Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-20 15:07:37
Tarix İnstitutunun direktoru həyəcan təbili çaldı: “Tariximizi düzgün yazmamışıq”

"Respublikamızın təhsil müəssisələrində tarixin tədrisi konsepsiyası kökündən yanlışdır. Daha öncə də qeyd olunduğu kimi, 5-8-ci siniflərdə keçirilənlər 10-11-ci sinifdə, sonra ali məktəbdə xronoloji ardıcıllıqla təkrar olunur. Bu təkrarlar biliyin möhkəmləndirməsinə imkan yaratmaq əvəzinə, bir xaos yaradır".

AzEdu.az xəbər verir ki, bunu AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun baş direktoru Kərim Şükürov Əqli Mülkiyyət Agentliyinin təşkilatçılığı ilə “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya əzəli Azərbaycan-Türk torpaqları olan Zəngəzur həqiqətləri” mövzusunda keçirilən konfransda söyləyib.

O, həmçinin qeyd edib ki, ali məktəblərdə tarixi problemlərə bölmək olar və bunun nəticəsində tələbə də öz bilik bazasını möhkəmləndirə bilər.

"Biz nə ölkə kimi ölkənin, nə də xalq kimi xalqın tarixini yazmışıq. Ona görə də, buna konseptual yanaşaraq, 15 cilddən ibarət Azərbaycan tarixini yazmağı planlaşdırırıq".

Onun sözlərinə görə, hazırda bunun üzərində işlər aparılır.

 

“Dövlətin rəsmi tarixi olmalıdır. Düşünürəm ki, çox qısa zamanda bircildlik kitab lazımdır. Sonuncu dəfə belə bir nəşr 1993 və 1995-ci ildə biri rus, biri də Azərbaycan dilində çap olunub. Təsəvvür edin rus dilində olan kitabda da Azərbaycan xalqının formalaşması adlı bir paraqraf mətnin içərisində deyil, kitaba əlavə şəklindədir. O, XX əsrin əvvəlinə qədər, Azərbaycan dilində olan kitab da XX əsri əhatə edir. Sonrası yoxdur. Açıq deyim ki, bu sahədə bizim vəziyyətimiz elə də ürəkaçan deyil.

Bəzən deyirlər ki, Tarix İnstitutu dünya səviyyəsinə çıxa bilmir. Mən də deyirəm ki, hələ ölkə səviyyəsində özümüzü təqdim edə bilmişikmi, dünya səviyyəsinə də çıxa bilək. Tarix İnstitutunun çox zəif potensialı var. Dövlətin, millətin bizim qarşımıza qoyduğu vəzifələri icra edə bilmirik. Bizə mixi yazıları bilən, pəhləvi dilini bilən mütəxəssislər lazımdır. "Elm" Fonduna da müraciət edirik, dövlət səviyyəsində də bu məsələni qaldırırıq. Müzakirələr gedir, lakin perspektivdə buna nail ola bilmirik. Biz bu il və gələn il ərzində bunu edə bilməsək, Azərbaycanın bu dövrünü tədqiq edən mütəxəssisimiz olmayacaq".