Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-30 15:49:00
Ekspert “Astronomiya” fənninin ləğvi barədə:”məktəblilərin ulduzla planetin fərqini bilməməsi bədbəxtçilikdi”

“İnsanlar digər planetlərə ayaq açır, koloniya salmağa hazırlaşır, bizim uşaqlar isə ulduzla planetin fərqini bilməsin? Bu, çox bədbəxt bir hadisə olardı”.

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı Yaşıl Elm platformasının redaktoru Taryel Abdullayev deyib. O, qeyd edib ki, məktəbli uşaqların astronomiya biliklərinə sahib olması üçün bir sıra işlər görülüb:

“Bildiyiniz kimi Nazirlər Kabinetinin 3 iyun 2010-cu il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları” sənədində “Astronomiya” fənn kimi tədris fənlərinin arasından çıxardılıb.

Biz Yaşıl Elm platforması olaraq "Kosmos" kitabını məktəbli uşaqların astronomiya biliklərinə sahib olması yönündə elmi mənbələrə istinad edərək hazırladıq.

Bu kitab vasitəsilə məktəblilər, orta məktəbdə tədris edilib öyrədilməyən, kainatın yaranması ilə əlaqəli elmdə ən məqbul qəbul edilən "Böyük Partlayış" nəzəriyyəsi, qalaktikalar, ulduzlar və qara dəliklərin necə formalaşdığı haqqında ilkin biliklərə yiyələnəcək, bununla yanaşı Günəş sistemi və onun planetlərini yaxından tanıyacaqlar. Kitab vasitəsi ilə, cırtdan planetlər, peyklər, asteroidlər, kometalar, ekzoplanetlərin nə olduğunu və bunların necə formalaşdığını öyrənməklə yanaşı, kosmik cihazlar və onların missiyaları ilə də yaxından tanış olacaqlar. Hər mövzuya uyğun olaraq rəngli şəkillərə yer vermişik. Kosmos əsrində yaşayıb, astronomik məlumatlara sahib olmamaq ayıbdır. Biz isə tədris edilmirsə heç olmasa məktəblilər bu kitabı əldə edib kosmosa dair məlumatlar öyrənsin deyə hazırladıq. İnsanlar digər planetlərə ayaq açır, koloniya salmağa hazırlaşırlar, bizim uşaqlar isə ulduzla planetin fərqini bilməsin? Bu çox bədbəxt bir hadisə olardı”.

T.Abdullayev vurğulayıb ki, orta məktəbdə uşaqlar daha çox humantitar fənlərə istiqamət alır:

“Çünki dəqiq fənnlər onlara çətin gəlir. Və özlərini əziyyətə salmaq, elm adamı olmaq istəmirlər. Bu gün və gələcəkdə isə dominantlıq elm sahələrindədir".