərdə şəhər 8 nömrəli tam orta məktəbin şagirdləri müəllimləri şeirlə təbrik ediblər. Bir qrup qabaqcıl təhsil işçisinə fəxri fərman və hədiyyələr təqdim olunub.