Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-12 13:19:00
İmtahana gedən valideyn övladına dəstək olur, göstək?..

Aprelin 2 və 9-da Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirildi.

AzEdu.az əməkdaşları olaraq buraxılış imtahanında müşahidəçi qismində iştirak etdik. İmtahan keçirilən məktəbin önündə övladını həyəcanla gözləyən valideynlərin izdihamı müşahidə olunurdu. Bu mənzərəni biz bütün imtahan binalarının önündə görə bilərik. Bəzi şagirdlərin hər iki, digərlərinin bir valideyni gəlmişdi, imtahanda heç bir yaxını olmadan tək iştirak edən yeniyetmələr də vardı.

Diqqətimizi çəkən digər məqamlar bəzi şagirdlərin imtahana bir neçə ailə üzvü ilə gəlməsi idi. Yəni bir şagirdi 2 yox, 4-5 nəfər müşayiət edirdi.

 

Bəs bu prosesdə valideynin iştirakı nə qədər əhəmiyyətlidir?

 

“Şagird öz seçdiyi, istədiyi sayda adamla imtahana getməlidir”.

 

Bunu AzEdu.az-a açıqlamasında Azərbaycan Psixologiya Akademiyasının (APAK) klinik psixoloqu Çinarə Kazımzadə deyib.

 

O bildirib ki, bəzi valideynlər məsələyə çox vaxt öz aspektlərindən baxırlar, amma uşağın şəxsi fikri nəzərə alınmalıdır:

 

“Valideynlər çox vaxt düşünürlər ki, imtahana getsə, daha yaxşı olar. Hətta bəzən övladı buna qarşı çıxanda, "mənim evdə həyəcandan ürəyim dayanar" deyənlər də olur. İmtahandan öncə şagirdlə mütləq bu məsələ müzakirə olunmalıdır. Əgər valideyn düşünürsə ki, övladı tək getsə sənədi itirər və ya imtahan binasını tapmaz, bu məsələ ilə bağlı övladına sakit bir tərzdə izahat verməlidir. Niyə onunla getmək istədiyini tam açıqlamalı və öz tövsiyələrini bildirməlidir”.

 

Psixoloq valideynlərin soyuqqanlığı qorumalı olduğunu da xüsusi qeyd edib:

 

“Şagirdi həyəcanlandıracaq vəziyyətlərdən qaçmalyıq. İmtahan məkanına gedən zaman valideynlər özlərinin çox həyəcanlı olduqlarını, qorxduqlarını bildirsələr, bu vəziyyət şagirdə də keçəcək”.