Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-21 14:25:31
AzMİU-nun 653 tələbəsi təhsil kreditinə müraciət edib

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) üzrə 2021-ci ildən bu gün qədər 2 tədris ilində cəmi bakalavr və magistratura səviyyələri daxil olmaqla 653 tələbə Tələbə Təhsil Kreditinə (TTK) müraciət edib.

 

Bunu AzEdu.az-a açıqlamasında universitetin Tədris şöbəsinin müdiri Səlmi Əliyeva deyib.

 

Onun sözlərinə görə, onlardan 486 nəfəri təsdiq cavabı alıb, 242 nəfəri isə öz məlumatlarını düzgün daxil etmədiyinə görə qeydiyyatdan keçməyib.

 

Şöbə müdiri bildirib ki, həmçinin 33 nəfərə imtina verilib və 9 nəfərin sənədi geri qaytarılıb: "Qeydiyyatdan keçən 486 tələbədən 228-i sosial, 258-i isə standart kreditlə oxuyub. Fakültələr üzrə analiz aparsaq, Memarlıq fakültəsindən 49, İnşaat fakültəsindən 62, Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültsindən 74, Nəqliyyat fakültəsindən 48, Tikinti-iqtisad fakültəsindən 202, Mexanika və informasiya texnologiyaları fakültəsindən isə 51 tələbə kredit almaq hüququ qazanıb".

 

S.Əliyeva əlavə edib ki, AzMİU-da TTK ilə bağlı mexanizm mərkəzləşdirilib: "Tələbələr e-ttkf.edu.az portalına daxil olur, daxil etdiyi təhsil məlumatları fakültə tyutorları tərəfindən universitetin Tədris şöbəsinə yönləndirilir. Daha sonra bizim tərəfimizdən dəqiqləşdirilərək təsdiq olunur. Sistem tələbənin və valideynlərinin şəxsiyyət vəsiqələrinin FİN kodları əsasında müvafiq bazalarda axtarış edərək, sosial statuslarının olmasını yoxlayır. Emal nəticələri şərtlərə uyğun gəldikdə, tələbənin razılığı alınaraq müvəkkil banka məlumat ötürülür. Tələbə ilə müvəkkil bank arasında onlayn kredit rəsmiləşməsi baş tutur və təhsilhaqqı təhsil müəssisəsinə köçürülür".