Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-14 18:28:16
“İlin Gənc Müəllimi-2022”nin qalibləri mükafatlandırıldı - FOTOLAR

Milli Məclisin Mədəniyyət Komitəsi ilə AzEdu.az Təhsil Portalının birgə keçirdiyi "İlin Gənc Müəllimi-2022" müsabiqəsinin qaliblərinin təltif olunması mərasimi keçirilib. Məqsədi motivasiya dolu həyat hekayələri, ilhamverən fəaliyyətləri ilə şagirdlərə, eləcə də müəllim həmkarlarına dəstək olan, müasir dərs metodları ilə keyfiyyətli və yaradıcı təhsil mühiti yaradan ən yaxşı 10 gənc pedaqoq mükafatlandırılıb.

 

İlk olaraq ölkənin müxtəlif bölgələrindən qalib olan iştirakçılar AzEdu.az Təhsil Portalında olublar. “İlin gənc müəllimləri” burada diplomla təltif olunublar.

 

Daha sonra müəllimlər layihənin rəhbəri Elşad Eyvazlının təşkilatçılığı ilə Milli Məclisin Mədəniyyət komitəsində olublar.

 

İlin gənc müəllimlərini qarşılayan komitə sədri Qənirə Paşayeva onlara bu çətin peşədə uğurlar arzulayıb: “Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində sizinlə Milli Məclisdə görüşürük. Ümumilli liderimizin ən sevdiyim bir sözü vardı. Deyirdi ki, "mən müəllim peşəsindən daha şərəfli peşə tanımıram". Mən ümumilli liderimizin bu sözünü çox əziz və doğma qəbul edirəm.

 

Özüm müəllim ocağında böyümüşəm, mənim anam da, atam da müəllim olublar.

 

Müəllim sözünün ağırlığını, məsuliyyətini, müəllim adının şərəfini daşımağın asan olmadığını özüm yaşamışam. Ailəmdə iki idealist müəllim olub, düşünürəm ki, onlar fərqli olurlar. Cəmiyyət idealisti, düz peşəsini layiqincə yerinə yetirməyə çalışanı dörür. Bu, elə bir sahədir ki, Azərbaycanda hər bir ailə ilə təması olan sahədir. Ona görə də, bu peşənin müqəddəsliyi bir başqadır. Biz hamımız deyirik ki, müəllimlərimizin əsəriyik. Təbii ki, ailəmizin böyük xidmətləri və zəhməti var. Yaxşı müəllim doğma övladla, mənəvi övlad arasında o qədər də fərq qoymur. Siz belə müəllimlərdənsiniz”.

 

Daha sonra çıxış edən layihənin rəhbəri, AzEdu.az Təhsil Portalının rəhbəri, Əməkdar jurnalist Elşad Eyvazlı iştirakçılara uğurlar arzulayıb.

 

Layihə barədə geniş məlumat verən E. Eyvazlı müsabiqənin yenilikçi müəllimlərin ictimaiyyətə tanıdılmasında çox böyük rol oynadığını vurğulayıb.

 

Növbəti mərhələdə qaliblər çıxş ediblər.

 

Birinci yerin sahibi, hazırda İsmayıllı rayonundakı Talıstan kənd tam orta məktəbində çalışan Orxan Əhmədov tarix fənnini tədris etdiyini bildirib: “Müəllim peşəsi həm şərəfli, həm də çətin peşədir. Bu peşəni yerinə yetirməkdən məmnunluq duyuram. Təltif olunduğuma görə, əziyyəti keçənlərə təşəkkürümü bildirirəm”.

 

İkinci yerin sahibi Səidə Quliyeva da öz fəaliyyəti barədə məlumat verib. “Ucar rayonunda Alpı kənd tam orta məktəbində direktor olaraq fəaliyyət göstərirəm, ibtidai sinif müəllimiyəm. Məktəbimizin nəticələri ortadır, amma çalışırıq ki, daha da yüksək olsun. Bizim missiyamız şəhər məktəblərindən daha çox olmalıdır ki, kəndlərdə təhsil aşağı olanda uçurum baş verə bilər”.

 

Üçüncü yerdə qərarlaşan Leyla Qarayeva Lənkəranda ucqar kəndə fəaliyyətindən danışıb: “Hazırda Lənkəran rayonundakı Jidi kənd ümumi orta məktəbində işləyirəm. İbtidai sinif müəllimiyəm. İbtidai sinif güclü olduqda digər mərhələlər də ürəkaçan olur. Nəticələrimiz yaxşıdır, çalışırıq ki, daha da yaxşı olsun. Kəndlərdə bəzən qızların oxunmasına çox da icazə verilmir, oğlanlar daha çox təhsilə köklənir. Bununla bağlı maarifləndirici işlər görülür”.

 

 

Növbəti yerin sahibi Vasif Şıxıyev Şamaxıdakı təhsil barədə məlumat verib: “Şamaxı şəhər 10 nömrəli tam orta məktəbində çalışıram. Məktəbdə uğurlarımız çoxdur. Mən özüm müəllim ailəsində böyümüşəm, bunun məsuliyyətini tam başa düşürəm. Məktəbimizdə əsas problemlərə gəldikdə isə bu, yerləşmə ilə bağlıdır. Şagirdlərimizin sayı oxdur, məktəbin həcmi isə aşağıdır. Bunun həll olunmasını çox istəyərdik. Daha sonra dərslərimizin daha maraqlı keçməsi üçün keçdiyimiz məsələn, qalaları, abidələri əyani göstərərək keçirik. Bu da uşaqlarda dərsə həvəsi artırır”.

 

Beşinci yerdə qərarlaşan Ülviyyə Abdulova da öz təcrübələrini iştirakçılarla bölüşüb: “ Abşeron rayon Məmmədli kənd tam orta məktəbində müəllim olaraq fəaliyyət göstərirəm. Düşünürəm ki, biz bir müəllim olaraq şagirdlərmizi sadəcə elmlə silahlandırmırıq, həm də şəxsiyyət kimi formalaşdırırıq. Adətən şagirdlərə Vətəni sev deməli deyilik, Vətəni sevməyin necə ülvi bir hiss olduğunu başa salmalıyıq. Şagirdlə bağlı layihələrimiz çoxdur, onları həyata keçirməyə çalışırıq. Düşünürəm ki, balaca bir şəhərdə kiçik layihələrlə şagirdləri sevindirə bilərik”.

 

Növbəti qalib Səltənət Qurbanova öz növbəsində iştirakçılara uğurlar arzulayıb. “Göygöl rayon Çaylı kənd tam orta məktəbində çalışıram. Belə bir dəyərləndirməyə görə, təşkilatçılara öz təşəkkürünü bildirirəm. Bundan sonra da şagirdlərə faydalı müəllim olmağa çalışacağımı ümid edirəm”.

 

Digər qalib Səbinə Əsədova məktəblərində nəticələrin yaxşı oldğunu bildirib. “İmişli rayon 6 saylı orta məktəbində çalışıram. Məktəbdə nəticələrimiz yaxşıdır. İştirakçılara isə uğurlar arzulayıram”,- deyə o bildirib. .

 

Cəlilabad rayon Göytəpə şəhər 1 nömrəli tam orta məktəbinda çalışan Samirə Əmrahova da uğurlarından danışıb: “Məktəbmiz əslində böyükdür. Mindən çox şagirdimiz var. İmtahanlarda nəticələrimiz isə həmişə digər məktəblərdən fərqlənir. Məktəbdə fəaliyyətmiz də aktivdir. Şagirdləri marifləndirmək üçün müxtəlif layihələr həyata keçiririk”.

 

Gəncədən olan Leyla Camalzadə: “Bu qədər müəllimin içərisində bu müsabiqədə qalib olmağıma görə təşəkkür edirəm. Düşünürəm ki, məncə peşəmi sevdirmişəm. Mənim abituriyent şagirdlərim var ki, 600-dən yuxarı bal toplayıblar və Azərbaycan dili-Ədəbiyyat müəllimliyini seçiblər. Məni bir hal sevindirdi. Bir neçə müəllimlər onlara sən 600-dan yuxarı bal yığmısan niyə müəllimliyi seçirsən deyəndə dedi ki, "müəllimim üçün müəllim olmaq istəyirəm". Bu, müəllim üçün böyük uğurdur”.

 

Son olaraq gənc müəllim Kamil Kazımov təşkilatçılara təşəkkür edib: “Lerik rayon Vistən kənd tam orta məktəbində çalışıram. Şagirdlərimizin nəticələri yaxşıdır, daha da yaxşı olması üçün çalışırıq. Mən özüm də həmçinin Vətən müharibəsinin iştirakçısı olmuşam”.

 

Sonda iştirakçılara hədiyyələr təqdim edilib və Milli Məclisin iclas zalı ilə ilə tanışlıq olub.

 

Qeyd edək ki, Beynəlxalq “Global Teacher” müsabiqəsinin şərt və meyarlarını əsas götürən “İlin gənc müəllimi” müsabiqəsi üç turla həyata keçirilib. Birinci mərhələdə iştirakçılar müraciət formasını doldurublar. Hər bir müəllim şəxsən özü ona təqdim olunan sualları cavablandırıb. Daha sonra ilk 50 nəfər arasından 10 müəllim sonuncu mərhələyə keçib. Müsabiqənin ilk “10-luq”una daxil olan sorğu isə 1 fevral 2023-ci ildən 2 mart 2023-cü il saat 00.00-dək davam edib. Beləliklə, həm münsiflər heyətindən (80 bal), həm də saytda keçirilən səsvermədən (20 bal) ən yüksək bal toplayan 3 pedaqoq ümumi nəticə əsasında “İlin Gənc Müəllimi-2022” müsabiqəsinin qalibləri olub.