Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-04 10:50:00
Beynəlxalq Fizika Olimpiadaları–qaydalar və  Azərbaycanın yeri

AzEdu.az şagirdlərin öz potensiallarını daha yüksək dəyərləndirmələri üçün ayrı-ayrı fənlər üzrə beynəlxalq olimpiadalar, onların şərtləri barədə məlumat verməkdə davam edir.

Bu dəfə isə Beynəlxalq Fizika Olimpiadaların növləri, onların hansında daha çətin sualların verilməsi barədə danışacağıq.

Beynəlxalq Fizika Olimpiadası (IPHO - International Physics Olympiad) ilk dəfə 1967-ci ildə Polşanın Varşava şəhərində keçirilib.

Olimpiadada hər ölkədən 2 rəhbərin başçılığı altında 5 orta məktəb şagirdi iştirak edir. Onların yaşı isə 20-dən çox olmamalıdır.  Hazırda 80-dən artıq ölkənin iştirak etdiyi olimpiadanın  prezidenti Dr. Hans Jordensdir.

Olimpiada adətən, iyul ayının ortalarında, hər dəfə fərqi ölkədə keçirilir və 9-10 gün davam edir. Olimpiadaçı şagirdlərin nəzəri və təcrübi biliklərinin qiymətləndirilməsi üçün hər biri 5 saat olmaqla 2 imtahan keçirilir. Onlar arasında ən az 1 gün istirahət verilir. Nəzəri 30, təcrübi məsələlər isə 20 bal olmaqla, nəticələr cəmi 50 balla qiymətləndirilir. Hər imtahandan öncə komanda rəhbərləri və təşkilatçılar nəzəri məsələləri müzakirə etmək və öz dillərinə tərcümə etmək üçün toplaşırlar.

İmtahanlar günlərində şagirdlərin komanda rəhbərləri ilə görüşməsi qadağandır. İmtahan olmayan günlər isə komanda rəhbərləri, müşahidəçi və şagirdlər üçün ekskursiyalar, elmi konferanslar təşkil olunur. İmtahanlar bitəndən sonra komanda rəhbərləri koordinatorlarla bərabər, yazı işlərini yoxlayırlar.

İştirakçıların 8%-i qızıl, 25%-i qızıl və gümüş, 50% -i qızıl, gümüş və bürünc medallarla, 67% -i isə həvəsləndirici hədiyyələrlə mükafatlandırılır. Bundan əlavə, məsələnin ən yaxşı həlli, nəzəri və təcrübi imtahanlarda ən yüksək nəticəyə görə  xüsusi mükafatlar verilir.

Bu yarışlarda1999-cu ildən iştirak edən azərbaycanlı şagirdlər ən yaxşı nəticəni 2002-ci ildə İndoneziyada əldə ediblər. Ümumiyyətlə, komandamız 1999-cu ildən etibarən, 2009-ci ildə Meksikada keçirilən olimpiada istisna olmaqla hər il bu yarışlarda iştirak edir və uğur qazanır. 17 il ərzində 5-i qızıl, 8-i gümüş, 16-ı bürünc olmaqla 29 medal və 12 həvəsləndirici mükafata layiq görülüblər.

Asiya Fizika Olimpiadası (APHO - Asian Physics Olympiad) ilk dəfə 2000-ci ildə Asiya ölkələrinin iştirakı ilə İndoneziyada keçirilib. Yarışmada hər ölkədən 2 rəhbərin başçılığında yaşı 20 dən çox olmayan 8 şagird iştirak edir. Olimpiadanın ümumi proqramı 8-9 günü əhatə edir. Hazırda prezidenti Prof. Leong Chuan Kwekdir.

Asiya Fizika olimpiadasının ilk günü komandalar qarşılanır, iştirakçılar olimpiadanın keçiriləcəyi otel və ya universitetə yerləşdirilir. Növbəti gün rəsmi açılış mərasimi baş tutur. Sonra 3 gün ərzində həm nəzəri, həm də təcrübi biliklərə əsaslanan iki imtahan keçirirlir.

Nəzəri məsələlər 3 tapşırıqdan ibarət olur. Onların həlli üçün 5, 2 təcrübi məsələ üçün isə 5 saat olmaqla ümumi 10 saat vaxt verilir. Məsələlərin tərtibi və qiymətləndirməsi demək olar ki, Beynəlxalq Fizika Olimpiadası ilə eynidir. Burada da məsələlər ümumilikdə 50 balla qiymətləndirilir. Amma bu olimpiadadakı məsələlər bütün beynəlxalq və regional fizika olimpiadalarının suallarından çətin olur.

Ümumi bala görə, yarış iştirakçıların 10%-i qızıl, 22%-i qızıl və gümüş, 65%-i qızıl, gümüş və bürünc medallarla, təqribən yarısı isə həvəsləndirici mükafatlarla təltif olunurlar. Bundan əlavə, ddigər fizika olimpiadalarında olduğu kimi, ən yaxşı həll, nəzəri və təcrübi imtahanlarda ən yüksək nəticə və s. göstəricilərə görə xüsusi mükafatlar verilir.

Azərbaycan komandası bu yarışda ilk dəfə 2005-ci ildə  iştirak edib. Bugünəcən iştirak etdiyi 6 olimpiadada 3 bürünc və 4 həvəsləndirici mükafata layiq görülüb.

EPHO-Avropa Fizika Olimpiadasının şərtləri də sonuncu ilə eynidir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları