Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-16 12:55:00
Psixoloq yaddaşında iz qoyan şagirddən DANIŞDI

Hər insanın psixoloji vəziyyəti fərqli olduğu kimi, məktəbdə parta arxasında əyləşən şagirdlərin də müxtəlif xarakterləri var. Uşaqların psixoloji vəziyyətlərinin formalaşmasında məktəb mühiti olduqca böyük əhəmiyyət daşıyır.

 

Şagirdlərin bəziləri sosial, gülərüz, bəziləri isə qaradinməz və aqressiv olurlar.

 

Azərbaycan Psixlogiya Akademiasının psixoloqu Ezgi Şahin AzEdu.az-a açıqlamasında məktəbdə işlədiyi dönəmlərdə ən çox yaddaşında qalan şagird haqqında danışdı. 

 

O, sözügedən şagirdin olduqca asossial biri olduğunu və yaşıdları tərəfində daim ayrı-seçkiliyə məruz qaldığını söylədi:

 

“Məktəbdə işlədiyim dönəmlərdə Adnan adında bir şagird var idi. Həmin uşaq geyim tərzinə görə digər şagirdlər arasında daim ayrı-seçkiliyə məruz qalırdı. Adnanın olduğu sinifdə psixoloji dərs zamanı bir slayd və videoçarx hazırlamışdım. Həmin videonu uşaqlar maraqla izləsin deyə, müxtəlif çərəzlər alıb onlara paylamışdım. Sözügedən videoda insanları geyiminə görə mühakimə etməyin doğru hərəkət olmadığı, görünüşdən, geyim tərzindən daha önəmli nüansların olduğu süjetlər vurğulanırdı. Müşahidə etdim ki, şagirdlərin hamısı həmin qısa filmdən nəsə dərs çıxardı...

 

Zəng çalınandan sonra Adnan yanıma gəldi və mənə təşəkkür etdi. Düzünü desəm, Adnan yanıma gəlib təşəkkür etdikdən sonra onun geyiminə görə içinə qapanıq və asossial olduğunu anladım. Necə desəm, ailə vəziyyəti o qədər də yaxşı olmadığı üçün bir qədər baxımsız uşaq idi. Ətrafdakı uşaqlar da buna görə onu xoşlamır, ünsiyyət qurmağı sevmirdilər. Buna görə də həmişə arxada oturub, səssiz olmağa üstünlük verirdi.

 

Filmin sonunda qeyd edilən cümlə Adnana lap çox təsir etmişdi. Cümlə belə idi:

“Nə insanlar gördüm üstündə paltar yox, bir də nə paltarlar gördüm içində insan yox!”.

Demək olar ki, 5 ildir onu görmürdüm. Ötən günlərdə mənə mesaj yazdı və məktəbi bitirdiyini dedi. Həmçinin, ali məktəb imtahanından yaxşı nəticə göstərdiyini və özgüvəninin yaranmasını mənim sayəmdə olduğunu bildirdi. Onun sözləri məni çox duyğulandırdı...”.