Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-23 15:08:25
Prezident Ermənistanla aparılan sülh danışığından DANIŞDI

Ermənistandan fərqli olaraq onların şəhərlərini “İsgəndər”, “Toçka” və “Elbrus” raketləri ilə dağıtmamışıq. Azərbaycan Ordusu yüksək mənəvi xüsusiyyətlərə malikdir.

AzEdu.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı söyləyib.

Silahlı Qüvvələrimizin Ali Baş Komandanın əmrlərini tam icra etdiyini və icra edəcəyini bildirən dövlətimizin başçısı bildirib:

“Ona görə bizi qisasçılıqda ittiham edənlər qoy gedib güzgüyə baxsınlar. Biz qisas yox, ədalət tələb edirik. Biz tələb edirik ki, haqq-ədalət qorunsun. Biz tələb edirik ki, bizim daxili işlərimizə heç kim müdaxilə etməsin. Biz tələb edirik ki, bütün ölkələr sözdə yox, əməldə bizim ərazi bütövlüyümüzə hörmətlə yanaşsın və belə olan halda, biz də onların ərazi bütövlüyünə hörmətlə yanaşacağıq”.


İlham Əliyev deyib ki, Azərbaycan Ermənistandan qisasını döyüş meydanında alıb. Ancaq biz erməni vəhşiliklərini heç vaxt unutmamalıyıq.

İşğal dövründə şəhərlərimizin yerlə-yeksan edildiyini, tarixi abidələrimizin dağıdıldığını, müqəddəs ocaqlarımızın təhqir olunduğunu və dağıdıldığını xatırladan dövlətimizin başçısı bildirib:

“Bunu edən bizim mənfur qonşularımız idi. Buna göz yuman beynəlxalq aləm, beynəlxalq ictimaiyyət və indi hər gün Ermənistana baş çəkən rüşvətxor Avropa məmurları və deputatlarıdır. Onları bu ədalətsizliyə vadar edən nədir? İkili standartlar və rüşvət! Bunun başqa izahatı ola bilməz”.


Ali Baş Komandan bildirib ki, bu gün Ermənistanla aparılan sülh danışıqlarının yekunlaşması həm bizə lazımdır, həm daha çox Ermənistana lazımdır.

“Bu sülh anlaşması beynəlxalq hüququn norma və prinsipləri əsasında imzalanmalıdır. Bu sülh anlaşmasında postmüharibə reallıqları nəzərə alınmalıdır. Bu, təbiidir. Biz qalib gəlmişik, biz qan tökmüşük, şəhidlər vermişik. Biz öz torpağımızda müharibə aparmışıq, bu gün öz torpağımızda yaşayırıq və yaşayacağıq”, - deyə dövlətimizin başçısı vurğulayıb.