Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-04 10:40:08
Zəlzələ zamanı nə etməli? - Düzgün davranış QAYDALARI

Qardaş Türkiyə Respublikasında çoxsaylı insan tələfatı ilə nəticələnən güclü zəlzələ bütün dünyada olduğu kimi ölkəmizdə də bu təbiət hadisəsilə bağlı bir sıra məsələni aktuallaşdırıb. Mütəxəssislər hesab edirlər ki, zəlzələ zamanı insan tələfatına yol açan başlıca amillərdən biri də zəlzələyə hazırlığın olmaması, zəlzələ zamanı insanların davranış qaydalarını bilməməsidir. 

Bu, ötən gecə Azərbaycanda baş verən zəlzələ zamanı bir daha təsdiqləndi.

Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, yerli vaxtla saat 00:01-də Xəzər dənizində maqnitudası 5.7 olan zəlzələ qeydə alınıb. Yeraltı təkanlar Quba, Xaçmaz, Şabran, Siyəzən rayonlarında 6 bala yaxın, Sumqayıt şəhəri, Abşeron yarımadası və onlara yaxın ərazilərdə 5-4 bala qədər hiss olunub.

Dünənki zəlzələ bir sıra məsələləri gündəmə gətirdi: əhali arasında yaranmış ajiotaj bir çoxlarının  təhlükəsizlik qaydalarından xəbərsiz olduğunu göstərdi. 
 

Mütəxəssislərin fikirincə, hər kəs zəlzələ zamanı davranış qaydalarını bilməlidir. 

AzEdu.az-ın məlumatına görə, Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Mülki Müdafiə Qərargahı zəlzələ zamanı necə davranmaq lazım olduğunu aşağıdakı qaydalarla izah edib.

Zəlzələ - qəflətən baş verən, bir neçə saniyə davam edən yer titrəməsi nəticəsində böyük dağıntılara və insan tələfatına səbəb ola bilən fövqəladə hadisədir.

Zəlzələyə necə hazır olmalı:

- zəlzələ barədə ailənizdə söhbətlər aparın, təhlükəsizlik məşqləri keçirin;
- birlikdə evdə təhlükəsiz yer təyin edin (yükdaşıyan divar və beton sütun);
- kitab rəflərini, çilçıraq və dolabları divara, tavana və yaxud döşəməyə möhkəm bərkidin;
- zəhərli kimyəvi və tezalışan mayeləri təcrid edilmiş təhlükəsiz yerdə saxlayın;
- yumşaq mebeli (divan-kreslo) və çarpayını pəncərə önündə yerləşdirməyin və ya pərdənin qalın materialdan olmasını təmin edin;
- içində müəyyən qədər ərzaq və su, tibb çantası, vacib sənədlər, pul, fənər və isti paltar olan ehtiyat çantasını həmişə əl altında saxlayın;
- bütün ailə üzvləri qaz, su və elektrik enerjisinin haradan, necə bağlanıb-söndürüldüyünü bilməlidir;
- evin dəhliz və çıxış yerlərini artıq əşyalardan təmiz saxlayın. 

Zəlzələ zamanı nə etməli:  

- ilk təkanı hiss etdikdə binanı təhlükəsiz tərk etmək üçün cəmi 10-15 saniyə vaxtınız olduğunu bilin;
- evdən çıxarkən ehtiyat çantası və mobil telefonunuzu götürün;
- qaz, su və elektrik enerjisini ümumi şəbəkədən söndürün;
- binanı tərk edib açıq və təhlükəsiz yerdə dayanın;
- əgər binanı 10-15 saniyə ərzində tərk etmək mümkün deyilsə, evdə qalın;
- liftdən istifadə etməyin;
- təşvişə düşüb yüksək mərtəbədən tullanmayın;
- evdə təyin etdiyiniz təhlükəsiz yerə (yükdaşıyan divar və beton sütun) keçin;
- dəmir ayaqlı masa varsa, onun altına girin;
- diz üstə çökün və ya böyrü üstə uzanıb ayaqlarınızı bükün və əllərinizlə başın arxa hissəsini qucaqlayaraq qorunun;
- yanınızda azyaşlı varsa, onu öz bədəninizlə qorumağa çalışın.
 
Zəlzələ sizi küçədə haqlayıbsa:

- bina, elektrik dirək və xətləri, sıldırımlı yerlər, körpülərdən uzaq durun, dərhal açıq sahəyə çıxın;
- əgər avtomobillə açıq sahədə hərəkət edirsinizsə, onu dayandıraraq pəncərələri bağlayıb, içində təkanların bitməsini gözləyin;
- əgər avtomobillə binaların yaxınlığında hərəkət edirsinizsə, dərhal onu tərk edib, açıq sahəyə çıxın.
 
Zəlzələdən sonra nə etməli:

Zəlzələ sizi bina xaricində haqlayıbsa və dağıntı baş veribsə:

- mümkündürsə, zərərçəkmişlərə kömək edin, onlara ilkin yardım göstərin;
- dağıntı olan yerlərə yaxınlaşmayın (yaşadığınız bina olsa belə);
- yaşadığınız binaya daxil olmaq üçün əvvəl şəraiti dəqiq qiymətləndirib sonra qərar verin;
- zədələnmiş binada qaz sızması ola bildiyindən açıq alışdırıcıdan (kibrit, alışqan) istifadə etməyin.

Zəlzələ siz evdə olarkən baş veribsə və dağıntı yoxdursa:

- zəlzələ sizi gecə vaxtı haqlayıbsa, kibrit və ya alışqandan deyil, fənərdən istifadə edin;
- qaz, su və elektrik enerjisini ümumi şəbəkədən söndürərək binanı tərk edin;
- kiçik yanğın ocağı varsa, onu öz qüvvənizlə söndürməyə çalışın;
- yanğını müstəqil söndürmək mümkün deyilsə, uşaq, yaralı və əlillərə kömək etməklə təhlükəsiz bir yerə çıxın;
- zəlzələ barədə ən son məlumatları izləyib göstərişlərə əməl edin;

Zəlzələ nəticəsində dağıntı altında qalmısınızsa:  

- təşvişə düşməyin, ehtiyac varsa, özünüzə ilkin yardım göstərməyə çalışın;
- əgər özünüzü və ətrafdakıları dağıntı altından çıxarmağa gücünüz çatırsa, bunun üçün ən az qüvvə tələb edən üsulu seçin;
- qüvvə və bacarığınıza tam əmin deyilsinizsə, xilasediciləri gözləyin;
- maşın və texnikanın səsi kəsilibsə, demək, xilasedicilər “sükut anı” elan edib. Bu sükutdan istifadə edib qışqıraraq, ətrafdakı əşyaları ehmalca döyəcləyərək və ya mobil telefonla yerinizi bildirməyə çalışın.

 
A.Qorxmaz