Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-07 13:33:37
Füzulidəki peşə məktəbində PUA-larla bağlı ixtisas olacaq

Son üç ildə peşə təhsili üzrə tələbə qəbulunda 30 faiz artım qeydə alınıb.

AzEdu.az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru vəzifəsini müvəqqəti icra edən Ceyhun Kərəmov media nümayəndələri ilə keçirilən görüşdə deyib.

Onun sözlərinə görə, yüksək texniki peşə təhsili səviyyəsinə son 3 ildə 1466 tələbə qəbul olunub:

“Yüksək texniki peşə təhsilini əhatə edən tələbə sayı 9200 nəfərə çatıb. 4 min nəfər peşə təhsilində qısa müddətli təlimlərə cəlb edilib. Hər il 15 nəticə əsaslı peşə təhsili proqramı icra olunur. 15 min nəfər qısamüddətli ixtisasartırma təhlili proqramlarına cəlb olunub. Peşə təmayüllü siniflərin olduğu məktəblərin xüsusi çəkisi 15 faizə çatıb”.


C.Kərəmov bildirib ki, peşə təhsilində tələbə və məzunların peşəkar inkişafı və məşğulluğunun dəstəklənməsi məqsədilə 7 karyeraya mərkəzi qurulub.

Onun sözlərinə görə, bu mərkəzlərdə innovativ metodlarla karyera planlanmasına dəstək verilir. Son üç ildə keçirilən əmək yarmarkalarında 3 mindən çox tələbə işlə təmin olunub.


Ceyhun Kərəmov Tikinti sahəsində ixtisaslara qəbul az olur

Agentlik rəhbəri deyib ki, bu gün daha çox aşpazlıq və dərzi  ixtisaslarına müraciət olunur.

“Onlar əmək bazarında kifayət qədər ehtiyac olan ixtisaslardır. Növbəti sıralarda isə aqroservis, bərbər-vizajist və s. kimi istiqamətlər gəlir”.

C.Kərəmov deyib ki, Füzulidə tikiləcək peşə təhsili müəssisəsində PUA-ların texniki strukturunun yığılması ilə bağlı ixtisas nəzərdə tutulub.

Onun sözlərinə görə, peşə təhsili sahəsində Türkuyə ilə əməkdaşlıq edilir.

Hazırda Azərbaycan-Türkiyə peşə təhsili müəssisələrinin nümunəvi nizamnaməsi hazırlanır.

C.Kərəmovun sözlərinə görə, bu sənəd yaradılacaq 2 peşə təhsili müəssisəsində tədrisin, maliyyə və idarə etmənin təşkili ilə bağlı məqamları tənzimləyəcək.

Agentlik rəsmisi bildirib ki, sənəd tamamlandıqdan sonra aidiyyəti üzrə göndəriləcək.