Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-26 13:10:00
Planetin ən böyük alimlərini yetişdirən olimpiada – Gənclərimiz orada hansı uğurları qazanıb?

Yeniyetmələrin təbiət elmləri üzrə Beynəlxalq Elm Olimpiadası-İJSO (İnternational junior science olympiad) keçiriləcək. Fizika, Kimya, Biologiya fənlərini əhatə edən olimpiadada yaşı 16-dan çox olmayan şagirdlər iştirak edə bilərlər.

AzEdu.az  yarışmada iştirak edəcək şagirdləri təlimatlandırmaq məqsədilə, olimpiadanın gedişi, imtahanın keçirilmə qaydaları haqda məlumatları təqdim edir:

Şagirdləri elmi araşdırmaya yönəldən olimpiada...

Olimpiada ilk dəfə 2004-cü ildə İndoneziyada 33 ölkənin iştirakı ilə keçirilib. Hazırda hər il dekabrın ilk 10 günü 50 ölkənin iştirakı ilə təşkil olunur. Onun əsas məqsədi şagirdlər arasında təbiət fənlərini populyarlaşdırmaq, istedadlı şagirdlərin elmi araşdırma istiqamətində inkişafına maraq oyatmaq və dünyanın müxtəlif yerlərindən olan yeniyetmələr arasında dostluq yaratmaqdır.

Olimpiadada hər ölkə 3 yeniyetmə məktəblidən ibarət bir və ya iki komanda, 3 rəhbər ilə iştirak edə bilər. Burada suallar ingilis dilində verilsə də, komanda rəhbərləri onları iştirakçılar üçün qabaqcadan ana dillərinə tərcümə edə bilərlər. Olimpiada zamanı mədəniyyət gecəsi təşkil olunur. Bu zaman iştirakçılar öz ölkələrinin mədəniyyət nümunələrini nümayiş etdirmək imkanı qazanırlar.

Olimpiada hansı şərtlər əsasında keçiriləcək?

İlk iki seçmə imtahan əsasında müəyyən olunacaq komanda üzvləri ikiaylıq müntəzəm dərslərə, laboratoriya hazırlığına və xüsusi məşğələlərə cəlb olunaraq hazırlıq prosesində iştirak edəcəklər.

Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadası üç fəndən test, nəzəriyyə və praktik imtahan olmaqla 3 mərhələdə həyata keçirilir. I və II mərhələ üçün 3, praktiki imtahan üçün isə 4 saat vaxt verilir. İmtahanlar ayrı günlərdə həyata keçirilir. Test və nəzəriyyə imtahanın balı ayrı-ayrılıqda hərəsi 30 bal olmaqla hesablanır. Praktiki imtahan isə 40 baldır. Test və nəzəriyyə imtahanımda şagirdlər fərdi, praktiki imtahanda isə komanda şəklində yarışırlar. Praktiki imtahan zamanı tapşırıqlar verilir və 3 nəfərlik komanda tərəfindən birlikdə yerinə yetirilir.

Müsabiqə nəticəsində neçə nəfər mükafatlandırılır?

Qaydalara əsasən olimpiadada iştirak edən şagirdlərin ən çoxu 60%-i mükafatlandırılır. Belə ki, qalib şagirdlər 1:2:3 nisbətində I,II,III diplomu və müvafiq olaraq qızıl, gümüş və bürünc medallarla təltif olunurlar.

Azərbaycan məktəbliləri 2004-cü ildən etibarən Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadasında iştirak edir və 1 qızıl, 6 gümüş, 20 bürünc medal olmaqla cəmi 27 medal əldə ediblər. Bu medalların 15-i isə son üç ildə qazanılıb.

Qeyd edək ki, IJSO-2018 seçmə imtahanlarından birinci mərhələsi 30.09.2018-ci il tarixdə saat 10:00-da Fizika, Riyaziyyat və İnformatika təmayüllü liseydə yerləşən Beynəlxalq Olimpiadalara hazırlıq mərkəzində keçiriləcək. Seçmə imtahanında iştirak etmək istəyən şagirdlərin qeydiyyatı isə artıq yekunlaşıb.

İmtahan zamanı şagirdlərin kakulyatordan istifadə etməsinə icazə verilir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları