Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-23 12:55:33
“Bölgəmizdə yeni təhdidlər mövcuddur” - İlham Əliyev

İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi daha geniş vüsət almışdır.

AzEdu.az xəbər verir ki, bunu iyunun 23-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı deyib.

İşğal dövründə ordu quruculuğunun bir nömrəli vəzifə olduğunu vurğulayan dövlətimizin başçısı bildirib:


“Ordumuzun, bütün Silahlı Qüvvələrimizin torpaqlarımızın azad olunması üçün hazırlıq işlərinə xüsusi önəm verilirdi və biz buna nail olduq. Vətən müharibəsi Azərbaycan dövlətinin tam Zəfəri ilə yekunlaşmışdır. Ancaq buna baxmayaraq, müharibədən sonra ordu quruculuğu üçün əlavə addımlar atılır və buna böyük ehtiyac var. Çünki dünyada geosiyasi vəziyyət gərginləşir, bölgəmizdə yeni təhdidlər mövcuddur, Ermənistanda revanşist qüvvələr baş qaldırır”.


Ali Baş Komandan deyib ki, Ordumuzun daha da gücləndirilməsi vəzifəsi bir nömrəli vəzifə olaraq qalır.

Buna nail olmaq üçün kompleks tədbirlərin görüldüyünü qeyd edən dövlətimizin başçısı bildirib:


“Vətən müharibəsindən sonra yeni silahların alınması prosesi davam edir və artıq bir çox kontraktlar imzalanmışdır - həm yeni pilotsuz uçuş aparatlarının ölkəmizə gətirilməsi, həm uzaqmənzilli raketlərin ölkəmizə gətirilməsi, o raketlər ki, böyük dağıdıcı qüvvəyə və yüksək dəqiqliyə malikdir”.

Prezident bildib ki, Müdafiə Nazirliyinin strukturunun təkmilləşdirilməsi prosesi gedir və bu proses davam edir. Hərbi təhsillə bağlı qəbul edilmiş qərarlar, əminəm ki, yaxın gələcəkdə öz bəhrəsini verəcəkdir.

“Yeni döyüş birləşmələrinin yaradılması, ilk növbədə, Komando Qüvvələrinin yaradılması döyüş qabiliyyətimizin artırılması üçün önəmli amillərdən biridir”, - deyə Azərbaycan Prezidenti bildirib.

Dövlət başçısı əminliklə deyib ki, Azərbaycan bu gün Silahlı Qüvvələrini vahid proqram əsasında inkişaf etdirir və yaxın gələcəkdə bizim Ordumuz yeni, yüksək səviyyəyə qalxacaq.

Ali Baş Komandan xatırladıb ki, bu gün Azərbaycan Ordusu müharibə dövründə qəhrəmanlıq və peşəkarlıq göstərmiş Azərbaycan Ordusundan daha da güclüdür.


"Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin sayı böyük dərəcədə artırılıb. Müharibə dövründə Müdafiə Nazirliyinin xüsusi təyinatlıları xüsusi qəhrəmanlıq və peşəkarlıq göstərmişlər", - ölkə başçısı əlavə edib.

Müdafiə Nazirliyinin dəniz piyadalarının sayının bir neçə dəfə artırıldığını və bu artımın davam etdiyini vurğulayan dövlət başçısı deyib:

“Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti - bu qurumların xüsusi təyinatlı qüvvələrinin sayı dəfələrlə artırılıb”.

Prezident qeyd edib ki, bu böyük qüvvə ərazimizin qorunması, ərazi bütövlüyümüzün təmin edilməsi, təhlükəsizliyimizə təhdid olarsa, düşmən qüvvələrə sarsıdıcı zərbələrin endirilməsi məqsədi güdür.