Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-18 17:36:36
İranda həbs olunan azərbaycanlı tələbənin anası nazirə müraciət etdi

İranda casusluq ittihamı ilə həbs edilən azərbaycanlı tələbə Fərid Səfərlinin anası Dilarə Əsgərova xarici işlər naziri Ceyhun Bayramova müraciət edib.

AzEdu.az-ın məlumatına görə, müraciətdə deyilir:

“Hörmətli nazir, cənab Ceyhun Bayramov! 4 aydan yuxarıdır oğlum Fərid İranda günahsız yerə saxlanılır, hüquqları pozulur, məhkəmədə fars dilində dindirilir. Bu günə kimi Fərid nə Azərbaycan tərəfdən, nə də İran tərəfdən vəkillə təmin olunmayıb. O, cinayətkar olduğuna görə həbs olunsaydı, hec kimə ağız açmazdım, deyərdim zəhmət çəksin cəzasını çəksin. Amma hamı çox gözəl bilir ki, Fərid Azərbaycan vətəndaşı olduğuna görə həbs olunub. Ona görə də Sizdən xahiş edirəm, onun müdafiəsinə Azərbaycan dövləti adına səylərinizi əsirgəməyəsiniz: Fəridin vəkillə təmin olunmasi prosesinin sürətlənməsinə, Azərbaycandan da bir vəkilin bu işə cəlb olunmasına, mənimlə yenidən telefon əlaqəsinin qurulmasına (cəmi iki dəfə danışmışıq), vəkillə təmin olunana qədər konsulluq isçilərindən kiminsə onun məhkəməsində iştirak etməsinə (son danışığımızda Fərid mənə sual verdi ki, niyə Azərbaycan tərəfdən məhkəmə ilə hec kim maraqlanmır) və ən nəhayət avqustda mənim onunla görüşməyimə şərait yaradılmasına tapşırıq verəsiniz!

Mən inanıram ki, Siz çağırışıma biganə qalmayacaqsınız!”.

Xatırladaq ki, Almaniyadakı Yena Universitetində təhsil alan 27 yaşlı Fərid Səfərli bu il fevralın 20-də eyni universitetdə oxuduğu iranlı qızın ardınca Tehrana gedib. Martın 4-dən onunla əlaqə kəsilib. Daha sonra İranda ona qarşı casusluq ittihamı ilə cinayət işi açıldığı bildirilib. İran tərəfi azərbaycanlı tələbəni hazırda həbsdə saxlayır.

İndiyə kimi İranda Fərid Səfərliyə 3 dəfə məhkəmə qurulub. Birinci məhkəmədə tərcüməçi ilə təmin olunsa da, son iki prosesdə fars dilini bildiyinə görə, ona tərcüməçi verilməyib.

 Yaxın günlərdə ona hökm oxunacağı gözlənilir.