Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-19 14:05:35
BMU-nun olduğu proqramda mobil tətbiq hazırlanıb

Bakı Mühəndislik Universiteti (BMU) Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Horizon 2020” proqramı çərçivəsində gerçəkləşdirilən “Campaigners” layihəsində uğurla təmsil olunur. Sözügedən layihədə BMU ilə yanaşı, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və 14 xarici ölkədən (Türkiyə, Avstriya, Almaniya, Belçika, İsveç, Norveç, Fransa, Finlandiya, Yunanıstan, İtaliya, İrlandiya, Cənubi Afrika, Litva və Peru) olan universitet, şirkət, bələdiyyə, həmçinin ictimai təşkilatlar iştirak edir.

 

AzEdu.az xəbər verir ki, bu barədə Universitetdən məlumat verilib. 

 

“Campaigners” layihəsinin əsas hədəfi iqlim dəyişikliyinin təsirlərinin azaldılması istiqamətində insanların aktiv iştirakına istiqamət verməkdir. Belə ki, iqlim dəyişikliyi və qlobal istiləşmə hazırkı dövrdə ən ciddi qlobal ekoloji problemlərdəndir. Bu problemin həlli həm də bütövlükdə cəmiyyətin üzərinə düşür. Biz, vətəndaşlar olaraq bu həllin br hissəsi ola, təmiz və davamlı mühitin formalaşdırılmasında yaxından iştirak edə bilərik. Layihədə əsas məqsədlərdən biri də məhz insanların günlük həyat tərzlərində müəyyən dəyişikliklər edərək, öz karbon emissiyalarını minimuma endirmək, enerjiden daha az istifadə, sudan istifadəyə qənaət, daha çox ictimai nəqliyyatdan istifadə və s. kimi fəaliyyətləri təbliğ və təşviq etməklə öz müsbət töhfələrini izah etməkdir. Bu nəticələrin layihənin sonunda hesabat şəklində təqdim olunması nəzərdə tutulur, həmçinin hesabatın iqlim dəyişikliyi sahəsi üzrə qərarvericilərin işini də asanlaşdıra biləcəyi gözlənilir.

 

Sözügedən hədəflərin reallaşdırılması üçün layihə əsasında proqram təminatı (mobil tətbiq) qurulub. “Climate Campaigners” adlı mobil tətbiq “Campaigners” layihəsində təmsil olunan 30-dan çox təşkilatın aid olduğu ölkələrin dilində, o cümlədən Azərbaycan dilində hazırlanıb. Sözügedən mobil tətbiqin təkmilləşdirilməsi prosesi davam etsə də, hazırda onu “Play Store” və “App Store” platformasından endirərək, istifadə etmək mümkündür. Proqram təminatının əsas hədəfi istifadəçilər tərəfindən nəqliyyat, qida, enerji və istehlak sahələri üzrə seçilmiş hədəflər əsasında karbon təsirinin hesablanmasıdır. Bu, istifadəçilərin əsasən hansı sahələrdən ətraf mühitə təsir etdiklərini müəyyənləşdirməyə imkan verir. Bununla da, proqramda seçilmiş hədəflər sayəsində karbon təsirini azaldaraq, qlobal istiləşmə və iqlim dəyişmələrinin qarşısının alınmasına töhfə verilməsi planlaşdırılır.

 

Proqram təminatını yüklədikdən sonra qeydiyyatdan keçib, eyni zamanda ölkə və yaşadığınız şəhəri seçirsiniz. Burada sizə 4 istiqamət (nəqliyyat, qida, enerji, istehlak) üzrə hədəflər təklif olunur. Hədəflərin icra müddəti dəyişkəndir-əsasən bir və ya iki həftə. Proqram təminatında hədəfləri seçdikdən və müvafiq prosedurdan sonra hədəfi necə icra etdiyiniz haqqında məlumat daxil edirsiniz. Proqram sizin həm aylıq, həm də illik karbon ayaq izinizi hesablayır və hədəfləri icra etməklə nə qədər karbon ayaq izinizi azalatdığınızı göstərir. Hədəfləri icra etməklə siz xallar (coins) qazana, daha sonra  bu xallardan alış-verişdə yararlana bilərsiniz (hələ ki, bu xallarla ancaq layihənin loqosu olan köynəkləri almaq mümkündür, amma, yaxın gələcəkdə daha geniş sahələrdə tətbiq olunacağı planlaşdırılır).

 

Layihə haqqında ətraflı məlumatı layihənin rəsmi veb səhifəsindən əldə etmək mümkündür:

https://www.climate-campaigners.com/

Qeyd edək ki, “Climate Campaigners” adlı mobil tətbiq və onun işləmə prinsipləri haqqında 21 İyul 2023-cü il tarixində saat 21:00-da onlayn vebinar keçiriləcək və “Facebook” üzərindən canlı yayımlanacaq.