Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-17 13:53:00
Azərbaycan Linqvistika Olimpiadasının final mərhələsi keçirilib

Paytaxtdakı Məktəb-Lisey Kompleksində (MLK) Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI qrant müsabiqəsinin ümumi təhsil kateqoriyası üzrə qalibi olmuş “ALO- Azərbaycan Linqvistika Olimpiadası” layihəsinin final mərhələsi keçirilib.

Şagirdlər final mərhələsi üzrə tapşırıqları yerinə yetirib, müxtəlif fəaliyyətlərə dair interaktiv  çıxışlar dinlənilib. 

 

Bu barədə BŞTİ-dən AzEdu.az-a məlumat verilib.

 

Bildirili ki, tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, Elm və Təhsil Nazirliyinin Tədqiqat və innovasiya sektorunun müdiri səlahiyyətlərini icra edən Vüsalə Əliyeva, İdarənin Məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun müdiri Günay Qurbanova, Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov, məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak ediblər.

 

Tədbir Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

 

Tədbiri giriş sözü ilə layihənin rəhbəri, MLK-nin direktoru Esmira Quliyeva açaraq layihənin əhəmiyyətindən, şagirdlərin gələcək inkişafına təsirlərindən danışıb.

 

BŞTİ-nin müdiri Mehriban Vəliyeva təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabətin və innovativ fəaliyyətin stimullaşdırılması baxımından Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin vacibliyini vurğulayıb. Təhsildə son yeniliklərin gənclər arasında təbliğinin bu gün öz  aktuallığını qoruyan məsələlərdən olduğunu bildirən İdarə müdiri ümumtəhsil məktəblərində təhsil alan şagirdlərdə XXI əsr bacarıqlarını inkişaf etdirmək, praktik məşğələlər vasitəsilə biliklərinin gündəlik həyatda tətbiqini göstərmək və bu kimi qabiliyyətləri aşılamağın önəmini qeyd edib.  

 

Qeyd edək ki, “ALO- Azərbaycan Linqvistika Olimpiadası” layihəsinin əsas məqsədi şagirdlərin gələcəkdə Beynəlxalq Linqvistika Olimpiadasında iştirakını təmin etmək və istedadlı şagirdləri aşkara çıxarmaqdan ibarətdir. VII-XI sinif şagirdlərinin iştirak etdiyi olimpiada üç mərhələdən ibarətdir. Qaliblər hər iki mərhələdə əldə olunan nəticələrin cəminə görə müəyyənləşdirilib.