Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-07 10:00:00
İmtahana hazırlaşan müəllimlərə psixoloq TÖVSİYƏSİ

Şagirdlər və tələbələr kimi, müəllimlər də imtahanlara hazırlaşırlar. İstər müəllimlərin işə qəbulu olsun, istərsə də sertifikasiya imtahanı, onlar da ən azı şagirdlər və tələbələr qədər stress yaşayırlar. Çünki onların da üzərində həddindən artıq məsuliyyət var. İmtahan dönəmində müəllimlər öz psixologiyasını da düşünməlidir. 

 

Azərbaycan Psixologiya Akademiyasının psixoloqu Çinarə Kərimzadə AzEdu.az-a açıqlamasında imtahana hazırlaşan bütün müəllimlər üçün müxtəlif psixoloji metodlar tətbiq etməyi vacib sayıb.  

 

Psixoloq stress vəziyyətinin normal olduğunu qəbul etməyin vacibliyini vurğulayıb.

 

“Öncə yaşından, kimliyindən asılı olmayaraq hər kəs stressin normallığını qəbul etməlidir. İnsanların  stress hissinə qapılması normal bir haldır. Bəzən stress keçirməyə başladıqlarında özlərini günahlandırır və vəziyyətdən şikayət edirlər. Bu zaman stress səviyyəsi daha da yüksələ bilir.

 

Bu zamana qədər uğurlu olduqları hadisələri, yaxşı nəticələnən imtahanları özlərinə xatırlatsınlar. Çünki müəllimlik adını qazanana qədər abituriyentlərə nisbətdə daha çox imtahan keçiriblər. Bu anları və qazandıqları uğurları özlərinə xatırlatsınlar. Bəs bunu necə edə bilərlər?

 

Bir vərəq götürüb indiyə kimi özləri ilə qürur duyduqları, uğurla nəticələnən, gördükləri şərəfli bir işi, bacarıqlarını qeyd etsinlər. Yazıb bitirdikdən sonra ya səsli şəkildə oxusunlar, ya da yazmaq yerinə uğurlarından danışdıqları səs qeydi götürüb ona qulaq assınlar”. 

 

Müsahibimiz, müəllimlərə imtahana hazırlaşıdıqları dövrüdə ətrafdakı neqativ yüklü insanlardan uzaqlaşmağı tövsiyə edir.

 

“İmtahana hazırlaşdıqları dönəmlərdə onlara mənfi təsir göstərən insanlardan uzaq gəzsinlər. Çünki bəzən görürük ki, yaşından asılı olmayaraq ətrafdakı hər hansı bir insan elə bir fikir səsləndirir ki, bu stressinizi daha da artırır, sizi ruhdan salır. Motivasiyanızı yüksək tuta bilmək məqsədilə bu insanlarla daha az kontaktda olun. Motivasiyanızı artıracaq, sizin vəziyyətinizi anlayışla qarşılayıb dəstək olacaq insanlarla əlaqədə olun”.  

 

Psixoloq müəllimlətə tövsiyə edib ki, yorulduqda sevdiklərinizlə, heyvanlarla, təbiətlə vaxt keçirməyə çalışın:
 

“Yorulduğunuzu hiss etdikdə olduğunuz mühitdən uzaqlaşmağa çalışın. Bu arada sevdiklərinizlə, heyvanlarla, təbiətlə vaxt keçirin. Beyniniz bir az da olsa çətinlikləri, stressi unutsun. Təbiətlə vaxt keçirəcək bir yerdə yaşamırsınızsa, dibçəyə gül əkməyin belə böyük təsiri ola bilər. Bu məlumdur ki, torpaqla məşğul olmaq stressi azaldır. Bundan əlavə hansısa hobbiniz varsa, fikirlərinizi dağıtmaq üçün onunla da məşğul ola bilərsiniz. 

Hansısa fizioloji problem varsa, məsələn, təzyiq, şəkər və s. stressin bunlara təsiri ilə bağlı həkimlə məsləhətləşmək olar.

Nə zaman daha məhsuldar hazırlaşdığınızı müəyyənləşdirin. Bu, hər insan üçün günün fərqli saatı ola bilər. Buna əsaslanaraq özünüz üçün hazırlıq proqramı hazırlaya bilərsiniz”.