Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-19 15:49:09
BMU ilə AKİAB əməkdaşlıq edib

Bakı Mühəndislik Universiteti (BMU) ilə Azərbaycan Korporativ İş Adamları Birliyi (AKİAB) arasında əməkdaşlıq memorandumu imzalanıb.

 

Bu barədə universitetdən AzEdu.az-a məlumat verilib.

 

Bildirilib ki, universitet-sənaye əlaqələrinin genişləndirilməsi, elmi-texniki nailiyyətlərin sahibkarlığın inkişafına tətbiqi, o cümlədən tələbələrin istehsalat təcrübəsinin təşkili, məzunların işə cəlb edilməsi, iş adamlarının iştirakı ilə görüş və master-klasların keçirilməsi kimi mühüm istiqamətləri özündə ehtiva edən sənədi BMU-nun rektoru, professor Havar Məmmədov və AKİAB-in direktoru Vəfadar Babayev imzalayıblar.

 

AKAİB-in nümayəndə heyəti ilə BMU-da keçirilən görüş çərçivəsində imzalanan sənədin əhəmiyyətindən danışan rektor Havar Məmmədov bu əməkdaşlığın uğurlu olacağına, səmərəli nəticələrin əldə ediləcəyinə inamını dilə gətirib.

 

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qeyri-neft sektorunun sürətli və rəqabətədavamlı inkişafının təmin olunması istiqamətində həyata keçirilən davamlı iqtisadi islahatları vurğulayan Havar Məmmədov son illər müasir texnologiya ilə təchiz olunmuş sənaye parklarının, iqtisadi zonaların,  yeni istehsal sahələrinin yaradıldığını bildirib. Belə bir şəraitdə ən müasir texnologiyalarla işləmək bacarığı olan, bilikli, yeni dövrün tələbləri ilə ayaqlaşan kadr hazırlığının vacibliyini önə çəkən rektor BMU-da istehsalat müəssisələri arasında əlaqələrin qurulmasının daim diqqət mərkəzində saxlanıldığını və bu yöndə əldə olunan müsbət nəticələri qeyd edib.

 

Universitet-sənaye əməkdaşlığının daha da gücləndirilməsi üçün görüləcək işlərlə bağlı fikirlərini bölüşən Havar Məmmədov nəzəri biliklərlə təcrübənin birləşdirilməsi, əmək bazarının tələblərinə cavab verən yüksəkixtisaslı kadr hazırlığı, bu prosesə istehsalatda əsaslı yer tutan qurumların cəlb edilməsi, ali təhsil müəssisəsində əldə edilən  bilik və bacarıqların sənayenin təcrübəsi və maliyyə gücü ilə birləşdirilməsinin iqtisadi inkişafın təmin edilməsində oynadığı rol və s. vacib məqamlara toxunub.

 

Sonra AKİAB-in direktoru Vəfadar Babayev və İdarə heyətinin sədri Şirin Şərifov təmsil etdikləri qurumin fəaliyyət və məqsədləri haqda ətraflı məlumat veriblər. Qeyd olunub ki, biznes platforması kimi fəaliyyət göstərən AKİAB-in məqsədi korporativ idarəetmə sisteminin tətbiqi istiqamətində səyləri artırmaq, innovativ metodları yaymaq və iş adamlarının biznes fəaliyyətində vəziyyətini yaxşılaşdırmaq, korporativ idarəetmə sisteminin gücləndirilməsini qorumaq və inkişaf etdirməkdir. 400-ə yaxın partnyoru birləşdirən AKİAB ali təhsil müəssisələri ilə əlaqə quraraq, bu əməkdaşlıq çərçivəsində iş dünyasının yüksəkixtisaslı kadrlara olan tələbatının ödənilməsinə dəstək olmağa çalışır.

 

Görüşdə iştirak edən “Status Group” MMC-nin rəhbəri Bəşir Ağayev, “Rain+” MMC-nin (Reklam Agentliyi) rəhbəri Tural Mirzəyev, "Qanun" mühasibatlıq xidmətlərinin rəhbəri Xanoğlan Ramazanov, “ENBC GROUP”- un (Beton konstruksiya şirkəti) rəhbəri  Elşad Nəbiyev, Bakı Tekstil Fabrikinin rəhbəri Elçin Babayev, “Destec Group” MMC-nin (İRP sistemlərin qurulması) rəhbəri Sakit Səmədov, “Arbitro”nun (Hüquq  şirkəti) rəhbəri Nəcəf Əliyev, “Dadaşsoy BS”-nin (Biznes konsultasiyalar və biznes təlimlər) rəhbəri Elxan Sultanlı, “Pro neo” istehsalat şirkətinin rəhbəri Ramil Qurbanov çıxış edərək, təmsil etdikləri müəssisə və şirkətlərinin fəaliyyəti, hədəfləri ilə bağlı görüş iştirakçılarını məlumatlandırıblar.

 

Tədbir qarşılıqlı maraq doğuran məsələlər, səsləndirilən təklif və təşəbbüslər ətrafında aparılan müzakirələrlə başa çatıb.