Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-21 10:11:00
Sertifikasiyadan imtina edən müəllimlər - Onları nələr gözləyir?..

Dünəndən etibarən müəllimlərin sertifikasiyaya cəlb olunma prosesinə start verilib.

 

20-23 iyun tarixlərində ölkə üzrə 20000-ə yaxın ibtidai sinif müəllimi, 24 iyun tarixində isə 8500-dən çox Azərbaycan dili və ədəbiyyat müəllimi sertifikasiyadan keçəcək.

 

İlkin məlumatlara əsasən, sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinin ilk günü üçün davamiyyət 95% olub.

 

Həmçinin, sertifikasiya iştirak etməkdən imtina edən müəllimlər də var. Bu barədə Elm və Təhsil Nazirliyindən bildirilsə də, hələ ki onların ümumi sayı açıqlanmayıb.

 

Bəs onların aqibəti necə olacaq? Həmin müəllimlər məcburi şəkildə sertifikasiyada iştirak etməlidirlərmi?

 

AzEdu.az bu mövzu ilə bağlı Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinə müraciət edib.

 

Mərkəzdən bildirilib ki, üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar.

 

“Təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi tədris ilinin sonunda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir”.

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov müəllimlərin sertifikasiya prosesinə ciddi yanaşmaları gərəkdiyini söyləyib:

kamran-esedov-izleyicini-tehqir-etdi

 

 “İlk növbədə qeyd edim ki, hazırda 4432 orta ümumtəhsil məktəblərində 150 minə yaxın müəllim çalışır. Müəllimlərin ilk dəfə bilik və bacarıqlarının yoxlanılması 2014-1018-ci illərdə diaqnostik qiymətləndirmə imtahan prosesi ilə həyata keçirilib. Yeni prosedur qayda olaraq isə müəllimlərin sertifikatlaşdırılmasına başlanılıb.

 

İlk dəfə 2022-ci ildə başlayan sertifikasiya imtahanlarında 11 minə yaxın ibtidai sinif müəllimdən 2367 nəfəri müsabiqə şərtini ödəyə bilməmişdi. Təbii ki, təəssüfləndirici haldır”.

 

 

Ekspert sertifikasiyanın müəllimlər üçün zəruri olduğunu vurğulayıb:

 

"Düşünürəm ki, birmənalı şəkildə sertifikasiya prosesi zəruridir. Hər kəs işin ciddiyyətini anlamalı və hazırlıqlı olmalıdır. Məlumdur ki, müsabiqə şərtini ödəməyib, təkrar sertifikasiyada iştirak edən və yenə məqbul bal toplamayan müəllimlərin əmək müqaviləsinə xitam verilir".

 

K.Əsədov onu da qeyd edib ki, müəllim əsaslı səbəb olmadan sertifikasiyadan imtina edərsə, onunla bağlanmış müqaviləyə xitam veriləcək:

 

“Müəllim əsaslı səbəb olmadan sertifikasiyadan imtina edərsə, onunla bağlanmış müqaviləyə xitam veriləcək. Düşünürəm ki, bütün müəllimlər sertifikasiyaya cəlb edilməlidir. O demək deyil ki, onların biliklərinə şübhə edirlər. Sadəcə olaraq uzun müdətdir ki, onların yoxlanılması həyata keçirilməyib. Və keçirilən bu sertifikasiya imtahanları onların öz üzərilərində işləməsinə stimul verir”.