Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-03 09:33:00
Qəbul imtahanlarının sayı azaldılsın! - TƏKLİF

“Dünyanın heç bir yerində abituriyentlər belə stress, həyəcan yaşamır desəm, mənə haqq verənlər çox olar. Ali məktəblərə qəbul imtahanlarının həyəcanı mart ayında başlayır və avqust ayı da daxil (6 ay) davam edir. Buna bizim övladlarımız dözür. İnanın, Amerika, Avropa, Yaponiya və Çində uşaqlar bizimkilər qədər oxusaydılar, vaxtından tez alim olardılar. Bu kimi inkişaf etmiş ölkələrdə universitetə qəbul olunmaq asan, oxumaq çətindir. Bizdə isə tam əksinə”.

 

Bu sözləri Azedu.az-a təhsil eksperti, ixtisas seçimi və gələcək karyera üzrə mütəxəssis Ramin Nurəliyev deyib.

 

O, qəbul imtahanlarının çətinlik dərəcəsini yumşaltmağı, sayını isə azaltmağı təklif edib.
 

 

“Bizim universitetlərə qəbul prosesinin dünyada alternativi yoxdur. Bir abituriyent 5 ay imtahan stressi yaşayırsa, yayın istisində imtahana girirsə, buna müvafiq qəbul oluna bilirsə, onları qəhrəman adlandırmaq lazımdır. Buraxılış imtahanı, blok imtahanı, qabiliyyət imtahanı, dövlət dili Azərbaycan dili imtahanı, ikinci cəhd imtahanı deyə-deyə bu 5 aylıq marafon baş alıb gedir. Mart ayında buraxılış imtahanı ilə başlayan həyəcan avqust ayında ixtisas seçimi ilə yekunlaşır və abituriyentlər sentyabrda universitetlərdə dərsə başlayır. Hansı abituriyenti dindirirsən yorgundur və bu yorğunluq universitet dərslərinə də təsir edir.

 

Etiraf edək ki, yüksək gərginliklə universitetə qəbul olunan abituriyentlərin əksəriyyəti yorğunluqdan dərslərə də biganə qalır”.

 

Müsahibimizin təklifinə görə, abituriyentlərin isti aylarda istirahət edərək universitetin dərslərinə sağlam və enerjili başlaması üçün imtahanlar aprel-may aylarında yekunlaşmalıdır.

 

“Sonra da deyirik ki, uşaq universiteti bitirdi, amma savad yoxdur. Universiteti bitirənlərin yarısı ixtisası barədə yaxşı biliyə sahib deyil”.

 

Bunlar ali məktəblərdə ən populyar ixtisaslar olacaq - Abituriyentlərə  MƏSLƏHƏT - AzEdu.az AZƏRBAYCAN TƏHSİL PORTALI

Ekspert düşünür ki, uşaqları bir neçə qəbul imtahanı ilə yormamalı, qəbul prosesi asanlaşdırılmalı, universitet sistemi öyrədici olmalıdır.

 

“Bu məsələdə işin başlanğıcı DiM-in üzərinə düşür. Qəbul prosesini uzunmüddətli olmamalıdır. Uşaqları bir neçə qəbul imtahanı ilə yormamaq lazımdır. Qəbul prosesi mütləq asanlaşdırılmalı, universitet sistemi öyrədici olmalıdır. Yorğun, dərsdən, kitabdan, elmdən bezmiş bir gənc universitetə qəbul olunduqdan sonra kitaba, oxumağa həvəssiz yanaşırsa, burda oturub düşünmək lazımdır.

 

Dünya dövlətləri öz ali məktəblərini xarici vətəndaşlara açır ki, buyurun gəlin, bizdə hətta attestatla təhsil alin. Bizim isə hər il universitetlərdə minlərlə boş yerimiz qalır. Bunun günahkarı kimdir? İnanın, əgər ikinci cəhd imtahanında suallar asanlaşdırılmasa, bu il daha çox yer boş qalacaq. Niyə boş qalmalıdır? Dövlətimiz hər il ixtisasların sayını artırır. Hər il dövlət sifarişli yerlərin sayı artır ki, gənclərimiz ali təhsilli olsun. Amma DİM sualları qəlizləşdirir və müsabiqə qaydalarında xüsusi hallar tətbiq edir. DİM rəhbərliyi düşünmür ki, bu ixtisaslara qəbul olunmayanların, xüsusilə də zəif bal toplayanların əksəriyyəti attestatla xarici ölkələrə oxumağa gedir? Olmaz ki, həmin gənclər bu boş qalan yerlərdə oxuyaraq xeyri özümüzə versin? Niyə bizim kapitalımız xaricə axmalıdır? Elə bu boş qalan yerlərin çoxu da ödənişli yerlərdir, bu kapital ölkədə qalıb bizim iqtisadiyyatımıza təkan verərsə, yaxşı olmazmı?

 

Ümidvaram ki, DİM də bu dediklərimi çox yaxşı başa düşür və ikinci cəhd imtahanını çətin salmayacaq”.