Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-23 13:12:38
DİM sədri dövlət qulluqçularını təbrik edib

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə peşə bayramı münasibətilə dövlət qulluqçularını təbrik edib.

 

AzEdu.az təbrikin mətnini təqdim edir:

 

Məşhur alman filosofu Fridrix Nitsşe demişdir: “Böyük şeylərin öhdəsindən gəlmək çətindir, lakin böyük şeylərin öhdəsindən gəlməyə rəhbərlik etmək daha çətindir”. Bu daha çətin vəzifənin öhdəsindən layiqincə gələn Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan Respublikasında dövlət quruculuğunun banisidir. Ümummilli Liderin 1998-ci il 29 dekabr tarixli 53 nömrəli Fərmanına əsasən onun rəhbərliyi altında yaradılmış Azərbaycan Respublikasının dövlət idarəetmə sistemində islahatlar aparılması üzrə Dövlət Komissiyasının fəaliyyəti nəticəsində və Ulu Öndərin müstəqillik dövründə dövlət qulluğunun təkmilləşdirilməsi istiqamətində atdığı silsilə addımlar sayəsində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu başda olmaqla dövlət qulluğuna dair bir sıra qanunvericilik aktları qəbul olundu. Bununla da ilk dəfə “dövlət qulluğu” və “dövlət qulluqçusu” anlayışları meydana çıxdı, eləcə də dövlət qulluğu sahəsində münasibətlər hüquq normaları ilə tənzimləndi. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu 2001-ci il 1 sentyabr tarixində qüvvəyə minmiş, bununla da respublikamızda dövlət qulluğu islahatlarının təməli qoyulmuşdur. Qanun qəbul edildikdən sonra mütəmadi olaraq təkmilləşdirilmiş, daha mükəmməl və işlək hüquqi akta çevrilmişdir. Eyni zamanda, uğurlu dövlət qulluğu islahatları Azərbaycan Respublikasında dövlət qulluğu sisteminin formalaşmasına gətirib çıxarmışdır.

Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 2002-ci ildə Qanunun tətbiqinə nəzarəti və dövlət qulluğunun normativ-metodiki təminatını həyata keçirmək məqsədilə Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası yaradılmışdır. 18 nəfər üzvü olan Şuranın 6 üzvü Prezident, 6 üzvü Milli Məclisin sədri, 6 üzvü isə Konstitusiya Məhkəməsinin sədri tərəfindən təyin edilir.

Həmin ərəfələrdə Avropa İttifaqının MDB ölkələrində iqtisadi islahatların sürətləndirilməsinə yardım məqsədilə həyata keçirdiyi proqram olan TACIS proqramı çərçivəsində Azərbaycanda dövlət qulluğu sahəsində bir sıra yeniliklərin əsası qoyulmuşdur. Yeniliklərə nümunə olaraq, Dövlət Qulluqçularının Reyestrinin əsasının qoyulmasını, dövlət orqanlarında kadrlarla bilavasitə məşğul olan struktur bölmə rəhbərlərinin şəbəkəsinin yaradılmasını, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun implementasiyasına başlanılmasını, eləcə də bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi prosesinin sürətlənməsini göstərmək olar.

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 3 iyun tarixli 247 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının dövlət qulluğu sahəsində siyasətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanı statusuna malik Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya yaradılmışdır. Dövlət qulluğuna qəbulun şəffaf və obyektiv şəkildə keçirilməsi vətəndaşların konstitusion hüquqlarının təmin edilməsinə (Maddə 55: Dövlətin idarə olunmasında iştirak etmək hüququ) şərait yaratmışdır. Bununla yanaşı, dövlət qulluqçularının həm etik davranış qaydaları, həm də onların xidməti fəaliyyətlərinin qiymətləndirilməsi qaydaları müəyyənləşdirilmiş, qanunvericiliyə edilmiş ən son dəyişikliklərlə dövlət orqanlarında etik müvəkkil vəzifəsi təsis olunmuşdur.

Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu uğurlu və uzaqgörən dövlət qulluğu siyasətinin məntiqi nəticəsi olaraq Azərbaycan dövlət idarəçiliyinin beynəlxalq miqyasda nüfuzu daha da artmışdır. Belə ki, müxtəlif dövrlərdə Monteneqro, Ukrayna, Türkiyə, Qırğızıstan kimi ölkələrlə ikitərəfli müqavilələr imzalanmış, BMT-nin İnkişaf Proqramı, Astana Regional Xabı, SIGMA, Avropa İttifaqı, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) kimi təşkilat və proqramlarla birgə dövlət qulluğu sahəsində müxtəlif təlimlər, seminarlar keçirilmiş və digər məsələlərlə əlaqədar əməkdaşlıq qurulmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi yaradılmışdır. Dövlət qulluğu üçün kadrların seçilməsi, eləcə də dövlət orqanları üçün imtahanların təşkil edilməsi Mərkəzin səlahiyyətlərinə aid edilmişdir. Mərkəz öz Nizamnaməsinə uyğun olaraq, dövlət qulluğu sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir. Eyni zamanda, Dövlət İmtahan Mərkəzi dövlət qulluğuna dair qanunvericiliyin icra vəziyyətini öyrənir, bu barədə hesabatlar hazırlayır və dövlət qulluğu və dövlət qulluqçularının etik davranış məsələləri barəsində maarifləndirmə işi aparır.

Ümummilli Lliderin dövlət qulluğu sahəsində apardığı ardıcıl uğurlu siyasətin məntiqi nəticəsi olaraq, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 noyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya” təsdiq edilmişdir. Strategiyanın əsas inkişaf istiqamətlərinə nümunə olaraq dövlət qulluğunda kadr siyasətinin inkişafını, dövlət qulluğunda səriştə (kompetensiya) modelinin tətbiqini, dövlət qulluğunda mütərəqqi motivasiya (həvəsləndirmə) sisteminin yaradılmasını və s. göstərmək olar. Strategiyanın əsas inkişaf istiqamətlərinə və hədəflərinə uyğun olaraq Dövlət Qulluğu Məcəlləsinin layihəsi hazırlanmışdır, hal‑hazırda onun təkmilləşdirilməsi prosesi gedir. Bununla yanaşı, Strategiyanın istiqamətinə müvafiq olaraq dövlət qulluğunda səriştə modelinin layihəsi hazırlanmışdır. Hazırda layihə modelin tətbiqi üçün beynəlxalq təcrübənin öyrənilməsi və ümumi gedişatın müəyyən olunması mərhələsindədir.

Bu gün gənc, müstəqil Azərbaycan Respublikası dünyanın önəmli iqtisadi və siyasi güclərindən biridir. Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu uğurlu dövlətçilik siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla, inamla və qətiyyətlə davam etdirilir. Prezidentin “Dövlət qulluqçularının peşə bayramı gününün təsis edilməsi haqqında” 25 may 2006-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında demokratik, hüquqi və dünyəvi dövlət qurulması prosesində dövlət qulluğunun rolunu və Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən iyunun 23-nün BMT-nin Dövlət Qulluğu Günü elan edildiyini nəzərə alaraq, hər il iyunun 23-nün Azərbaycan Respublikasında Dövlət Qulluqçularının Peşə Bayramı kimi qeyd edilməsi qərara alınmışdır. Bu günün peşə bayramı kimi qeyd edilməsində əsas məqsəd cəmiyyətə ictimai xidmətin dəyərini və əhəmiyyətini nümayiş etdirmək, dövlət qulluğunun ölkənin inkişafı prosesinə verdiyi töhfəni vurğulamaq, ictimai xidmətlərdə şəffaflığı, səmərəliliyi, innovasiyaları və mükəmməlliyi təşviq etmək, dövlət qulluqçularının əməyini qiymətləndirmək və motivasiya etmək, həmçinin gəncləri dövlət sektorunda karyera qurmağa həvəsləndirməkdir.

Fürsətdən istifadə edərək, 23 İyun Dövlət qulluqçularının peşə bayramı münasibətilə bütün dövlət qulluqçularını, o cümlədən dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 iyun 2023-cü il tarixli Sərəncamı ilə “Tərəqqi” və “Dövlət qulluğunda fərqlənməyə görə” medal ilə təltif olunan dövlət qulluqçularını ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, mühüm və şərəfli missiyalarının, dövlətin qarşıya qoyduğu strateji vəzifələrin yerinə yetirilməsində uğurlar arzulayıram.