Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-20 11:08:54
Xalq belə istəyir: dərslər sentyabrın 1-dən başlasın! - Təklif DƏSTƏKLƏNDİ  

Sona Əliyeva: "...Cəmiyyətin qərarına, rəyinə hörmətlə yanaşılsın"


Ceyhun Məmmədov: "Düşünürəm ki, ictimaiyyətin fikrini nəzərə alaraq dərslərin sentyabrın 1-dən başlaması daha məqsədəuyğundur"

 

 

 

Ötən həftə Sosial Tədqiqatlar Mərkəzi ictimai marağı və bu mövzuda aparılan müzakirələri nəzərə alaraq rəy sorğusu keçirib. Respondentlərə “Dərs ilinin sentyabrın 15-də, yoxsa sentyabrın 1-də başlamasını istəyərdiniz?” sualı ünvanlanıb.

Sorğunun nəticələrinə əsasən respondentlərin 68,1 faizi dərslərin sentyabrın 1-də, 24,7 faizi isə sentyabrın 15-də başlamasının daha məqsədəuyğun olduğunu qeyd edib. Rəyi soruşulanların 7,2 faizi bu mövzu ilə bağlı fikir bildirməkdə çətinlik çəkib.

Bundan başqa, dərslərin sentyabrın 1-də başlamasını orta təhsillilərin 63,8 faizi texniki və ya peşə təhsillilərin 72,6 faizi, ali təhsillilərin 75 faizi dəstəkləyib. Ailə vəziyyəti evli olanlar (69,2%), dövlət sektorunda çalışanlar (71%) və təqaüdçülər (83,3%), şəhərdə yaşayanlar (71.1%) da tədris ili üçün bu tarixi daha məqsədəuyğun hesab edib.

Sorğunun nəticəsindən belə qənaətə gəlmək olur ki, Azərbaycan ictimaiyyəti dərslərin sentyabrın 1-dən başlamasının tərəfdarıdır. Hətta ötən ay keçirilən birifində Elm və Təhsil naziri Emin Əmrullayev də məsələyə münasibət bildirib. O qeyd edib:
“Təhsil işçisi olaraq bildirim ki, tədris müddəti nə qədər çox olsa, o qədər yaxşı tədris olar. Fikrimcə, məktəblərdə sentyabrın 1-dən tədrisin başlaması daha uyğun olardı. Bu, sadəcə, istəkdir”.

Sabiq deputat təkrar seçkidə iştirak edə bilər - AÇIQLAMA


Məsələ ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti, sabiq deputat Sona Əliyeva cəmiyyətin qərarına, rəyinə hörmətlə yanaşılmalı olduğunu bildirib:

“Hər hansı bir qərarın verilməsi Elm və Təhsil Nazirliyi və Nazirlər Kabinetinin verdiyi qərara əsaslanır. Bu sorğular çox böyük kütləni əhatə etməsə belə onu deməyə əsas verir ki, cəmiyyətdə sorğular yenidən aparılsın və cəmiyyətin qərarına, rəyinə hörmətlə yanaşılsın.

 

Məktəblərdə səmərəli tətil müddətinin müəyyən edilməsi bir çox amillərin nəzərə alınmasını tələb edir. Məsələn, tətil günləri akademik təqvimə uyğun olaraq planlaşdırılmalıdır. Tətil dövrləri imtahanların, fəaliyyətlərin qiymətləndirilməsinin və digər tədris fəaliyyətlərinin başlama və bitmə tarixləri nəzərə alınmaqla müəyyən edilməlidir. Milli bayramlar və xüsusi günlərin tətil müddətlərinin müəyyən edilməsində nəzərə alınması da vacibdir. Çünki adətən bayramlar zamanı məktəblər əlavə tətil edir. Mövsüm və ya iqlim şəraiti tətil dövrlərinin müəyyən edilməsində nəzərə alınmalı əsas məqamlardandır. Çünki bəzi regionlarda iqlim şəraiti şagird davamiyyətinə və tədrisin keyfiyyətinə ciddi təsir göstərir”.

 

 

Sabiq deputat əlavə edib ki, tətil günlərinin müəyyən edilməsi, tədris ilinin nə zaman başlaması sadəcə rəylərə əsaslanmamalı, elmi, pedoqoji və psixoloji tədqiqatlara, araşdırmalara istinadən müəyyən edilməlidir:

 

“Müxtəlif ölkələrdə tədris ilinin müddəti, tətil günləri təqvimin müxtəlif dövrlərinə təsadüf edir. Odur ki, Elm və Təhsil Nazirliyi bu məsələni diqqətlə nəzərdən keçirməli və yalnız mütəxəsislərin əsaslandırılmış rəyi əsasında qərar verməlidir”.

 

Ceyhun Məmmədov: Azərbaycanda bütün addımlar düşünülmüş şəkildə atılır və  təsadüfi deyil ki, bir neçə ölkə təcrübəmizdən


Millət vəkili Ceyhun Məmmədov isə söyləyib ki, məsələyə bir çox dövlət qurumlarının yanaşması önəmlidir və hər bir detal düşünülərək addım atılmalıdır:

 

“Mən əvvəllərdə bu mövzuya toxunmuşdum. Düşünürəm ki, ictimaiyyətin fikrini nəzərə alaraq dərslərin sentyabrın 1-dən başlaması daha məqsədəuyğundur. Çünki artıq may ayının sonundan etibarən havalar olduqca istiləşir. İyun ayında insanlar havanın istiliyindən əziyyət çəkirlər. Buna baxmayaraq onlar artıq öyrəşib. Bütün bunları nəzərə alaraq belə bir qanunun çıxarılması uyğun olardı. Daha çox Elm və Təhsil Nazirliyinin səlahiyyətində olan bir məsələdir. Nazirlik lazımi qurumların qarşısında məsələni qaldıra və buna baxılması ilə bağlı təkliflə çıxış edə bilər. Əlbəttə ki, burada bir çox dövlət qurumunun yanaşması önəmlidir. Hər bir detal düşünülərək addım atılmalıdır. Sonradan fəsadların yaranmaması üçün bu önəmlidir”.