Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-08 12:33:00
Rusiya  universitetində çalışan həmyerlimizin yeni nailiyyəti

Rusiyanın Aspekt-press nəşriyyatı tərəfindən həmyerlimiz, Rusiya Xalqlar Dostluğu Universitetinin baş müəllimi, tarix elmləri namizədi Ağazadə Mirmehdi Mirkamil oğlunun da həmmüəllifi və redaktoru olduğu “Böyük Aralıq dənizi beynəlxalq münasibətlərin formalaşmaqda olan alt sistemi kimi” monoqrafiyası çapdan çıxıb.

Azedu.az xəbər verir ki, kollektiv monoqrafiya həm nəzəri, həm də praktiki baxımdan Böyük Aralıq dənizi bölgəsində baş verən proseslərə həsr olunub, 4 hissədən, 10 fəsildən, 42 bənddən ibarətdir. Müəlliflər geosiyasi proqnozlar, dini amil, böyük və regional güclər, terrorizm, regional münaqişələr və enerji sahəsində əməkdaşlığın ətraflı təhlilini verməyə çalışıblar. Monoqrafiya Böyük Aralıq dənizi ölkələrinin xarici siyasəti, regional təhlükəsizlik sahəsində çalışan mütəxəssislər üçün nəzərdə tutulub.

Həmyerlimiz Mirmehdi Mirkamil oğlu Ağazadə Saatlı rayonunda anadan olub, Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin bakalavr pilləsini qırmızı diplomla bitirdikdən sonra Rusiya Xalqlar Dostluğu Universitetində təhsilini davam etdirib. Hazırda tarix elmləri namizədidir və qeyd olunan universitetin Humanitar və sosial elmlər fakültəsinin beynəlxalq münasibətlərin nəzəriyyəsi və tarixi kafedrasında baş müəllim işləyir. Onun İranda yaşayan azərbaycanlılar, İran-Azərbaycan münasibətləri, eləcə də Böyük Aralıq dənizinin beynəlxaq münasibətlər sistemində yerinə həsr etdiyi 20-ə yaxın elmi işi Rusiya və dünyanın aparıcı elmi jurnallarında nəşr olunub.