Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-11 14:16:00
Valideynlər yarımçıq xəyallarını övladlarının tamamlamasını istəyir - PSİXOLOQ

Hər imtahan nəticələri açıqlandıqdan sonra aşağı bal toplayan bəzi şagirdlərlə onların valideynləri arasında münasibətlərin pozulması halları baş verir. Valideynlər övladlarını təhqir edir, təzyiq göstərir, ruhdan salır, soyuq münasibət bəsləyirlər. Bu cür davranış isə dərslər, imtahan, ailəiçi problemlərdən onsuz da psixoloji olaraq təsirlənən yeniyetmələrə daha ağır zərbə  vurur. 

 

Azərbaycan Psixologiya Akademiyasının psixloqu Ezgi Şahin hər ilin imtahanlar dövründə qarşılaşdığımız bu problemlə bağlı AzEdu.az-a danışıbı.

 

“Hər şeydən əvvəl bunu qeyd etmək lazımdır ki, heç bir uşaq valideynin tələb etdiyi, xəyalını qurduğu balı toplamaq məcburiyyətində deyil. Hər uşağın öz potensialı var. Uşağa təzyiq göstərərək artığını tələb etmək səhv yanaşmadır”.

 

 

Psixoloq bəzi valideynlərin yüksək qazanc naminə övladlarının potensialını yanlış istiqamətə yönəltdiklərini düşünür.

 

“Ümumiyyətlə, işlədiyiniz peşədən yaxşı gəlir əldə etmək üçün çalışqan olmaq, işini düzgün şəkildə ustalıqla yerinə yetirmək, yeniliklər etmək lazımdır. Ancaq hazırkı dövrdə valideynlər elə düşünür ki, mütləq ya həkim, ya da hüquq işçisi olmaq lazımdır. Övladlarını yalnız texniki sahələrə yönəltməyə çalışırlar. İncəsənət sahəsinə həvəsi olan yeniyetmələr valideynlərinin təzyiqi ilə fərqli sahələrə yönəlmək məcburiyyətində qalırlar. Halbuki, incəsənət sahələrində də profesionallaşmaq, yaxşı gəlir əldə etmək mümkündür. Yönəldikləri sahəyə həvəsi olmadığı üçün də imtahandan az bal toplamaqları olduqca normaldır”.

 

Müsahibimiz valideynlərin ilk növbədə övladlarının potensialının istiqamətini müəyyənləşdirməli olduğunu tövsiyə edir.

 

“Valideynlər yarımçıq xəyallarını övladlarının tamamlamasını istəyir. Onları yüksək mövqelərə çatmağa zorlayır. Ancaq bu zaman övladlarının əsl potensialının hansı istiqamətdə olduğu ilə maraqlanmırlar.

 

Depressiya, özünə zərərvermə, intihara cəhd və s. kimi qlobal problemlərin əksəriyyəti məhz belə hallarla əlaqəlidir. Şagird imtahana daxil olan zaman üzərində valideynin təzyiqi olur. Valideynin tələbləri onların çiyinlərində bir yük olaraq qalır.

 

Əhəmiyyətli olan imtahanda yüksək bal toplamaq deyil, uşaqların yerdə qalan ömrü boyunca sevdikləri peşədə çalışıb həyatdan zövq almasıdır”.