Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-04 17:01:52
Texniki Universitetdə yeni laboratoriya açılacaq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə Azərbaycan Texniki Universiteti (AzTU) və "Nokia" şirkəti arasında yeni laboratoriyanın təsis olunmasına dair müqavilə imzalanıb.

 

AzEdu.az xəbər verir ki, müqaviləyə əsasən, Universitetin radiotexnika və telekommunikasiya fakültəsində "Nokia"nın tam təchiz etdiyi yeni laboratoriya açılacaq. Bu gün tərəflər arasında baş tutan görüşdə Agentliyin sədr əvəzi İnarə Vəliyeva, Universitetin rektoru Vilayət Vəliyev, "Nokia"nın Azərbaycan üzrə rəhbəri Massimiliano Volpe iştirak edib. Görüşdə yeni laboratoriyanın ölkənin texnoloji inkiafında əhəmiyyətindən söz açılıb, burada yaradılacaq şərait, görüləcək işlərlə bağlı məlumat verilib.

 

İ.Vəliyeva yeni laboratoriyanın yaradılmasını irəliyə doğru mühüm addım kimi qiymətləndirib: "Məqsədimiz ilk olaraq universitet daxili tədqiqat və inkişaf mərkəzlərin formalaşdırılması, eləcə də yeni növ tələblərə cavab verən texniki avadanlıqların iş prinsipi ilə tanışlıq və tətbiq imkanlarının artırılmasını təmin etməkdir. Ümid edirik ki, bu əməkdaşlığın nəticələri bütövlükdə cəmiyyətə fayda verə biləcək yeni həllərin və texnologiyaların inkişaf etdirilməsi üçün geniş imkanlar yaradacaq".

 

V.Vəliyev isə AzTU-nun ölkənin qabaqcıl texnologiya universitetinə çevrilməsi üzrə görülən işlərdən danışaraq, açılacaq laboratoriyanın bu istiqamətdə yaradacağı fürsətlərə diqqət çəkib.

 

M.Volpe isə şirkətin ölkəmizdə gördüyü işlərdən danışıb, laboratoriyada istifadəyə veriləcək avadanlıqlar, tətbiq olunan texnologiyalar barədə məlumat verib.

 

İlkin mərhələdə universitetin radiotexnika və telekommunikasiya fakültəsinin 800-ə yaxın tələbəsinə, müəllim heyətinə avadanlıqlardan düzgün istifadə qaydalarına dair təlimatlar veriləcək. “Nokia”nın ekspertlərinin iştirakı ilə mütəmadi olaraq təlimlər baş tutacaq. Eyni zamanda, laboratoriya yerli şirkətlərə açıq olacaq ki, bununla da şirkətlər avadanlıqlar üzərində sınaq və təcrübə prosesləri həyata keçirə biləcəklər.