Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-16 12:00:53
Azərbaycan - Türkiyə Universiteti: Təhsil sahəsində yeni cığır açılır


Şəhla Aslan İbişova:  “Bu ali təhsil müəssisəsi tələbələri sürətlə dəyişən dünyada tələb olunan bilik və bacarıqlara yiyələndirə biləcək”

 


"Türkiyə-Azərbaycan Universiteti ilə bağlı qanunvericilik səviyyəsində də addım atılacaq və fəaliyyətə başlaması gecikən bu universitetin yaxın gələcəkdə fəaliyyətə başlamasını təmin edəcəyik".

Bunu Azərbaycanda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevlə geniş tərkibdə görüşdən sonra mətbuata bəyanatda bildirib.

Qardaş ölkə lideri diqqətə çatdırıb ki, bu istiqamətdə sürətli addımlar atılacaq.

Sözsüz ki, ortaq universitetin yaradılması Azərbaycanın təhsil sistemində yeni bir cığır açacaq.


Türkiyə-Azərbaycan Universitetinin yaradılmasının Azərbaycan təhsilinə vəd etdiyi yeniliklərlə bağlı AzEdu.az-a danışan araşdırmaçı yazar, təhsilin idarəedilməsi üzrə doktorant Şəhla Aslan İbişova qeyd edib ki, Azərbaycanla Türkiyə arasında olan bugünkü yüksək səviyəli qardaşlıq münasibətinin gələcək nəsillərə ötürülməsi üçün ən uyğun yol təhsil sahəsidir:

 

“Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair ilk rəsmi açıqlama bu günlərdə prezident R.T. Ərdoğandan gəldi. Buna qədər məsələ arzu olaraq qalırdısa, artıq bu istiqamətdə rəsmi işlərə başlanıldığını söyləyə bilərik. Hazırda hər iki ölkənin elm adamları, təhsil mütəxəssisləri hüquqi və texniki məsələlərlə bağlı müzakirələr aparırlar. Gərəkli hüquqi tənzimləmələr tamamlandıqdan sonra universitet açılacaq”.

 No description available.

Həmsöhbətimiz qeyd edib ki, hazırki prosesə qədər Azərbaycanda Türkiyə ali təhsil təcrübəsinin tətbiq edildiyi bir universitetin olmasının vacibliyini dəfələrlə dilə gətirib:

 

“Hətta Türkiyədə təhsil alan bir qrup araşdırmaçı dostlarımızla birlikdə ötən illərdə Azərbaycan Prezidenti İlham Əliyevə müraciət də imzalamışıq. Şəxsən görüşdüyüm Türkiyənin təhsil sahəsindəki rəsmi şəxsləri, YÖK (Yüksək Öyrətim Qurumu) əməkdaşları ilə bu haqda müzakirələrimiz çox olub. Universitetin yaradılmasının vacibliyi haqqında ortaq fikirlərimizi bölüşmüşük. Məqsədimiz Azərbaycanla Türkiyə arasında olan bugünkü yüksək səviyyəli qardaşlıq münasibətinin gələcək nəsillərə ötürülməsi üçün ən uyğun yol olan təhsil sahəsində daha çox işlərin görülməsi gərəkdiyinə diqqət çəkmək olub. Ortaq universitet arzumuz da buradan yaranıb”.

 

Müsahibimizin fikrincə, Azərbaycan-Türkiyə Universiteti təhsildə davamlı əməkdaşlıq ortaq mədəni dəyərlərimizin gələcəyə daşınması baxımından çox əhəmiyyətlidir:

 

“Əlbəttə, əməkdaşlığa dair iki ölkənin təhsil qurumları arasında çox sayda sənədlər imzalanır. Lakin tətbiqdə həmin işlər və ya layihələr elə kağız üzərində qalır, sonra da unudulur. Təəssüf ki, sözügedən ortaq universitetin açılması məsələsində də gecikirik.

Aydın məsələdir ki, keçmişin ortaq mədəni irsini qoruyub gələcək nəsillərə ötürmək bir vəzifədir. Universitetlərin həm də bu məsuliyyətli vəzifəni yerinə yetmək öhdəlikləri var. Hesab edirəm ki, sözügedən universitetin yaradılması ilə iki ölkə arasındakı tarixi, mədəni və ictimai əlaqələrin daha da inkişaf etdiriləcəyi və davamlı olması istiqamətində mühüm töhfələr olacaq”.

 

Müsahibimiz, Türkiyə universitetlərinə marağın güclü olmasını oradakı təhsil mühitinin, tələbələrin sosiallaşması, özünü inkişaf üçün yaradılan imkanların və s. Azərbaycan universitetləri ilə müqayisədə öndə olması ilə izah edir:

 

“Baxın, Azərbaycanda Türkiyə universitetlərinə maraq güclüdür. Niyə? – Çünki buradakı təhsil mühiti, tələbələrin sosiallaşması, özünü inkişaf üçün yaradılan imkanlar və s. Azərbaycan universitetlərinə görə çox-çox öndədir. İki ölkə gənclərinin formalaşmasında böyük rol oynayacaq bu universitet də eyni zamanda, tələbələri sürətlə dəyişən dünyada tələb olunan bilik və bacarıqlara yiyələndirə biləcək.

Hazırda Türkiyədə təxminən 35 min azərbaycanlı tələbə təhsil alır. Azərbaycanda təhsil alan türkiyəli tələbələrlə müqayisədə bu olduqca böyük rəqəmdir. Sözügedən universitetin fəaliyyətə başlaması nəticəsində daha çox türkiyəli gənc Azərbaycanda təhsil ala biləcək, buradakı mühiti, kültürü, mədəniyyəti yerində görmüş olacaqlar. Yeni nəslə iki ölkə arasındakı qardaşlıq münasibətinin tarixi köklərinin nəyə əsaslandığı və yaşadılmasının əhəmiyyəti elmi şəkildə tədris olunacaq, eyni zamanda tələbələrin ölkəni kəşf etmə fürsətləri olacaq, görərək, yaşayaraq öyrənəcəklər. Bu çox önəmlidir. Fikrimcə, ortaq universitet gələcək münasibətlərimiz üçün ciddi sərmayə mahiyyətindədir.

 

Məhz bu səbəblə, bu təhsil qurumu keyfiyyətli universitet anlayışına sadiq qalaraq inzibati binanın yerləşdiyi ərazidən tutmuş, zəngin kitabxanası, professor-müəllim heyətinin akademik fəaliyyəti, verilən bilginin keyfiyyəti, təqdim olunan texnoloji avadanlıqlar, yaradılacaq öyrənmə şəraiti, təşkilati kültürü müasir tələblərə uyğun olarsa, universitetin uğuru təbii şəkildə baş verəcək”.

 

Araşdırmaçı yazar son olaraq əlavə edib ki, yaradılacaq ortaq universitetdə müəssisənin idarəçiliyinə məhz işin ustası olan kadrlar cəlb olunmalıdır:

 


“Açılacaq fakültələrə, tədris olunacaq fənlərin seçilməsinə, dərs proqramlarına ciddi diqqət yetirilərsə, öz sahəsində mütəxəssis olan kadrların pedaqoji prosesə cəlb olunması, tələbələrin qəbul şərtləri və digər məsələlər yüksək peşəkarlıqla həyata keçirilərsə, universitet tələbələr üçün çox cəlbedici hala gələcək. Eyni zamanda hər iki ölkə üçün müsbət nəticə hasil olunacaq”.