Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-26 11:24:24
Partlayışda yaralanmış uşaqların vəziyyəti ağırdı

“5 nömrəli Şəhər Klinik Xəstəxanasına baş çəkərək Biləsuvar rayonundakı yaşayış binasında baş vermiş güclü partlayış nəticəsində ağır yaralanmış Əliyeva Fərqanə Fərqan qızı və Əliyev Yusif Fərqan oğlunun müalicəsi ilə maraqlandıq”.

AzEdu.az xəbər verir ki, bunu Milli Məclisin Biləsuvar rayonundan olan deputatı Bəhruz Məhərrəmov bildirib.

O deyib ki, xəstəxanada müalicə olunan uşaqların həkimləri və yaxınları ilə söhbət edib.

“Durumları hələ ki ağırdır. Allahdan uşaqlara şəfa, partlayışda həyatını itirmiş Günay Əliyevaya isə rəhmət diləyirik”, - deyə deputat bildirib.


Xatırladaq ki, aprelin 24-də Biləsuvarda beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən mənzildə güclü partlayış baş verib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, hadisə nəticəsində 1988-ci il təvəllüdlü Günay Əliyevanın meyiti dağıntılar altından çıxarılıb.

Mərhumun iki övladı - Əliyeva Fərqanə Fərqan qızı və Əliyev Yusif Fərqan oğlu isə yaralı halda xilas edilərək xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (ağır nəticələrə səbəb olan səhlənkarlıq) maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı davam etdirilir.

İlkin ehtimala görə, partlayışa səbəb qaz sızması olub.