Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-17 17:55:00
UNEC-in Elmi Şurası tədris ilini yeni qərarlarla başa vurdu

UNEC-də 2022/2023-cü tədris ilinin sonuncu Elmi Şura iclası keçirilib.

 

AzEdu.az xəbər verir ki, bu barədə UNEC-dən məlumat verilib. 

 

Elmi Şurada iqtisadi məsələlər üzrə prorektor Nəsimi İsmayılov UNEC-in 2022-ci il ərzindəki maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri haqqında hesabatla çıxış edib. Hesabatda bildirilib ki, hər il olduğu kimi, 2022-ci ildə də UNEC-in maliyyə-təsərrüfat fəaliyyətinin əsas istiqamətlərini maliyyə vəsaitlərindən səmərəli istifadə, əməkdaşların sosial vəziyyətinin daha da yaxşılaşdırılması, elm, tədris və təsərrüfat prosesinin idarə edilməsində səmərəliliyin artırılması, maddi-texniki bazanın daha da möhkəmləndirilməsi istiqamətində işlər təşkil edib.

 

Sonra rəqəmsallaşma üzrə prorektor dosent Raqif Qasımov “UNEC-də distant (məsafədən) təhsilalma formasında tədrisin təşkili qaydaları” barədə çıxış edib. Bildirib ki, qaydaların hazırlanmasında məqsəd, ali təhsildə əlçatanlığın və səmərəliliyin təmin olunmasında müasir dövrün çağırışlarından hesab edilən distant təhsilalma formasının üstünlüklərindən yararlanmaqla, Azərbaycan Respublikasının Təhsil qanunvericiliyi əsasında UNEC-də ali təhsilin bakalavriat səviyyəsi və əlavə təhsilin yenidən hazırlanma, təkrar ali təhsil, eyni zamanda müxtəlif sertifikat proqramları üzrə distant təhsilin təşkil edilməsi və tənzimlənməsidir.

 

Hesabat və Qaydalar dinlənildikdən sonra şura üzvləri tərəfindən təsdiqlənib.

 

Elmi Şurada cari məsələlərin müzakirəsi aparılıb və bir sıra qərarlar qəbul edilib. Qərara əsasən, UNEC-də Rusiyanın Sankt-Peterburq Dövlət İqtisad Universiteti ilə birgə Avrasiya İqtisadiyyatı Beynəlxalq Elmi Tədqiqat Mərkəzi yaradılıb.

 

Digər qərarla Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi İnstituta  çevrilib.

 

“Xarici dillər” kafedrası isə ləğv olunaraq, onun bazasında Xarici Dillər Departamenti yaradılıb. Departamentin tərkibində Xarici dillərin tədrisi mərkəzi, Xarici dil üzrə tələbələrin biliyinin qiymətləndirilməsi mərkəzi və Tərcümə mərkəzi fəaliyyət göstərəcək.

 

UNEC-in tələbə rektorlarının məzun olduqdan sonra universitetlə əlaqəsini daha da genişləndirmək və  tələbə rektorlar şəbəkəsini formalaşdırmaq məqsədilə UNEC Tələbə Rektorlar Şurası yaradılıb.