Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-05 17:05:00
Jurnalistlər bölgələrdəki modul məktəblərdə müəllimləri “sınadılar” -FOTO

Oktyabrın 4-də Cəlilabad və Masallı rayonlarına mediatur təşkil olunub. Mediaturunkeçirilməsində məqsəd Beynəlxalq Müəllimlər Günü ərəfəsində yüksək balla cari tədris ilində işə qəbul olunan müəllimlərlə görüşmək, həmçinin bu bölgələrdə yeni inşa edilən modul tipli məktəblərlə tanış olmaq olub.

Əvvəlcə mediatur iştirakçıları Cəlilabad rayonunda yeni istifadəyə verilən Fərzili kənd ümumi orta məktəb ilə tanış olublar. Məktəbin direktoru Fuad Bəhrəmovun verdiyi məlumata görə, məktəb 6 sinif və 1 müəllimlər otağından ibarətdir. 73 şagirdin təhsil aldığı məktəbdə 19 müəllim çalışır. Müasir avadanlıqlar və mərkəzləşdirilmiş istilik sistemi ilə təmin edilən təhsil müəssisəsində 1 məktəbəhazırlıq qrupu, 9 sinif komplekti fəaliyyət göstərir. Ümumilikdə Cəlilabad rayonunda artıq 5 modul məktəb istifadəyə verilib, 10 belə məktəb isə bu tədris ilində təhvil veriləcək. Məktəbdə kompüter otağı mövcud deyil. Bununla yanaşı otaqların darlığı da müşahidə edilir. Məktəbin ətrafı və dəhlizi kamera ilə izlənilir. Yeni tədris ilində MİQ imtahanında iştirak edən 4 müəllim bu məktəbi seçib.

Daha sonra iştirakçılar Masallı şəhəri Rafiq Əlihəsənov adına 1 nömrəli tam orta məktəbdə yeni tədris ilində işə qəbul olunan müəllimlərlə görüşüb. Bu il müsabiqədən uğurla keçən 87 nəfər gənc müəllim rayonun ümumi təhsil müəssisələrində fəaliyyətə başlayıb. Onlardan 81 nəfəri müddətsiz, 6-ı isə müddətli müqavilə ilə işə qəbul olub. Həmin müəllimlərdən 6 nəfəri isə Masallı şəhəri 1 nömrəli tam orta məktəbdə çalışır.

Sonra media nümayəndələri həmin məktəbə yüksək balla işə qəbul olunan Əli Alışlı, Rəfail Əzimov, Araz Şahverdiyev, Pərvin Babayeva, həmçinin Ərkivan qəsəbə Z.Nəcəfov adına 2 nömrəli tam orta məktəbdə Aytac Kazımlının dərs prosesini izləyiblər.

Ərkivan qəsəbə 2 nömrəli məktəbin direktoru Əbülfəz Əsədov bildirib ki, məktəb göstəriciləri yaxşı olsa da məktəbdə laboratoriya, bəzi texniki avadanlıqlar çatışmır. Yeni tədris ilində isə bir ibtidai sinif müəllimi həmin məktəbə qəbul olub. Aytac Kazımlı III sinifdə tədris aparır. O, 18 saatla vakansiyaya qəbul olduğunu bildirib.

Masallının hər iki məktəbinin ən yaşlı, əməkdar müəllimləri ilə də görüş olub. Onlar da öz hisslərindən, müəllimlik peşəsinin gözəlliklərindən danışıblar.

Qeyd edək ki, bu il keçirilən qəbul imtahanlarında iştirak edərək 500 və daha artıq bal toplayan məzunlar arasında 2090 nəfər müəllimlik ixtisasını seçib.