Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-22 11:14:00
Gələcək dahilərin  və nadir istedadların oxuduğu təhsil məkanları – Qəbul qaydaları, şərtlər...

Özəl və dövlət  liseylərində tədris orta məktəblərlə müqayisədə bir qədər fərqlənir. Onların əksəriyyəti yuxarı sinif şagirdlərinin təmayülləşməsi və texniki imkanları  ilə digərlərindən seçilir.

AzEdu.az liseylərin bir neçəsi haqda məlumat və  onlara qəbul qaydalarını təqdim edir:

Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyası Sabunçu rayonu, Qaraçuxur qəsəbəsində yerləşir. Bura qəbul imtahanı Azərbaycan dili, Riyaziyyatvə Məntiq fənləri üzrə olmaqla, V sinifdən başlayaraq aparılır. Təhsilin ödənişsiz olduğu məktəbə sənəd qəbulu aprel, qəbul imtahanı isə  may aylarında keçirilir.

Gimnaziyaya qəbul imtahanında iştirak etmək istəyən şagirdlər bunun üçün şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamə, 4 ədəd 3X4 foto təqdim etməlidirlər.

Gimnaziyada təhsillə bərabər, şagirdlər üçün yemək və yataqxana da ödənişsizdir. Yeni qəbul olunan şagirdlərin məktəbli formaları üçün isə müəyyən qədər ödəniş etmək lazım gəlir.

Burada əsas xarici dil ingilis və ərəb dili olsa da, fransız və rus dilləri də tədris olunur. Məktəbin rejiminə əsasən, dərs saatlarından sonra şagirdlərin tərbiyə saatları başlanır. Şənbə günləri əcnəbi dildə danışıq klublarının təşkili də buranın üstün cəhətlərindəndir. Gimnaziya daxilində müxtəlif klub və dərnəklər fəaliyyət göstərir.

Kimya-Biologiya Təmayülü Respublika Liseyi və Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyə qəbul şərtləri eynidir. Bura qəbul imtahanı da Azərbaycan dili, Riyaziyyat və Məntiqdən keçirilir.

Kimya-Biologiya Təmayülü Lisey daha çox IV, digəri isə I ixtisas qrupu üzrə imtahan verəcək şagirdlər üçün nəzərdə tutulub. Buna baxmayaraq liseydə digər  ixtisas qrupları üzrə yüksək nəticə göstərənlər də az deyil.

Hər iki liseydə istedadlı şagirdlərin təhsili üçün fərqli proqramlar tətbiq olunur, onlar keyfiyyətli təhsillə təmin edilirlər. Zəruri maddi-texniki baza ilə təchiz ediliblər. Tədris yüksək texnologiyaların tətbiqi ilə həyata keçirilir. İstedadı ilə seçilən məktəblilərin yerli və beynəlxalq olimpiadalara hazırlanması üçün müvafiq mərkəzlər fəaliyyət göstərir.

Bununla yanaşı, liseylərdə kimya, fizika və biologiya laboratoriyalarında praktiki iş şansı, texniki avadanlıqlar ilə zəngin kabinetlər, zəngin kitabxana, ödənişsiz  yataqxana imkanı, dövlət hesabına qidalanma, açıq və qapalı idman meydançaları, şagirdlərin hərtərəfli inkişafına imkan yaradan unikal proqramlar mövcuddur.

Məktəbə yüksək balla qəbul olunan şagirdlər xüsusi olimpiada siniflərində təhsil alaraq müxtəlif müsabiqələr üçün hazırlanır.

Sənədlərin qəbulu Təhsil Nazirliyi qəbul elan etdikdən sonra liseylərdə aparılır. Bundan əlavə, sənədlərin elektron şəkildə qəbulu da tətbiq olunur.

Tələb olunan sənədlər isə bunlardır:

Doğum haqqında şəhadətnamə və ya şəxsiyyət vəsiqəsinin surəti;

2 ədəd 3X4 ölçülü fotoşəkil;

Heydər Əliyev adına lisey 2004-cü ilin sentyabrından fəaliyyətə başlayıb. Lisey 4 korpusdan ibarət 3 mərtəbəli yüksək səviyyədə maddi texniki təchizatı olan binada yerləşir. Bütün avadanlıqlar Türkiyədən gətirilib. Liseydə zəngin laboratoriyası olan fizika, kimya, və biologiya kabinetləri, kompüter zalı, kitabxana, daxildə iki örtülü idman zalı, liseyin həyətində süni örtükdə örtülən voleybol, basketbol və futbol meydançaları mövcuddur.

Təhsil müəssisəsinə şagirdlərin I sinifdən qəbulu müsahibə yolu ilə, II-XI siniflərə isə test sorğusu əsasında yazılı aparılır. İl ərzində liseydə oxuyan şagirdlərlə 2 dəfə: dekabrda I yarımilə aid, mayda isə ilin proqram materialını əhatə edən test sorğusu keçirilir. Proqram materialını mənimsəməyən şagirdlər Elmi Metodik Məclisin qərarı ilə liseydən xaric edilir.

Liseydə ingilis dili I sinifdən tədris edilir. Şagirdlər VIII sinifdən başlayaraq riyaziyyat, təbiət elmləri və humanitar təmayüllü sinilərdə təhsil alırlar. Təmayülə uyğun fənlər isə dərinləşdirilmiş proqram əsasında tədris olunur. Ardı var...

 

 

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları