Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-20 14:40:00
 Uşaqlar niyə aqressivləşiblər? - Psixoloq səbəblərdən DANIŞDI

Son dövrlər valideynlərin və müəllimlərin ən çox müşahidə etdiyi problemlərdən biri də uşaqlarda formalaşan aqressiyadır. Azyaşlısından tutmuş yeniyetməsinə kimi bir çox uşaq ətrafdakılarla sərt tərzdə danışma, empatiya yoxluğu, şiddətə meyillik və s. kimi davranışlar nümayiş etdirir.

 

Bəs uşaqlarda aqressiyanı formalaşdıran nələrdir? Burada valideynin və məktəbin rolu nədən ibarətdir?

 

AzEdu.az-a açıqlama verən Peşəkar Psixoloq Akademiyasının psixoloqu Tahibə Quliyeva uşaqlarda aqressiya yaradan səbəblərdən danışıb.

 

Psixoloq aqressiyanın səbəblərinin oyunlar, ailəiçi münasibətlər olduğunu deyir.

 

“Məktəb uşaqlarında aqressiyanın əsas səbəbləri mobil telefonlarda və planşetlərdə oynadıqları oyunlarla əlaqəlidir. Oyun qəhrəmanları bir-birinə müxtəlif formalarda xəsarət yetirirlər. Günün çox hissəsini bu oyunlarla keçirən uşaqların bıçaq zərbələri, atışma səhnələri görməsi onların psixologiyasına ciddi formada təsir edir. Belə hərəkətlər uşaqların şüuraltına yeriyir və örnək davranış kimi aqressiyanın əsasını qoyur. Bu tərz oyunlar səbəbindən uşaqlar ətrafına aqressiv güc göstərişi edir və bir-birinə xəsarət yetirirlər.

Aqressiyanın digər səbəblərindən biri isə ailədə baş verən münaqişələrdir. Ailədə valideynlər arasında yaranan qalmaqallar uşaqların gözü qarşısında baş verir. Bu da onların psixologiyasında fəsadlara yol açır”.



T.Quliyeva aqressiyanın səbəbini izah edərkən filmləri də qeyd etməyi unutmayıb:

 

“Digər bir səbəb şiddət, döyüş, atışma səhnələrinin yer aldığı filmlərdir. Filmlərin əvvəlində yaş məhdudiyyəti qoyulmasına baxmayaraq, azyaşlı uşaqdan tutmuş yetkin şəxslərə kimi hər kəs bu kimi ekran işlərini izləyir. Bunun əsas səbəbkarı belə filmləri izləməyə şərait yaradan valideynlərdir. Onlar nəzərə almalıdırlar ki, şiddət tərkibli filmlər uşaqların psixologiyasına, şüuraltına mənfi təsir göstərir”.

 

Müsahibimiz deyir ki, valideynlərin və məktəbin əsas rolu uşaqları doğru yönləndirməkdir.

 

“Müəllimlərin və valideynlərin əsas rolu uşaqları düzgün yönləndirməkdir. Onları oxumağa həvəsləndirməli, bir-birinə qarşı nəzakətli olmağı, düzgün davranış qaydalarına yiyələnməyi öyrətməlidirlər. Uşaqların asudə vaxtını səmərəli formada dəyərləndirməlidirlər. Uşaqlara faydalı vərdişlər aşılanmalıdır. Onlar üzgüçülük, musiqi alətlərində ifa etmək üzrə yönləndirilə bilər”.

 

Psixoloq valideynlərə övladlarının izlədikləri şeylərə nəzarət etmək üçün bir neçə tövsiyə də verib: 
 

“Valideynlər uşaqların yanında və ya onların eşidəcəyi şəkildə mübahisə etməməlidir. Övladlarının izlədiyi yutub kanallarına, oyunlara nəzarət etməlidirlər. Onların yaşına uyğun öyrədici oyunlara, kanalları izləməyə yönləndirməlidirlər. “YouTube kids” proqramı var ki, burada uşaqlar öz yaşlarına uyğun yerləşdirilmiş videoları izləmə imkanına malikdir. Valideynlər bu sistemi tətbiq etsələr, uşaqlarda yarana biləcək aqressiyanın qarşısını ala bilərlər”.