Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-20 14:48:00
“Rektorun qəbul otağı” - Memarlıq və İnşaat universitetinin rəhbəri tələbələrə əlçatandırmı...

AzEdu.az “Rektorun qəbul otağı” rubrikasında tələbə və rektor münasibətlərini öyrənmək üçün universitetlərə müraciət edir.

 

Burada əsas məqsəd ali təhsil müəssisələrində rektorların tələbələr üçün əlçatan olub-olmadığını ictimayətə təqdim etməkdir.

 

AzEdu.az-ın budəfəki yazısı Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru Gülçöhrə Məmmədovanın qəbul günləri ilə bağlıdır.

 

Memarlıq doktoru, professor, Gülçöhrə Məmmədova 1999-cu ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru təyin edilib. 

 

AzMİU-da təşkil olunan “Açıq qapı” günləri barədə Universitetin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nicat Abdullayev bildirib ki, təhsil ocağında tələbələrin, valideynlərin, əməkdaşların problemlərinin həll olunması istiqamətində çox ciddi addımlar atılır.

 

“Azərbaycan Memarlıq və İnşaat Universitetində tələbələrin, valideynlərin, əməkdaşların, ümumiyyətlə vətəndaşların universitetlə bağlı müraciətlərinə baxılması istiqamətində ciddi addımlar atılır. Rektor müəyyən məsələlərlə bağlı demək olar ki, hər gün qəbullar keçirir. Lakin konkret olaraq, rektorun qəbul günləri də var - hər həftənin 4-cü günü, saat 15:00-dan sonra AzMİU rektorunun qəbulu olur”.

 

N.Abdullayev qəbula yazılma proseduru haqqında məlumat verib:

 

“Qəbula yazılmaq istəyən şəxs rektorluğa yaxınlaşır və müraciət edəcəyi mövzu ilə bağlı məlumat verir. Vaxt təyin olunduqdan sonra isə rahat şəkildə qəbulda iştirak edir. İkinci bir məsələ də var ki, rektorun qəbuluna onlayn şəkildə də yazılmaq mümkündür. Burada müraciət edən şəxs elektron ünvan ilə qəbula yazılır, özü və işıqlandıracağı məsələ ilə bağlı məlumat verir, sonda isə qəbul vaxtı təyin olunduqda rektorla görüşür.

Müəllimlərin qəbul günlərində iştirak etmə prosesinə gəldikdə isə ümumiyyətlə, universitetimizdə struktur rəhbərləri (prorektorlar, dekanlar, kafedra və şöbə müdirləri və s.) istənilən gün və saatda hər hansı bir məsələ ilə bağlı yaxınlaşıb rektorun qəbuluna düşə bilərlər, lakin sıravi əməkdaşlar və müəllimlər rektorla görüşmək üçün qəbula yazılmalıdırlar”.

 

N.Abdullayev qeyd edib ki, qəbulda iştirak edən şəxslər bəzən az, bəzən isə çox olur:

 

“Buna dair konkret rəqəm demək mümkün deyil. Universitetimizin idarə etməsində tədbiq olunan əsas prinsip bundan ibarətdir ki, bütün problemlər yerindəcə öz həllini tapsın. Məsələn, problem fakültə və ya kafedra səviyyəsindədirsə, yaxud tələbə-müəllim münasibətinə aiddirsə, elə ordaca həll olunur. Buna görə də, qabullar elə də çox olmur. Onu deyə bilərəm ki, xüsusi ilə semestr imtahanları ərəfəsində qəbula yazılan tələbələrin sayı digər günlərə nisbətən daha çox olur. Qəbullarda tələbə və valideynlərin qaldırdıqları məsələlər daha çox tədrislə bağlı olur.

 

Qəbulda qaldırılan məsələlərin həlli ilə bağlı elə yerindəcə tapşırıq verilir. Onların icrası yazılı şəkildə, məsələn, fükültə səviyyəsindədirsə dekana, kafedra səviyyəsindədirsə kafedra müdirinə, yaxud da sahə üzrə prorektorlara tapşırılır”.

 

 

Şöbə müdiri rektorun tələbələrlə digər görüşləri barədə də ətraflı məlumat verib:

 

“Birmənalı olaraq Azərbaycan Memarlıq və İnşaat Universitetinə qəbul olunan yeni tələbələrin hamısı ilə rektorun görüşü keçirilir. Həmin görüşdə rektorla yanaşı, prorektorlar, fakültə dekaları, ictimai təşkilatların rəhbərləri iştirak edirlər. Bu prosesdə tələbələr qayda-qanunlar və universitet mühiti ilə tanış edilir, əgər sualları olarsa, onlar cavablandırılır. Həmçinin,  universitet tədbirlərinin böyük əksəriyyətində rektor Gülçöhrə Məmmədova iştirak edir. Bu tədbirlərdə tələbələrin rektorla ünsiyyət qurma imkanı olur. 

Rektorumuz hər il yüksək balla daxil olan tələbələrlə görüş təşkil edir. İmtahanlardan sonra da rektor tələbələrlə görüşür. Ümumiyyətlə, universitetimizdə idarə etmə və iş prinsipi tələbəyönümlü qurulub. Ona görə də, tələbələrlə ünsiyyət, onların fikirlərinin dinlənilməsinə və istəklərinə uyğun yeniliklərin həyata keçirilməsinə xüsusi diqqət yetirilir”, - deyə şöbə müdiri fikrini tamamlayıb.