Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-11 14:46:39
Abşeron Logistika Mərkəzində tələbələrlə görüş keçirilib

Bakı Mühəndislik Universitetinin (BMU) Mühəndislik fakültəsinin Logistika və nəqliyyat texnologiyaları ixtisası üzrə təhsil alan bir qrup tələbəsi ilə Abşeron Logistika Mərkəzində görüş keçirilib.

 

Görüşdə BMU-nun Mühəndislik fakültəsinin dekanı Hüseyn Mirzəyev, Logistika və nəqliyyat texnologiyaları kafedrasının müdiri Bəxtiyar Namazov, kafedranın dosenti Nicat Kərimov, Abşeron Logistika Mərkəzinin İdarə Heyətinin sədri Ziya Ağayev, İdarə Heyətinin sədr müavini Əfqan Məmmədov, Mərkəzin İnsan resursları şöbəsinin müdiri İradə Mikayılova iştirak edib.

 

Z.Ağayev görüş iştirakçılarına müasir logistikanın tələbləri, inkişaf istiqamətləri, təchizat zəncirinin idarəetmə proqramları, anbar logistikası və onun avtomatik idarə olunma sistemləri barədə məlumat verib.

 

Tələbələrin logistikaya baxışı, maraq sahələri, təcrübə proqramlarında iştirak, tədris prosesində müvəffəqiyyətləri və digər məsələlərlə də maraqlanan mərkəz rəhbəri logistika sahəsində praktiki biliklərə yiyələnməsində onlara lazımi köməkliyin göstəriləcəyi, həmçinin BMU təcrübə proqramlarına xüsusi diqqətin olacağını bildirib.

 

Görüşdə işə cəlb olunma müsabiqələrində tələbələrin fəallığının artırılması məsələləri də vurğulanıb.

 

Dekan H.Mirzəyev və kafedra müdiri B.Namazov da çıxışlarında Mərkəz və BMU arasında bağlanan əməkdaşlıq müqaviləsinə uyğun olaraq, tələbələrin istehsalat təcrübə proqramlarının, seminarların təşkili, məzunların işlə təminatı məsələsində verdiyi dəstəyə görə minnətdarlıqlarını bildiriblər.

 

Görüşdə, həmçinin Abşeron Logistika Mərkəzinin BMU-da Logistika üzrə laboratoriyasının yaradılması nəzərdən keçirilib.