Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-04 12:27:20
“Qəbul imtahanlarının nəticələri repetitorların göstəricisidir” – Məktəb təhsil vermir?

Dünən Dövlət İmtahan Mərkəzi (DİM) ötən ilin yekunları ilə bağlı hesabatı təqdim edib.

 

Statistikaya əsasən məzunların bir hissəsi təhsil proqramının 43-73 faizini mənimsəmir.  

 

Əlavə olaraq bildirilib ki, test tapşırıqlarının təhsil proqramı çərçivəsində hazırlandığını və bu çərçivədən kənara çıxmadığını, qəbul imtahanında iştirak edənlərin məktəbin seçilən şagirdləri olduğunu nəzərə alsaq, belə qənaətə gəlmək olar ki, ortastatistik məzun təhsil proqramının 43-73 faizini mənimsəmir.

 

Faiz göstəricilərinin bu şəkildə olması hansı amillərlə bağlıdır?

 

 

Təhsil eksperti Kamran Əsədov AzEdu.az-a açıqlamasında qeyd edib ki, ölkənin 4432 orta-ümumtəhsil məktəbində 1.6 milyon şagird təhsil alır və bir təhsil ilində orta-ümumtəhsil məktəbini 85 minə yaxın şagird bitirir:

 

“Ali təhsil müəssisələrinə qəbul imtahanlarında 60 min şagird iştirak edir. DİM məhz 60 minə yaxın şagirdin bilik və bacarıqlarını müxtəlif test modelləri ilə yoxlayır”.

 

 

Əsədov beynəlxalq araşdırmalara əsasən bildirib ki, şagirdlərin V,VI,VII sinifdə əldə etdikləri biliklər yuxarı siniflərə keçdikcə unudulmağa və yerinə yeni bilgilər daxil olmağa başlayır:

 

“Şagirdlərin əldə etdiyi bilikləri yadda saxlamaq müddəti var. Əslində statistika doğrudur. İmtahanlarda abituriyentlərin V-XI siniflərdə öyrəndiyi biliklər yoxlanılır.  Amma bilirik ki, beynəlaxalq təcrübəyə əsasən, şagirdlərin və ya ümumilikdə insanların əldə etdiyi biliklər bir neçə mövzuda müxtəlif faizlə aşağıya doğru unudulmağa başlanılır. Yəni belə izah edim ki, V,VI,VII sinifdə əldə etdikləri biliklər yuxarı siniflərə keçdikcə unudulmağa və yerinə yeni bilgilər daxil olmağa başlayır. Abituriyentlər əvvəlki sinifləri daha da möhkəmləndirmək üçün repetitor yanına gedirlər. Ancaq hər nə qədər müəllimlə xüsusi olaraq hazırlaşsalar da, unutuqları nələrsə olur”.

 

Ekspert qeyd edib ki, abituriyentlərin hazırki nailiyyətləri repetitorluq fəaliyyətinin nəticəsidir:

 

 

“Təbii ki, biz hazırki məktəb təhsilinin əla olduğunu deyə bilmərik. Əlbəttə, bir çox abituriyentin qəbul imtahanlarından topladıqları ballar repetitorluqdan asılıdır. Bu gün qəbul imtahanlarının, orta məktəbklərin nəticələri hazırlıq kurslarının repetitorlarının nəticələridir”.

 

 

Müsahibimiz mənimsəmə qabiliyyətinin aşağı olmasını bilavasitə dərsliklərlə əlaqələndirir:

 

 

“Dərsliklərin öyrədici, şagirdlərin isə qavrayıcı bacarıqları demək olar ki, yoxdur. Şagirdlər kənar kömək olmadan tədris materiallarını mənimsəyə bilmirlər. Məhz burada müəllimlərin də zəifliyi ortaya çıxır. Misal üçün, təkcə 2022-ci ildə Elm və Təhsil Nazirliyi 4 region üzrə 11 min müəllimin sertifikasiyasının keçirdi. Müəllimlərin 2800-ü minimum balı toplaya bilmədi. Müəllim özü minimum balı toplaya bilmirsə, onu yetiştirdiyi şagirddən də çox şey gözləmək olmaz”.