Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-01 11:45:00
Dərsliklərdə ən çox hansı tələblər pozulub? – Müəlliflərin riayət etmədikləri qaydalar

Son günlər dərsliklərdə  gözədəyən   yanlış məlumatlar, təhriflər,  media və sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Kitablarda şagirdləri yanlış yönəldən, onlara dərsdən yayınmanı aşılayan məlumatlara rast gəlinir.

Bundan əlavə, orta məktəb dərsliklərinin müxtəlif siniflərində verilən məlumatlar bir-birini təkzib edir. Bu, ali təhsil müəssisələrinə qəbul imtahanına hazırlıq zamanı şagirdlərdə çaşqınlıq yaradır.

Bəs dərsliklərdəki bu boşluq nədən qaynaqlanır? Ümumiyyətlə, onlar hüquqi cəhətdən necə tənzimlənir və qanunvericilikdə onlarla bağlı hansı tələblər nəzərdə tutulub?

AzEdu.az məzmun səhvlərinin aradan qaldırılması ilə bağlı qoyulan tələbləri araşdırmaq məqsədilə yola çıxıb. Məlum oldu ki, dərsliklərin məzmunu 2006-cı ildə təsdiq olunan qaydalarla tənzimlənir.

Dərsliklər çapdan öncə nəyə əsasən və kim tərəfindən qiymətləndirilir?

Öncə Təhsil Nazirliyi yeni dərsliklərin siyahısını müəyyənləşdirir, daha sonra isə elan edir.

Çap olunmazdan öncə onları Təhsil Nazirliyinin nəzdində yerləşən, büdcədən maliyyələşdirilməyən Dərslikləri Qiymətləndirmə Şurası nəzərdən keçirir. Şuranın üzvləri yüksək ixtisaslı mütəxəssislərdən seçilir. Şuranın üzləri bu qurumda çalışdıqları müddətdə müəllifi olduqları dərsliklərin qiymətləndirilməsində iştirak edə bilməzlər. DQŞ-nin işinə müdaxiləyə isə yol verilmir.

Nəşriyyatlar müsabiqədənkənar, öz təşəbbüsləri ilə, müəlliflə birgə kurikuluma uyğun olmaq şərtilə müəyyən dərsliklər hazırlaya bilərlər. Bu halda naşirlər dərsliyin əlyazmasını və çap olunmuş nümunəsini DQŞ tərəfindən qiymətləndirilmək üçün nazirliyə təqdim etməlidir.

Azsaylı xalqların dillərində olan, eləcə də sağlamlıq imkanları məhdud şagirdlər üçün nəzərdə tutulan aztirajlı dərsliklərin yaradılmasını isə nazirlik müəlliflərə və ya nəşriyyatlara sifariş verə bilər.

Ümumtəhsil məktəblərinin dərslikləri əsasən beş il müddətinə təsdiq olunur. Onun qüvvədə olma müddəti isə tədris planı və proqramdakı dəyişikliklər nəzərə alınmaqla müəyyənləşdirilir.

Dərsliklərin məzmunu hansı tələblərə cavab verməlidir?

Qanunvericilikdə dərsliklərin məzmunu ilə bağlı qeyd olunub ki, orada verilən məlumatlar şagirdlərin Azərbaycan xalqının milli, mənəvi dəyərləri ruhunda tərbiyə olunmasına xidmət etməlidir.  Dərslik onların öz ailəsi, xalq, vətənini sevməsinə, insan haqlarına və bəşəri dəyərlərə hörmət etməsinə yönələn ideyalardan ibarət olmalıdır.

Dərsliklər hazırlanarkən şagirdlərin yaş psixologiyası və fizioloji xüsusiyyətləri də nəzərə alınmalıdır. Dünyəvilik prinsipinə riayət edilməli, orta məktəb kitablarında səlahiyyətli mənbələrdən götürülən məlumatlar öz əksini tapmalıdır.

Dərsliklərdəki illüstrasiyalar haqqında isə qanunvericilikdə yığcam və mövzulara uyğun olması şərti əks olunub. Onlarda Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, ölkənin qoşulduğu beynəlxalq hüquqi aktlara zidd olan fikirlərə yer verilməməlidir.

Kitablarda milli, dini, irqi, cinsi və siyasi ayrıseçkilik təbliğ edən fikirlər, mübahisə doğuran məlumatların əks olunması qadağandır. Elmi mübahisə doğuran məsələlər əks olunmamalıdır.

Dərsliklər kurikulumlara uyğun olması, inteqrativ xarakter daşıması da əsasdır.

Dərsliklərin önündə duran əsas vəzifələrdən biri də şagirdlərdə demokratik dünyagörüşü formalaşdırmasıdır.  Bu, onların fikirlərini demokratik şəkildə ifadə etmələrinə yardımçı olacaq. Şagirdlərin standartlardan çıxması, yaradıcı təfəkkürə malik olmasında da dərsliklər və tədris proqramı önəmli rol oynayır. Qanunvericilikdə qeyd olunub ki, onlar şagirdlərə yaradıcılıq vərdişləri aşılamalı, onları düşünməyə sövq etməli, məntiqi təfəkkürü inkişaf etdirməlidir. Dərs kitabları tətbiqi xarakter daşımalı, məktəblilərdə tədqiqatçılığı inkişaf etdirməlidir.

Qeyd edək ki, qiymətləndirmə ilə bağlı bütün xərclər naşirlər tərəfindən ödənilir. Təhsil Nazirliyi belə təşəbbüsləri maliyyələşdirmir, lakin nəşriyyatlar dərslikləri valideynlərə və məktəblərə satmaqda və təbliğ etməkdə sərbəstdirlər.

Məktəblərə pulsuz verilən dərsliklərin cildinin arxasında “Pulsuzdur” sözü yazılır. Onlarda tədrislə əlaqəsi olmayan reklamlara isə yol verilmir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları