Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-24 12:25:00
Azərbaycan tədrisində yeni  “brend”– Direktorlar  müəllimləri bununla  hər an “yaxalaya” bilərlər

Orta məktəblərdə tədris prosesinin yoxlanılması, təhsilin səviyyəsinin yaxşılaşdırılması və müəllimlərin peşəkarlıq səviyyəsinin müəyyənləşdirilməsi üçün dərsdinləmə üsullarından istifadə olunur.

Bəs məktəblərdə dərsdinləmələr necə həyata keçirilir?

 SUAL-1 -Dərsdinləmələr zamanı hansı meyarlar nəzərə alınır ?
 SUAL-2 - Müəllimin dərsi necə və kim tərəfindən dinlənilməlidir ?

Ümumi təhsil məktəblərində dərslər məktəb rəhbəri, təlim-tərbiyə işləri üzrə direktor müavini (TTİDM), məktəbin psixoloqu, metod birləşmə sədrləri, eyni ixtisas müəllimləri tərəfindən dinlənilə bilər. Məktəb direktorunun vəzifə funksiyalarına nəzər salsaq, görərik ki , onun vəzifələrinə pedaqoji kollektivin təlim-tərbiyə işinin səmərəliliyinə nail olmaq, onların vəhdətini təmin etmək, tədrisdə müasir metodlardan istifadəni təmin etmək, təlimin keyfiyyətinin yüksəldilməsi istiqamətində ardıcıl işlər görmək və s, işlər aiddir.

TTİDM isə orta təhsilin keyfiyyətli həyata keçirilməsinə, təlim-tərbiyə və metodiki işlərin düzgün qurulmasına proqramlarının vaxtında yerinə yetirilməsinə görə məsuliyyət daşıyır və o, müəllimlərin metodiki fəaliyyətini istiqamətləndirir.

Məktəb rəhbərləri yuxarıda sadalanan vəzifə funksiyalarının icrası zamanı düzgün qərarlar qəbul etmək və tədrisin keyfiyyətini ölçmək üçün müxtəlif üsullardan istifadə edə bilərlər. Bunlardan ən çox istifadə olunanı isə dərsdinləmədir.

Dərsdinləmələr müxtəlif formada təşkil oluna bilər.

Bunlardan biri “Açıq dərs”lərdir ki, bu, könüllü olaraq təcrübəli, uğurlu müəllimlərin iş təcrübəsini paylaşmaq və digər müəllimlərə metodiki kömək kimi təşkil olunur. Bu zaman dərsin vaxtı, mövzusu müəllim tərəfindən seçilir və elan olunur. Açıq dərsdə məktəb rəhbərliyi, müəllimlər və kənardan dəvət olunmuş təhsil işçiləri iştirak edə bilər.

Digər dərs dinləmə forması “Qarşılıqlı dərsdinləmə”- dir ki, bu, eyni ixtisaslı fənn müəllimləri tərəfindən həyata keçirilir. Məqsəd bir-birinin təcrübəsindən yararlanmaq və gördükləri səhvləri müzakirə edərək təcrübə mübadiləsi aparmaqdır. Təlim-tərbiyə işləri üzrə direktor müavini və məktəb direktoru yuxarıda sadalanan vəzifə funksiyalarından irəli gələrək, mütəmadi şəkildə, dərslərdə oturur.

HAŞİYƏ: Əgər məktəb rəhbəri və müavin dərsdə oturursa, onun dünyagörüşü, biliyi, metodika və pedaqogika haqqında məlumatlılığı yüksək səviyyədə olmalıdır. Çünki, bu, qarşılıqlı dərsdinləmə deyil. O, dərsində oturduğu müəllimə, loru dildə desək, qiymət verəcək. Lakin məktəb rəhbərliyinin məqsədi müəllimlərin peşəkarlıq səviyyəsini müəyyənləşdirərək, lazımı metodiki göstəriş verməkdirsə, heç bir problem yoxdur…

Ümumiyyətlə, direktor və müavin dərsdinləməni müəllimlərin ötənilki nəticələrinin analizinə əsasən də apara bilər.

Demokratik və aşkarlıq prinsiplərinə əsaslanaraq işini quran məktəb rəhbəri dərsdinləmə haqqında əvvəlcədən müəllimi xəbərdar etməlidir. Eyni zamanda özünün həftəlik və ya aylıq fəaliyyət planına dərsdinləmələri də əlavə edə bilər. Dərsdinləmə cədvəli və ya qrafiki tutub bütün siniflərdə tədrisin vəziyyətini müəyyənləşdirə bilər. Təlim-tərbiyə işləri üzrə direktor müavini isə dərslərdə daha çox oturmalı və müəllimlərə lazımı metodiki göstərişi verməlidir.

Bəs dərsdinləmə zamanı nələrə diqqət etmək lazımdır?

-Dərsdinləmə zamanı dərsi müşahidə edilən müəllimin dərs boyu seçdiyi standartları reallaşdırmasına;
-motivasiyanın düzgün qoyulmasına;
-fəndaxili və fənlərarası ineqrasiyadan səmərəli istifadə etməsinə;
tədqiqat sualının düzgün seçilməsinə;
-müəllimin nitqinin aydınlığına, parazit sözlərdən istifadə edib – etməməsinə;
-müəllimin fassiltator bacarığına;
-pedaqoji ustalığına və s. nəzər salınır.

*Fasilitasiya – ingilis dilində “fasiliciation” - əlverişli şərait yaratma deməkdir. Yəni, müasir dərslərdə şagirdlərin öyrənməsi üçün əlverişli şərait yaradılmalıdır.

Dərsdinləmə zamanı kimliyindən asılı olmayaraq heç kəs dərsin gedişinə bilərəkdən mane ola bilməz. Dərsi yarımçıq kəsib şagirdlərə suallar vermək, müəllimi çətin və çıxılmaz vəziyyətə slmaq, şagirdlərin yanında dərsi bəyənmədiyini demək və müzakirə etmək qəti yol verilməzdir. Sözsüz ki, dərsdinləmə müzakirə olunmalıdır, lakin dərsdə iştirak edən müəllimlərin iştirakı ilə, yalnız dərs bitdikdən sonra. Dərsdinləməyə görə yarım ilin və ilin sonu təlim-tərbiyə işləri üzrə direktor müavini müəllimlərin reytinq cədvəlini hazırlaya, müəllimlərə hansı metodiki köməyi təşkil edəcəyini planlaşdıra bilər. Eyni zamanda “Dərsdinləmə” kitabında ilin sonunda qiymətləndirmə aparıb “Mətəbimizin ən yaxşısı” adı altında həmin müəllimlərin mükafatlandırılması üçün məktəb direktoruna təqdimat yazar.

“Nənəm həmişə deyirdi: “çirkli evə qonaq gələr”.

Sonda bildirmək istəyirəm ki, “Dərsdinləmə” inzibati xarakter daşımamalı, məktəbin sağlam mühitinə təsir göstərməməlidir. Nənəm həmişə deyirdi: “çirkli evə qonaq gələr”. İndi, əziz müəllimlər, hər gün dərsinizə hazırlaşın ki , direktorun tənbehi ilə qarşılaşmayasınız.

Elşən Ramizoğlu